İndi də apteklər dərman firmaları ilə sövdələşə bilər
Day.Az представляет новость на азербайджанском языке
Mütəxəssislər reseptlərin yeni yazılış qaydalarının təsdiqlənməsinə apteklərin hazır olmadığını bildirirlər
Əvvəllər həkimlərin yazdıqları reseptdəki dərmanları alarkən aptekdə bizə əvəzedicisini almağı təklif edirdilər. Amma əksər hallarda həkimlər əvəzedicini almağa icazə vermirdilər. Bildirirdilər ki, bu cür hallarda əks təsirləri ola, yaxud əvəzedici keyfiyyətli olmaya bilər. Vəziyyət o yerə gətirib çıxarmışdı ki, firma-həkim əlaqələri getdikcə "inkişaf" etdi. Həkimlər baha qiymətdə olan firma dərmanlarını yazır, xəstələr də məcburən onları alırdılar. Burada qazanan isə həkimlər və firmalar olurdu. Çünki həkimlər baha qiymət mal satan dərman firmaları ilə əlaqədə olduqları üçün onların dərmanlarını xəstələrə təyin edirdilər və buna görə faiz alırdılar.
Bu məsələnin həlli üçün həkim-firma əlaqələrinin aradan qaldırılması lazım idi. Artıq Səhiyyə Nazirliyi "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması" haqqında yeni qaydalar hazırlayır. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov bir müddət öncə mətbuata açıqlamasında bildirib ki, artıq qaydalar təsdiqlənmə mərhələsindədir. Yeni qaydalara görə, həkimlər resept yazarkən dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adını, yəni təsiredici maddənin adını yazacaqlar. Yeni qaydalar təsdiqləndikdən sonra reseptlər yalnız bu formada yazılacaq. Qaydaları pozan həkimlər qanunvericiliyə müvafiq qaydada cəzalandırılacaqlar.
Aptek-firma əlaqəsi
Lakin bu qərar əhali arasında heç də birmənalı qarşılanmır. İlk olaraq insanlarda belə bir fikir yaranır ki, apteklərdə bu funksiya nə dərəcədə effektiv yerinə yetiriləcək? Çünki bu sahədə çalışanların heç də hamısı dərmanların təyinatını biləcək dərəcədə savadlı deyillər. Mövzu ilə bağlı Kaspi.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla bildirdi ki, insanların axtardıqları dərmanları tapması üçün bu qərar kömək edə bilər: "Belə ki, Tarif Şurası qiymət tənzimləməsindən sonra bazarda bəzi dərmanlar yoxa çıxıb. Nəzərə alsaq ki, son dövrlər həkimlərin müşahidəsi altında bir sıra dərmanlar artıq bir vətəndaş hüququ qazanmış hesab olunurdu, dərman bazarında tanınırdı, təsirinə güvən var idi. O dərmanların yoxa çıxması həm xəstələrdə, həm də həkimlərdə müəyyən çaşqınlıq yaratdı. Yaranan situasiyada bəzən yazılan dərmanı xəstə uzun müddət axtarıb tapmır. Buna görə də dərman maddəsinin tərkibində olan əsas təsir elementinin adının yazılması və bununla da dərmanların alternativlərini xəstəyə verilməsi qərara alınır".
Ekspert deyir ki, amma bu, ümumilikdə bu problemi bir tərəfdən digərinə ötürməkdir. Çünki bəzi apteklər özləri də ayrı-ayrı dərman firmalarının reklamını edirlər, onların satışında maraqlı olurlar. Yəni yeni formatda indi də firma-aptek "əlaqələri" inkişaf edə bilər: "Neqativ bir tərəfdən götürülsə də, digər tərəfdən onun üçün yaxşı bir şərait yaradılır. Bu məsələ hər hansı bir qanunla tənzimlənməlidir. Bazar iqtisadiyyatının qanunları burada əsas rol oynamalıdır. Öncə isə dərman bazarı qaydaya salınmalıdır. Dövlət farmakopiyası yaranmalı, dərman maddələrinin dövlət reyestri formalaşdırılmalı, Azərbaycan ərazisində tətbiqinə və dövriyyəsinə icazə verilən dərman maddələrinin hər biri ictimaiyyətə açıq olmalıdır. İnsanlar bu haqda məlumatlı olmalıdırlar".
