Yeni proqram Azərbaycan məhsullarının dünya bazarlarına çıxışını gücləndirəcək

Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" ölkənin aqrar sektorunun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Dövlət Proqramı ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, yerli istehsalın artırılması, ixrac imkanlarının genişləndirilməsi və kənd yerlərində məşğulluğun yüksəldilməsi kimi strateji məqsədləri özündə ehtiva edir.

Son illərdə aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olub. Kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, suvarma sistemlərinin genişləndirilməsi və emal sənayesinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər sektorun dayanıqlı inkişafı üçün mühüm zəmin formalaşdırıb. Yeni Dövlət Proqramı da məhz bu istiqamətdə görülən işlərin davamı kimi qiymətləndirilir.

Sənəd aqrar istehsalın bütün zəncirini - istehsaldan emala, logistikadan ixraca qədər olan mərhələləri əhatə etməklə yanaşı, özəl sektorun fəal iştirakını da nəzərdə tutur. Proqramın uğurlu icrası Azərbaycanın kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlardakı mövqeyini daha da gücləndirəcək, regionların sosial-iqtisadi inkişafına əlavə töhfə verəcək və kənd təsərrüfatının rəqabət qabiliyyətini artıracaq.

Mövzu ilə bağlı Day.Az-a açıqlamasında Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sahəyə göstərdiyi davamlı diqqət və dəstək nəticəsində qəbul edilmiş Dövlət Proqramı yüksək qiymətləndirilir.

Onun sözlərinə görə, sənədin hazırlanması zamanı dövlət qurumları, assosiasiyalar və istehsalçılar arasında çoxsaylı müzakirələr aparılmış, sektorun real ehtiyac və təklifləri nəzərə alınıb:

"Xüsusilə meyvə-tərəvəz və istixana sektorunun inkişafı, ixrac potensialının genişləndirilməsi, yeni bazarlara çıxış imkanlarının artırılması və müasir texnologiyaların tətbiqi ilə bağlı hədəflər böyük əhəmiyyət daşıyır. İnanırıq ki, proqram Azərbaycanın meyvə-tərəvəz sektorunun mövcud ixrac potensialından daha səmərəli istifadə edilməsinə, beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə və kənd yerlərində dayanıqlı iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verəcək", - deyə o bildirib.

Nəsimi Ələsgərli