Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçirilib

Bakıda SPE (Society of Petroleum Engineers) tərəfindən təşkil edilən 2025 Xəzər Texniki Konfransı keçirilib.

Day.Az xəbər verir ki, builki konfrans ev sahibi SOCAR-ın dəstəyi ilə keçirilir və "Keçmişdən öyrənirik, bu günü yeniləyirik, gələcəyi ilhamlandırırıq" mövzusu altında birləşdirilib.

Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib ki, Xəzər hövzəsi bu gün də dünyanın texniki baxımdan maraqlı və strateji əhəmiyyətli regionlarından biri olaraq qalır.

O qeyd edib ki, Azərbaycan artıq bir əsrdən çoxdur ki, qlobal neft-qaz sənayesində mühüm rol oynayır:

"Dünyanın ilk sənaye neft quyusunun məhz Azərbaycanda qazılması, dənizdə hasilat texnologiyalarının burada sınaqdan keçirilməsi və neçə-neçə mühəndis nəslinin öz karyerasını bu torpaqlarda qurması təsadüfi deyil. Xəzər hövzəsi bu gün də dünyanın texniki baxımdan maraqlı və strateji əhəmiyyətli regionlarından biri olaraq qalır.

Buradakı layihələr, tərəfdaşlıqlar və peşəkar insanlar qlobal sənaye təcrübəsini bir çox cəhətdən formalaşdırıb və gələcək üçün də dəyərli dərslər təqdim etməyə davam edir".

Vitse-prezident vurğulayıb ki, xüsusilə Xəzər regionunda aktivlərin böyük hissəsi artıq yetkin mərhələdədir və yeni yanaşmalar tələb edir:

"Azərbaycan və daha geniş Xəzər hövzəsindəki bir çox yataqlar onilliklərdir hasilatdadır, lakin onlar hələ də enerji təhlükəsizliyi, iqtisadi sabitlik və regionun gələcəyi üçün həlledici rol oynayır. Bu yataqları məhsuldar saxlamaq üçün yeni ideyalara, müasir texnologiyalara, yeni bacarıqlara və mövcud imkanlardan daha çox dəyər yaratmaq qabiliyyətinə ehtiyacımız var".

BCG Azərbaycanın İdarəedici direktoru və tərəfdaşı Vladimir Roqov isə çıxışında bildirib ki, son beş ildə paralel olaraq baş verən proseslərə nəzər saldıqda, sənayenin istiqamətinin dəyişdiyi görünür:

"Şirkətlər prioritetlərini dəyişərək səhmdarların gəlir ödənişlərinə üstünlük verməyə, reinvestisiya səviyyəsini isə azaltmağa başladılar. Bu ödənişləri davamlı saxlamaq zərurəti CAPEX xərclərinə əlavə təzyiq yaradır və nəticədə kapital qoyuluşu uğrunda rəqabəti daha da gücləndirir. Buna görə də, əgər Xəzər regionu bu investisiyaları cəlb etmək istəyirsə, biz həmin kapitalın digər coğrafiyalara deyil, məhz buraya yönəlməsi üçün uyğun şərait yaratmalıyıq. Enerji keçidi fonunda investorların gözləntiləri də dəyişib: maneə faizləri (hurdle rates) yüksəlir, investisiyalar əvvəlki onilliklərlə müqayisədə daha yüksək risk kimi qiymətləndirilir və investorlar həm daha sürətli, həm daha yüksək gəlir tələb edirlər. Bu isə layihələrə əlavə təzyiq göstərir və daha müasir texnologiyaların tətbiqini, həmçinin bütün ekosistemin daha böyük səylə prosesə cəlb olunmasını tələb edir.

Çünki digər regionlardan fərqli olaraq, Xəzər hövzəsində investisiya aktivliyi bu onilliyin əvvəlindən etibarən nisbətən zəifləyib. Halbuki əvvəlki onillikdə regionun payına digər bölgələrlə müqayisədə daha yüksək həcmdə CAPEX düşürdü. Bu onillikdə isə həm Qazaxıstanda, həm də Azərbaycanda böyük layihələr əsasən tamamlanaraq hasilat mərhələsinə keçdiyi üçün investisiya səviyyəsi azalıb. Hazırda investisiyalar əvvəlki dövrə nisbətən təxminən 50% aşağıdır və mövcud planlara əsasən növbəti onillikdə də daha aşağı səviyyədə qala bilər".

O bildirib ki, neft ehtiyatları dünya üzrə yalnız 2% təşkil etsə də, qlobal qaz ehtiyatlarının 10%-i məhz bu regiondadır.

Daha sonra çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Ciovanni Kristofoli qeyd edib ki, "Mərkəzi Azəri" platformasında region üzrə bp-nin ən uzun horizontal quyusunu qazırıq - 1.1 km horizontal hissə, innovativ qum filtri ilə.

Onun sözlərinə görə, sualtı boru kəmərlərinin yoxlanılması üçün yeni nəqliyyat vasitələri, robotlar, dronlar tətbiq edilir:

"Obyektlərin optimal işləməsi üçün rəqəmsal əkizlərdən istifadə edirik. Çünki yataqların istehsalı azaldıqca, üst qurğuda təzyiqi cəmi 1 bar (10 psi) artırmaq belə hasilata ciddi təsir edir. Bu isə xırdalığa qədər dəqiq optimallaşdırma tələb edir. Burada da rəqəmsal texnologiyalar əsas rol oynayır. Yekun olaraq, coğrafiya heç vaxt əngəl deyil. Əngəl yalnız liderlik çatışmazlığı ola bilər. Amma bizdə həm ehtiyac var, həm də texnologiyaya açıq düşüncə tərzi. Bu isə bizi gələcək inkişaf üçün çox güclü mövqeyə gətirir".

İki gün davam edəcək konfransda iştirakçıları rəqəmsallaşma, süni intellektin tətbiqi, yataqların səmərəliliyinin artırılması, eləcə də təhlükəsizlik və dayanıqlı təchizat məsələləri üzrə müzakirələr gözləyir - bunlar regional energetikanın inkişafını müəyyən edən əsas istiqamətlərdir.

Proqramda SPE-nin regional mükafatlarının təqdimatı, iki yüksək səviyyəli plenar sessiya və iyirmidən çox tematik bölmə yer alır. Burada həm praktiki nümunələr, həm də analitik məruzələr səsləndirilir.

Spikerlər arasında ən böyük beynəlxalq şirkətlərin və tədris mərkəzlərinin nümayəndələri də olacaq.
Eyni zamanda texnoloji sərgi fəaliyyət göstərəcək, burada şirkətlər yeni alətlərini, mühəndislik həlləri və gələcəkdə sahənin simasını formalaşdıracaq işləmələrini təqdim edəcəklər.

Qeyd edək ki, SPE (neftçilər-mühəndisləri cəmiyyəti) 146 ölkədən 132 min mütəxəssisi birləşdirən beynəlxalq təşkilatdır. SPE peşəkar standartları inkişaf etdirir, təhsil proqramları yaradır, sahəvi icmaları dəstəkləyir və bilik mübadiləsi üçün platforma rolunu oynayır. SPE-nin ofisləri Kalqari, Dallas, Dubay, Hyuston və Kuala-Lumpurda fəaliyyət göstərir.