Bakıda "Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu" mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO

9 октября 2015 11:13

Bakıda Azərbaycanda ilk dəfə olaraq "Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu" (Yardımçı reproduktiv texnologiyalar) mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Trend xəbər verir ki, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət qurumları, QHT nümayəndələri və jurnalistlərin iştirakı ilə keçirilən konfransda indiyədək bu sahədə görülən işlər, dünyada və Azərbaycanda əldə olunmuş nailiyyətlər barədə geniş müzakirələr aparılıb, məlumatlar verilib.

Konfransı açan Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyasının sədri, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova çıxış edərək Azərbaycanda sonsuzluğun müalicəsində müasir texnologiyaların rolundan danışaraq tədbirin milli genefondumuzla bağlı və ailələrdə sonsuzluq probleminin həlli yolları üzərində çalışan mütəxəssislərin dünyada aparılan tədqiqatların, yeniliklərin məlumatlandırılması və mütəxəssislərin bir araya gətirilməsi, ictimaiyyətin maarifləndirilməsi baxımından çox əhəmiyyətli olduğunu bildirib.

O bu sahədə Mərkəzi Klinik Xəstəxananın xeyli iş gördüyünü və ən müasir texnologiyalardan istifadə etməklə xəstələrə xidmət göstərdiyini qeyd edib. Daha sonra Mərkəzi Klinikanın Mama-ginekalogiya şöbəsinin müdiri, tibb elmləri namizədi Mahirə İsmayılova Azərbaycanda sonsuzluq probleminin həlli və yardımçı reproduktiv texnologiyalardan istifadənin tarixindən danışıb. O, Azərbaycanda bu sahənin inkişafı mərhələsi, imkanları və son nailiyyətlərindən danışaraq Mərkəzi Klinik Xəstəxananın sonsuzluğun müalicəsi istiqamətində gördüyü işlərə toxunub. Şöbə müdiri Mərkəzi Klinik Xəstəxanada sonsuzluğun müalicəsi ilə bağlı hər cür şəraitin olduğunu və bu istiqamətdə də ən son elmi nailiyyətlərdən istifadə edildiyini vurğulayıb.

Türkiyənin tanınmış mütəxəssislərindən olan İstanbul Kemerburqaz Universitetinin mütəxəssisi prof. dr. Kadir Savan isə çıxışında konfransın təşkilatçılığına görə Mərkəzi Klinik Xəstəxanaya təşəkkür edib, bu cür tədbirlərin önəmini vurğulayıb. Türkiyəli qonaq EKO-nun (ekstra korporal mayalanma) tətbiqi mövzusundan bəhs edib və bu barədə geniş məlumat verib. Geniş informasiya mübadiləsi şəraitində keçən konfransda xaricdən dəvət olunmuş aparıcı mütəxəssislər də iştirak ediblər.

Qeyd edək ki, konfransın əsas məqsədi sonsuzluğun müalicəsi sahəsində ictimaiyyəti geniş məlumatlandırmaq və peşəkar mütəxəssisləri bir araya gətirməkdir.