Arxadan vuran hər sürücü günahkardırmı? Day.Az представляет новость на азербайджанском языке.

Çoxları elə düşünürlər ki, günah həmişə arxadan vurandadır, amma...

Sürücülərimiz arasında formalaşmış yanlış təcrübələrdən biri də eyni istiqamətdə bir-birinin ardınca hərəkətdə olan nəqliyyat vasitələrinin toqquşması zamanı təqsir məsələsi ilə bağlıdır. Belə hallarda sürücülərimizin əksəriyyəti düşünürlər ki, arxadan vuran sürücü təqsirkardır. Bəri başdan qeyd edirəm ki, bu, heç də həmişə belə deyil.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tipik yol nəqliyyat hadisələrini nəzərə almaqla bir-birinin ardınca gedən nəqliyyat vasitələrinin toqquşması, yəni bir avtomobilin arxadan digər avtomobilə çırpılması zamanı təqsirlə bağlı üç vəziyyətin olduğunu deyir:

1. Təqsirin yalnız arxadan vuran sürücüdə olması;

2. Qarşılıqlı təqsirin olması, yəni hər iki sürücünün təqsirli olması;

3. Təqsirin yalnız qabaqda gedən (vurulan) sürücüdə olması.

Təcrübədə bu hallardan hansına daha çox rast gəlindiyini söyləmək o qədər də asan deyil. Amma təəssüf ki, yol nəqliyyat hadisələrinə hüquqi qiymət verən bəzi səlahiyyətli şəxslərin fəaliyyətində yaranmış yanlış təcrübə səbəbi ilə statistikada birinci hal daha çox görünür. Bu səbəbdən çoxları elə düşünür ki, günah həmişə arxadan vurandadır.

Göstərilən halların hər birini bir qədər ətraflı nəzərdən keçirək.

Birinci hal, yəni təqsirin yalnız arxadan vuran sürücüdə olması o deməkdir ki, qabaqda gedən sürücü yol hərəkəti qaydalarını pozmur, arxadan vuran sürücü isə konkret qaydanı pozaraq öz avtomobilini qabaqdakı avtomobilə çırpır. Belə qəzalar daha çox arxadan vuran sürücünün ara məsafəsinə dair tələbləri, müəyyən manevrlərin tələblərini pozması, yaxud sadəcə olaraq yol hərəkəti şəraitinə nəzarət etməməsi səbəbindən baş verir. Sürücü nəzərə almalıdır ki, yol hərəkəti qaydaları ara məsafəsinin konkret kəmiyyətini müəyyən etmir. Qaydaların tələblərinə əsasən, sürücü ara məsafəsini konkret hərəkət şəraitinə uyğun seçməli və elə etməlidir ki, qabaqdakı nəqliyyat vasitəsi hətta qəflətən tam dayandıqda da ona çırpılmadan öz avtomobilini dayandıra bilsin. Sürücü müxtəlif manevrlərin qaydalarını pozmaqla da qabaqda gedən nəqliyyat vasitəsini vura bilər. Məsələn, daha yüksək sürətlə ötmə və ya zolaqda yerdəyişmə edən sürücü ötmə üçün istifadə edəcəyi hərəkət zolağına çıxarkən və ya ötmədən sonra əvvəlki hərəkət zolağına qayıdarkən, yaxud yanaşı zolağa yerdəyişmə edərkən qabaqda nisbətən asta sürətlə gedən nəqliyyat vasitəsini vura bilər.

Belə hallarda həm müvafiq manevr qaydaları pozulur, həm də ara məsafəsinə dair tələblər pozulur. Odur ki, sürücülər ötmə, zolaqları dəyişmə kimi manevrlər edərkən düzgün sürət rejimi seçməli və qabaqda asta gedən nəqliyyat vasitələrini nəzərə alaraq təhlükəsiz ara məsafəsini də gözləməlidirlər. Arxadan vuran sürücünün təqsirinin ən kobud və aşkar təzahürü isə bu sürücünün hərəkət şəraitinə nəzarət etməməsi (məsələn, sükan arxasında mürgüləməsi, qabağa baxmaması və s.) səbəbindən, habelə texniki nasazlıq (məsələn, arxada gedən sürücünün avtomobilinin tormozunun işləməməsi) səbəbindən baş verən qəzalar ola bilər. Belə hallarda da birmənalı olaraq arxadakı sürücü təqsirkardır, çünki qabaqda gedən sürücü heç bir qayda pozuntusu törətmir.

İkinci hal, yəni qarşılıqlı təqsir o deməkdir ki, hər iki sürücü yol hərəkətinin bu və ya başqa qaydasını pozub və bunun nəticəsində qəza baş verib. Belə hallar da kifayət qədər geniş yayılmışdır. Təcrübədə qarşılıqlı təqsirin olması yenə də arxadan gələn sürücünün ara məsafəsinə dair tələbləri, müxtəlif manevrlərin qaydalarını pozması, habelə yola nəzarət etməməsi ilə bağlı ola bilər. Qabaqdakı sürücünün təqsiri isə həmin yerdə yol verilməyən manevrləri etməkdə (məsələn, dayanma və durmanın qadağan olduğu yerdə qəflətən dayanma; sağa, sola və ya geriyə dönmənin qadağan edildiyi yerdə belə manevrlər etmə və s.), yaxud yol verilən manevrin qaydalarını pozmada (məsələn, sola, sağa və ya geriyə dönərkən dönmə siqnalı verməmə və s.), lüzumsuz yerə qəflətən sərt tormozlanma etməkdə, habelə nəqliyyat vasitəsindəki texniki nasazlıqda ifadə oluna bilər.