Apteklərin xəstəyə dərman təyinatına müdaxiləsi düzgün deyil
A.Qeybullanın sözlərinə görə, dünya praktikasında heç bir ölkədə aptekdən həkim təyinatı olmadan hansısa dərmanı almaq mümkün deyil. Ağrıkəsici, qızdırma salan və.s bu kimi dərmanlar isə marketlərdə satılır: "Heç bir Avropa ölkəsində normal bir aptekdən gedib reseptsiz dərman ala bilməzsiniz. Ağrıkəsicilər, qızdırmasalan kimi istisnalardan başqa qalan dərmanları həkimlərin yazdığı resept əsasında satırlar. Resepti həkim yazmalıdır. Dərman yazmaq ixtiyarı dövlətin verdiyi diplomla həkimə həvalə edilib. O baxımdan hesab edirəm ki, apteklərin xəstəyə dərman təyinatına müdaxilə etməsi düzgün deyil. Çünki onların buna səlahiyyəti çatmır, müalicə işini bilmirlər. Yəqin ki, bu, müvəqqəti bir haldır və müəyyən bir dövrdən sonra qaydaya salınar".
Ekspert deyir ki, molekulyar tərkibi eyni olsa da, müxtəlif adda dərmanlar ayrı-ayrı ölkələrdə istehsal olunur və hər birində dərmanların keyfiyyət parametrləri fərqli ola bilər: "Dərman maddəsinin tərkibində olan əsas təsiredici maddənin miqdarı, lazımi terapevtik dozada olması çox mühüm şərtdir. Onun istehsal şərtləri və bir də həmin dərman maddəsinin tərkibində olan əlavələrin keyfiyyəti də önəmlidir. Ayrı-ayrı ölkələrdə dərmanların keyfiyyətli hazırlanması qaydalarına nə dərəcədə riayət olunduğunu biz bilmirik".
A.Qeybulla onu da bildirdi ki, həkim xəstəyə dərman təyin edərkən onu vəziyyətini analiz edir, xəstəliklərini öyrənib, sonra resept yazır. Amma yeni qayda ilə həkimin əlindən bu səlahiyyət alınmış olur. Müsahibimiz bildirdi ki, apteklərdə həkimlərin apardığı dəyərləndirilmə aparıla bilməz. Çünki aptek işçiləri o məlumatları verəcək dərəcədə yetərli biliyə sahib deyillər.
Həkim səviyyəsində bilikli əczaçı olmalıdır
Həkim-terapevt Məlahət Abbasova isə deyir ki, əgər bu cür mexanizm tətbiq olunacaqsa, gərək aptekdə çox professional əczaçılar çalışsın. Çünki həkimin təyin etdiyi eyni molekulyar tərkibli dərmanın xəstəyə uyğun olanını seçib verəcək əczaçılar savadlı olmalıdır: "Yeni qayda həkim-firma əlaqəsini kəsməyə yönəlib. Amma bu, aptek-firma əlaqəsinə şərait yaratmış olacaq. İndi də firmalar apteklərlə əlaqə yaradacaq. Bu qərarla məncə, heç nə dəyişməyəcək. Əczaçıların bilikləri həkim kimi məni qane etmir".
Həkimin sözlərinə görə, dərman eyni molekulyar tərkibli olsa da, istehsal üsulu, keyfiyyəti fərqli ola bilər: "Əlbəttə ki, yüksək texnoloji üsulla hazırlanan dərmanlar daha yaxşıdır. Biz də hər zaman bu cür dərmanları təyin edirik. Düşünürəm ki, bu ideya ortaya atılsa da, reallaşmayacaq. Çünki hər həkimin özünün keyfiyyətinə inandığı dərmanlar var. İllərlə onun sınağından çıxıb. Bu qaydaya keçid üçün kompleks işlər görülməlidir. Apteklərdə böyük iş aparılmalıdır. Əgər dövlət nəzarətində olsa, orada çalışanların savadı qanedici olsa, o zaman bu haqda danışmaq olar. Hazırda isə hər yerindən duran aptek açıb, bu işlə məşğul olur".
Bu məsələ ətrafında yaranan bir neçə sualı Səhiyyə Nazirliyinin mətbuat xidməti vasitəsilə bu barədə ictimaiyyətə ilk məlumatı verən P.Əzizbəyova ünvanladıq. Nazirlikdən əvvəlcə sualımıza cavab verəcəyini bildirsə də, 12 gün sonra başqa söz eşitdik. Bizə bildirildi ki, mövzu ilə bağlı suallarımızı İqtisadiyyat və Sənaye Nazirliyi cavablandırmalıdır. Biz də burada bir məntiq tapa bilmədiyimizdən yazımızı rəsmi mövqe olmadan yekunlaşdırmalı olduq. Amma mövzu kifayət qədər ciddi olduğundan, vətəndaşlarımızın hər birinin gündəlik həyatında rastlaşa biləcəyi suallar olduğundan dövlət qurumlarının bu məsələlərə yaxın vaxtlarda aydınlıq gətirəcəyinə ümid edirik. Nəzərə alınmalıdır ki, mövzu ilə bağlı ictimaiyyətə açıqlanan ilkin informasiya xeyli narahatlıq yaradıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре