Eyvanı artırıb otaq edənləri

Köhnə binalarda tez-tez rast gəlinən eyvan artırmaları, xüsusilə aşağıdan dəmir konstruksiyalarla genişləndirmələr qanunvericiliyə görə özbaşına edilə bilməz.

Azərbaycan qanunlarına əsasən, binanın fasadına və ümumi konstruksiyasına müdaxilə sayılan bu cür dəyişikliklər yalnız müvafiq icra hakimiyyəti orqanlarının razılığı və təsdiqlənmiş layihə əsasında həyata keçirilə bilər. Əks halda, bu, qanunsuz tikinti və ya yenidənqurma kimi qiymətləndirilir.

Mənzil Məcəlləsi və Şəhərsalma və Tikinti Məcəlləsi-nə görə, yaşayış binalarında aparılan hər hansı yenidənqurma və ya əlavə tikinti digər sakinlərin hüquqlarını pozmamalı, həmçinin binanın təhlükəsizliyinə xələl gətirməməlidir. Eyvanların özbaşına böyüdülməsi isə həm estetik görünüşü korlayır, həm də konstruktiv risklər yarada bilər. Buna görə də belə hallara nəzarət edilir və şikayət əsasında yoxlamalar aparıla bilər.

Qanunsuz artırma edən şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə (Özbaşına tikinti işlərinin aparılması) əsasən, tikintisinə icazə tələb olunan obyektlərin icazəsiz inşasına görə cərimələr gözləyir.

Belə ki, bu cür hallarda fiziki şəxslər üçün 500 manatdan 1 000 manatadək cərimə nəzərdə tutulur. Vəzifəli şəxslər üçün bu məbləğ 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər üçün isə 3 000 manatdan 5 000 manatadək ola bilər.

Bundan əlavə, müvafiq qurumlar tərəfindən qanunsuz artırmanın sökülməsi də tələb oluna bilər.

Nəsimi Ələsgərli