Sözlər lüğətə necə daxil edilir?

Day.Az представляет новость на азербайджанском языке

İzahlı lüğətə yeni terminlərin daxil edilməsinə münasibət birmənalı deyil

Azərbaycan dilinin izahlı dilçilik lüğətinə yeni terminlər daxil edilib. Yeni hazırlanan və artıq çap olunma ərəfəsində olan izahlı dilçilik lüğətində rəsmi olaraq 2500 yeni termin yer alacaq. Lüğətdəki terminlər son 2-3 il ərzində dilimizə yeni daxil olan və dilin daxili imkanları hesabına yaranan sözlərdir. Müxtəlif sahələr - informatika, iqtisadiyyat, riyaziyyat, kimya, tibb sahələri üzrə olan terminlərin sırasında informatika sahəsi üzrə sözlər çoxluq təşkil edir.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova mətbuata açıqlamasında bildirib ki, yeni terminlər indiyədək Azərbaycan dilinin orfoqrafiya, eləcə də izahlı lüğətinə daxil edilməyib. Belə ki, lüğətə Ayfon- Səs, rabitə və görüntü imkanlarını özündə birləş¬dirən simsiz multimedia qurğusu; Aypəd- İnternetə fərdi qoşulma cihazı; klaviaturasız noutbuk; Biopsiya - Xəstəliyin xarakterini mikroskopla müəyyən etmək üçün canlı orqanizm toxumasından kiçik bir parçanın kəsilib müayinə edilməsi; Cakuzi - Suyun xüsusi sistem üzrə dövr etdiyi və yüksək təzyiqlə vurulduğu vanna; Cekpot -- Lotereyada böyük məbləğli uduş; Çat - İnternet şəbəkəsi dialoq rejimində qısa mətn məlumatları ilə mübadilənin təşkili. Bu halda dialoq iştirakçıları klaviatura vasitəsilə sorğu göndərir və displeyin ekranında cavabı alır; Çat seans - İnternet şəbəkəsində qarşılıqlı dialoqun əsas forması; Çips - Lay-lay doğranmış və yağda qızardılmış kövrək, xırçıldayan kartof dilimləri; Çizburqer - İsti qəlyanaltı; ikiyə bölünmüş və arasına kotletlə pendir qoyulmuş ədviyyatlı dairəvi kökə; Dicey - Səsyazma daxil edilməklə, şərh, zarafat və reklamla müşayiət olunan musiqili verilişin və ya əsasən, musiqi üzərində qurulmuş radio proqramının aparıcısı; Diskretləşdirmə - Fasiləsiz analoq siqnallarının diskret impulslar ardıcıllığına çevrilməsi prosesi və s. sözlər daxil ediləcək.

Bəs hər hansı sahəyə aid olan terminlərin lüğətə daxil edilməsinə necə qərar verilir? Sözlər vətəndaşlıq hüququ alana qədər hansı mərhələlərdən keçirlər? Alqoritmə əməl olunurmu? Ən əsası, yeni hazırlanan lüğət mütəxəssislər tərəfindən necə qarşılanır? 