Bu kimi hallarda qabaqda gedən sürücünün konkret qaydanı pozması arxadakı sürücü üçün çətin vəziyyət yaradır və arxadakı sürücü düzgün ara məsafəsi seçmədiyinə görə qəza baş verir. Ən maraqlı hal qabaqda gedən nəqliyyat vasitəsinin texniki nasazlığı - onun stop-siqnallarının (tormoz işıqlarının) yanmaması ilə bağlı ola bilər. Qabaqda gedən nəqliyyat vasitəsinin tormoz işıqları yanmadığına görə onun tormozlanmasını vaxtında dərk edə bilməyən sürücü qəza vəziyyətinə düşmüş olur. Lakin yol hərəkəti qaydalarının tələbinə əsasən, arxada gedən sürücü elə ara məsafəsi seçməlidir ki, belə halda da qəzadan yayına bilsin. Odur ki, bu səbəblə baş vermiş qəzada həm qabaqda gedən, həm də arxadan gələn sürücü təqsirkar sayıla bilər. Nəzərə almaq lazımdır ki, yol hərəkəti qaydalarına, nişanların və svetoforun tələblərinə riayət etmək üçün, yaxud yolda qəflətən yaranan (gözlənilməz) maneəni vurmamaq üçün sərt tormozlanma edən sürücü qaydaları pozmur. Ona görə də belə halda təqsir yalnız arxadan vuran sürücüdə olacaqdır.

Üçüncü hal, yəni təqsirin yalnız qabaqda gedən sürücüdə olması o deməkdir ki, arxada gedən sürücü heç bir qaydanı (o cümlədən ara məsafəsinə dair tələbi) pozmur. Qabaqdakı sürücü isə konkret qayda pozuntusu törədərək qəza şəraiti yaradır. Belə hal daha çox yolətrafı ərazidən, o cümlədən yolun kənarından yola daxil olaraq hərəkətə başlama, habelə ötmə və zolaqda yerdəyişmə manevrlərinin edilməsi ilə bağlı ola bilər.

Ölkəmizin yollarında belə qayda pozuntuları çox geniş yayılmışdır. Bir-birinin ardınca gedən nəqliyyat vasitələrinin sürətini, onlar arasındakı məsafəni, habelə yol hərəkəti şəraitinin digər elementlərini nəzərə almayan sürücü qəflətən hərəkət zolağında yerdəyişmə edərək iki nəqliyyat vasitəsinin arasına keçir. Bununla araya keçən nəqliyyat vasitəsi arxadan gələn üçün qəza şəraiti yaradır, çünki belə hallarda ara məsafəsinə dair tələb süni şəkildə, özü də qəflətən yerdəyişmə edən sürücünün manevri səbəbindən pozulmuş olur. Məsələn, svetofora və ya piyada keçidinə, yaxud hər hansı bir maneəyə az qalmış sürücü zolaqda yerdəyişmə edərək iki avtomobilin arasına keçir. Bu manevrdən dərhal sonra ən qabaqdakı nəqliyyat vasitəsi qaydalara uyğun olaraq tormozlanır. Araya keçən sürücü də tormozlanma etməyə məcbur olur. Lakin ondan arxada gələn sürücü tormozlanma etsə də, araya keçməklə ara məsafəsini süni şəkildə pozmuş nəqliyyat vasitəsini vurmaqdan yayına bilmir. Belə halda arxadan vuran sürücünün heç bir təqsiri yoxdur və təqsir tam olaraq zolaqda yerdəyişmə edən sürücünün üzərinə düşür. Oxşar vəziyyəti zolaqda qəflətən yerdəyişmə edərək arxadan gələn nəqliyyat vasitəsinin qabağına keçən və daha sonra yoldan sağa, sola və ya geriyə dönmək üçün sürətini azaltmağa məcbur olan sürücü də yaradır. Belə halda da arxadan gələn sürücünün heç bir günahı olmayacaq.

Arxadan vuran sürücünün təqsirsiz olduğu başqa bir vəziyyət ötmə zamanı da yarana bilər. Bir-birinin ardınca gedən bir neçə nəqliyyat vasitəsini ötmək üçün əks istiqamətli hərəkət zolağına çıxan sürücü həmin nəqliyyat vasitələrindən birini və ya bir neçəsini ötdükdən sonra qəflətən öz hərəkət zolağına qayıdaraq arxadakı nəqliyyat vasitəsi ilə ara məsafəsini süni şəkildə pozarsa və bu qəzaya səbəb olarsa, yenə də arxadan vuran sürücü təqsirsiz olacaqdır.

Eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin toqquşması hüquqi qiymət verilməsi ən çətin olan hadisələrdən sayılır. Xüsusən də qarşılıqlı təqsir olan hallarda hər kəsin təqsisrinin dərəcəsini müəyyən etmək asan iş deyil. Ona görə də belə hadisələr baş verdikdə sürücülər çox diqqətli olmalı, hadisə yerini qoruyub saxlamalıdırlar. Belə hallarda avtomobillərə quraşdırılmış videoqeydiyyatçının qeydə aldığı görüntülər çox qiymətli ola bilər.

Avtosfrer.az