Ağcabədidə aqrar sahənin inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunur

İyunun 16-da Ağcabədi rayonunda Qarabağ iqtisadi rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsinə həsr olunmuş regional müşavirə keçirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, tədbir Prezident İlham Əliyevin 2026-cı il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqların icrası, həmçinin Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, operativ və səmərəli şəkildə həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.

Müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, eləcə də Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarından olan fermerlər iştirak edirlər.

Tədbirdə Dövlət Proqramının əsas hədəfləri, aqrar istehsalın inkişafı, emal sənayesinin genişləndirilməsi, balıqçılıq və akvakultura sahələrində perspektivlər, həmçinin regionlarda həyata keçiriləcək tədbirlər müzakirə olunur.