Müzakirələr açmağa ehtiyac var 

Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov hesab edir ki, lüğətə hər hansı yeni terminin daxil olması üçün öncə onlar ictimaiyyətə təqdimatı olunmalı, müzakirəsi keçirilməlidir. Belə ki, lüğət, xüsusən də izahlı lüğət bir adamın təfəkkürünün məhsulu ola bilməz: "Əgər informasiyaya və ya siyasətə aid hər hansı bir söz izahlı lüğətə gəlirsə və ya vətəndaşlıq hüququ qazanmaq istəyirsə, onlar mütəxəssislər arasında müzakirə olunmalıdır. Bu, bütün millətə məxsus material olduğu üçün mütəxəssislərin müzakirəsindən keçirilməli, bəyənildikdə, fikirlərin müzakirəsi yekdilliklə qəbul olunduqda o, lüğət halına gəlib çıxmalıdır". Dilçi-alimin sözlərinə görə, "Azərbaycan dilinin izahlı lüğəti" birdən-birə yaranmayıb. Hələ 1949-cu ildən yaranmağa başlayan lüğətin çapı bir neçə ildən sonra baş verib: "Çünki bu lüğət müzakirələrdən keçdi. Mənə elə gəlir ki, bu işlərin mexanizmini düz qurmaq lazımdır. Yəni dilin lüğət tərkibinə kifayət qədər, həyatın müxtəlif sahələri ilə - elm, texnika, səhiyyə, informatika ilə bağlı müxtəlif sözlər gələ bilər. Ancaq onlar nə dərəcədə vətəndaşlıq hüququ daşıyır və dilimizdəki o anlayışı, məfhumu ifadə edir məsələsi mütəxəssislərin müzakirəsindən sonra baş tutmalıdır". Alimin fikrincə, mütəxəssislər yeni terminləri KİV xətti ilə, ayrı-ayrı konfranslar, disputlar vasitəsilə müzakirə etdikdən sonra fikirlərini söyləyə bilərlər: "Təəssüflər olsun ki, bu məsələlərdə müzakirələr diqqətdən yayınır. Peşəkarlar, mütəxəssislər bu məsələyə qoşulmur. Nəticədə bir müddətdən sonra çap olunmuş lüğətlər haqqında xoşagəlməyən rəylər eşidilir. Olmazmı ki, bu cür rəylər yaranmamışdan qabaq onlar müzakirə olunsun, saf-çürük edilsin və o cür fikirlər də yaranmasın? Gözlənilmədən ayrı-ayrı subyektlər izahlı lüğətlərin yazılmasında maraqlı olur və çap etdirirlər. Görürsən ki, lüğət çıxıb və o, kifayət qədər qüsurludur. O cür lüğəti mütəxəssislər qəbul etmir, həmçinin adi oxucular da başa düşmür. Çox istərdim ki, bu cür sözlər lüğətə daxil edilməmişdən öncə geniş müzakirəyə verilsin". B.Xəlilov bildirir ki, vaxtilə dövlət qəzetlərində hazırlanan lüğətlər çap olunur, onunla bağlı müzakirə günləri təşkil edilir, "açıq qapı"lar elan olunurdu. Hətta "filan lüğət çap olunur, bu haqda kimin təklifi var" sözləri yazılırdı ki, konkret o lüğəti çap edən müəssisəyə, təşkilata müraciət etsinlər: "Ancaq mən mətbuatda çap olunan lüğətlər haqqında hər hansı informasiyaya rast gəlmirəm və birdən eşidirəm ki, filan lüğət artıq çapa hazırlanıb. Ona görə bu, o qədər effektli olmur. Biz açıq cəmiyyətdə yaşayırıq, dilimizin imkanlarını ortaya qoymaq üçün kifayət qədər münbit şərait yaranıb. Sadəcə, elə bil ki, bu məsələlər qapalı şəkildə gedir və bunun nəticəsi dilə heç bir xeyir vermir". Dilçi alimin sözlərinə görə, hər hansı bir sözün vətəndaşlıq hüququ qazanması onun işləkliyindən asılıdır. Belə ki, istənilən sözün işlək, anlaşıqlı olması və qəbul olunması mərhələləri onun lüğət tərkibində vətəndaşlıq hüququ qazanmasına gətirib çıxarır: "Əgər söz qəbul olunursa, ancaq işləmirsə, bu, anlaşılmayacaq. Anlaşılmırsa, qəbul olunmayacaq - onda da vətəndaşlıq hüququ qazanmayacaq və dilin lüğət tərkibində passiv söz olaraq qalacaq. Ancaq ilkin mərhələdə müzakirələr olan zaman mütəxəssislər bu sözün nə dərəcədə anlaşıqlı olacağı, işləkliyi və son nəticədə vətəndaşlıq hüququ qazanacağını görə bilirlər. Çünki mütəxəssisin dil duyumu, sözün zahiri və daxili cəhətinə varması, dil sistemindəki quruluşuna nüfuz etmək qabiliyyəti, duyması var. Bu mənada mütəxəssislər rəy bildirəndə daha rahat olur. Yoxsa işləklik qazana bilməyən kifayət qədər belə sözlər ola bilər. Bu gün bu, dilin çox həssas yeridir". B.Xəlilov hesab edir ki, istənilən sözü lüğətə salmaq olmaz: "Bu, dilin təbii axarını bir az korlaya bilər. Buna görə müzakirələr açmağa böyük ehtiyac var". Dilçi alim təklif edir ki, lüğəti hazırlayan istənilən şöbə və ya müəssisə ölkənin müxtəlif qurumlarında fəaliyyət göstərən dilçi mütəxəssislərə həmin sözləri layihə şəklində göndərməli və o sözlər yerlərdə müzakirə olunmalıdır: "Vaxtilə "Dialektoloji lüğət"i yaradanda yerlərdə olan mütəxəssislərə məktublar yazırdılar. Onlar da dialekt faktları toplayıb göndərirdilər. İndi də bu işi görən adamlar həmin layihəni universitetlərin aidiyyatı kafedralarına, təşkilatlara, ictimai qurumlara, QHT-lərə göndərməlidirlər ki, müvafiq adamlar onları müzakirə edib öz qərarlarını həmin məsul şəxslərə göndərsinlər. Bu olmadığı üçün sözlərin vətəndaşlıq hüququ qazanması məsələsi alınmır. İşlər qapalı şəkildə aparıldığı üçün nəticə etibarilə lüğətlərin effektliliyi itir". Alimin fikrincə, lüğət ən böyük mənbə olduğundan bu nəşrə müqəddəs kitab kimi baxılmalıdır: "Müqəddəs baxılacaq kitab isə qabaqcadan saf-çürük olunmalıdır". 

