Prezident İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası bizim ailəmizdir

Prezident İlham Əliyevin Milli Məclisdə prezident seçkilərindən sonra inaqurasiya mərasimində qeyd etdiyi kimi, türk dünyası bizim ailəmizdir.

Day.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

H.Hacıyevin sözlərinə görə, bu gün biz əminliklə deyə bilərik ki, Türk dünyası həqiqətən də bizim ailəmizdir:

"Bunu Türk dünyasından olan qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının bir araya gəlməsi bir daha sübut edir. Bu ailə güclənir, bu ailə möhkəmlənir və həmrəyliyimiz günü-gündən artır.

O xatırladıb ki, türk dövlətlərinin rəsmi qurumları arasında müxtəlif sahələr üzrə - 34 istiqamətdə - əməkdaşlıq formatları mövcuddur.

"Lakin bu günədək qeyri-hökumət təşkilatlarını bir araya gətirən xüsusi bir format olmayıb. Məhz bu səbəbdən, bu gün böyük sevinc hissi ilə qeyd edə bilərik: İnsanlararası əlaqələrin vacib həlqəsi və hərəkətverici qüvvəsi olan qeyri-hökumət və vətəndaş cəmiyyəti institutları ilk dəfə olaraq bir araya gəlib və bu yeni əməkdaşlıq formatının təməlini qoyublar".