Hansı meyarla demək olar ki...

Professor Nadir Abdullayevin fikrincə, dil yalnız işlək olanda vətəndaşlıq hüququ qazanır. Terminlər dar dairəyə aid olanda onu yalnız həmin sahənin adamları işlədir və həmin terminlər ümumişlək sözə çevrilmir. Eyni zamanda, onun mənası yaxşı başa düşülmür. Belə ki, sözün mənası yaxşı anlaşılanda və hamı tərəfindən qəbul ediləndə o, ümumişlək söz olur. Dilçi alim hesab edir ki, hazırda dilə daxil edilən informatik sözlər ümumişlək söz ola bilməz: "Ümumişlək sözlər bütün təbəqələrin işlətdiyi terminlər olmalıdır. İzahlı lüğətə də çox işlənən sözlər daxil ola bilər. Lüğətə daxil edilən sözlər tədricən hamının ünsiyyətinə keçir. O cür sözləri lüğətə daxil etmək daha məqsədəuyğundur". Dilçi alimin fikrincə, bu cür lüğət çap olunmamışdan geniş müzakirəyə verilməlidir: "Hər kəs bir cür lüğət çap etdirir və göndərir. Nəticədə onunla heç kim razılaşmır. Çünki o lüğət ehtiyacı ödəyə bilmir. Yaxşı olar ki, tərtib olunan lüğət bu sahə ilə bağlı ali məktəblərə, müəssisələrə göndərilsin və mütəxəssislər tərəfindən müzakirə edilərək rəylər bildirilsin. Yalnız onların rəylərindən sonra lüğətlər çap olunmalıdır. Müzakirə olunmayan lüğəti mən qəbul etmirəm. Bu, insanlara heç nə verə bilməz". Alim lügətə daxil olan bir sıra sözlərin ehtiyac üzündən yarandığını bildirir. Yəni elə terminlər var ki, onların dilimizdə qarşılığı yoxdur, onlar mütləq işlənməlidir: "Yaxşı olar ki, o sözlərin vurğusu üzərində qoyulsun. Hər bir sözün vətəndaşlıq hüququ qazanması bir adamın subyektiv fikri ilə ola bilməz. Hansı meyarla demək olar ki, o söz vətəndaşlıq hüququ qazanır? Dili, o sözün işlənmə tərkibini bilən mütəxəssislər tərəfindən rəy verilsə yaxşıdır. Elə söz var ki, onun fonetik quruluşu dilimizə uyğun deyil, bu sözü işlədəndə mütləq qüsura yol verilir və yaxud müəyyən elm və ya məişət sahəsi ilə bağlı olduğu üçün o sözün lüğətə gətirilməsinin o qədər mənası yoxdur. Ona görə də lüğət çap olunmamışdan müzakirə olunmalıdır. Müzakirə olunan vəsait təkmildir". 
Söhbətləşdiyimiz dilçi-alimlərin fikirlərindən çıxış etsək, deyəsən, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" ətrafında səslənən tənqidlər bitməmiş, "Azərbaycan dilinin izahlı lüğəti" ətrafında ziddiyyətli rəylər formalaşacaq. Hər halda mütəxəssislərin dediyinə görə, müzakirəyə çıxarılmayan yeni terminlərin lüğətə daxil edilməsinə hazırlıq bunu deməyə əsas verir...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

kaspi.az