Ermənistanda yeni didişmə başlanıb

"Mən səhv etdim, Nikol haqlı idi", - baş tutmayan danışıqlar yerini tərk edəndə, 2018-ci ilin aprelində Ermənistanın o dönəmdəki baş naziri, sabiq prezident Serj Sarqsyan demişdi. Həmin vaxtdan bəri o, kütlədən tərs şapalaq almayaraq Nikol Paşinyanın istefasını tələb edəcəyi günü gözləyirdi.

Həmin gün çatdı.

Ermənistan parlamenti deputat və oliqarx, "Eşşək Qaqo" ləqəbli milyarder Qagik Sarukyanı toxunulmazlıqdan məhrum edərək onun həbsinə icazə verib. Bu hadisə Ermənistanda kütləvi narazılığa səbəb olub. Koronavirus pandemiyasının fəlakətə çevrildiyi Ermənistanda siyasi vəziyyət həddən ziyadə gərginləşib.

Nəzərə alsaq ki, Ermənistanda bu gündən etibarən komendant saatı rejimi daha da sərtləşdirilib və ümumiyyətlə, şəxsiyyət vəsiqəsi olmadan evi tərk etmək yasaqlanıb, ermənilər çox narazıdırlar.

Baş nazir Nikol Paşinyan bunu karantin rejiminin tələbləri ilə izah edir.

Lakin ermənilər deyirlər ki, yaşananlar Paşinyanın siyasi mübarizə üsullarından biridir.

Fürsətdən istifadə edən Serj Sarkisyan da irəli düşmək istəyib. Sabiq iqtidar partiyası olan Ermənistan Respublika Partiyası bəyanat yayaraq bildirib ki, baş nazir Nikol Paşinyan və hökuməti koronavirus pandemiyasından siyasi məqsədləri üçün istifadə edir, nəyin bahasına olursa-olsun hakimiyyətini qorumağa çalışaraq siyasi repressiyalara əl atır.

Bəs yaxşı, Ermənistanda nə baş verir?

İyunun 16-da Ermənistan parlamenti ölkədə ikinci böyük siyasi təşkilat olan "Çiçəklənən Ermənistan" Partiyasının liderini, parlamentdəki ikinci ən böyük fraksiyanın başçısını, həm də ölkənin ən varlı adamlarından biri Qagik Sarukyanın deputat toxunulmazlığını ləğv etdi.

O adamın ki, Ermənistanda hakimiyyətlə biznes arasında simbiozun daimi simvollarından biri sayılırdı.

Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilmişdir. Q.Sarukyanın həbs ediləcəyi istisna olunmur. Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir.

Q.Sarukyanla bağlı son hadisələr fonunda "azadlıq carçısı" olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur.

Q.Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınmış və yüzlərlə adam saxlanılmışdır. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq etdi.

Halbuki hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin "önəm verdiyi" bütün dəyərlər ayaq altına salınmışdır. Sual yaranır. Qərb niyə susur. ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.

Bu ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurub. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə niyə reaksiya verilmədi?

Əslində Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq  demişdi: "25 il il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır". Yenə həmin çıxışında baş nazir bildirir ki, "hakimiyyətə gələndən dərhal sonra heç vaxt ölkəmizdə olmayan demokratik təsisatların yaradılması üçün ciddi addımlar atmağa başladıq".

Həm hakimiyyətdə, həm də müxalifətdə olmuş nüfuzlu oliqarxa hücum əslində Nikol Paşinyanın iki il əvvəlki qurama "inqilab"dan sonrakı hakimiyyətinin genişmiqyaslı rekonfiqurasiyasının tərkib hissəsidir.

Həmin proses çoxdan başlanıb. Sabiq prezident Robert Köçəryanın həbsi, digər sabiq prezident Serj Sarqkisyana qarşı cinayət işinin açılması, parlamentin tərkibinin homogenizasiyası uğrunda mübarizə, İrəvan bələdiyyəsi üzərində siyasi nəzarətin bərqərar edilməsi, habelə icraedici və məhkəmə hakimiyyətləri arasındakı münaqişələr Paşinyanın hakimiyyət hərisliyindən xəbər verir.

Ermənistanın hazırki hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur. Paşinyanın təsiri altında olan erməni KİV-ləri bunu daha çox kilsənın hazırkı rəhbərliyində təmsil olunan şəxslərin əvvəlki hakimiyyətlərlə sıx işləməsini əsas gətirsələr də, əslində məsələnin məğzi tam başqadır. Məlumdur ki, ermənilərin yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir və icma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı göstərirlər. Bu halda, pul axınının böyük hissəsinə nəzarət etmək istəyən Paşinyana kilsənin "yağlı tikə"ni güzəştə getməməsi də təbiidir. Heç kimə sirr deyil ki, koronavirusun Eçmədzində yayıldığı ərəfədə kilsə rəhbərinin qaçması şəklini mətbuata məhz Paşinyan ötürüb.

Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır. Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir.

Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu N.Paşinyanın əl-qolunu daha da açır.

Son hadisələrdən sonra Ermənistanda N.Paşinyanı diktator hesab edənlərin sayı artır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. N.Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur.

N.Paşinyanın erməni oliqarx Samvel Aleksanyan ilə qohumluq əlaqələrinin formalaşması onun əsil niyyətindən xəbər verir. Belə ki, erməni mətbuatında hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən N.Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etmələri barədə silsilə məqalələr dərc edilir.

Halbuki Ermənistanın sabiq hakimiyyətləri belə davranmırdılar. Məsələn, Robert Köçəryan çox asanlıqla sələfi Levon Ter-Petrosyanı "Dağlıq Qarabağ məsələsində yanlış mövqe tutmaq"da suçlayaraq həbs etdirə bilərdi. Eyni addımı Serj Sarkisyan da Robert Köçəryana qarşı ata bilərdi.

Lakin Köçəryanla Sarkisyan "qırmızı cizgi"ni keçmədilər, çünki anlayırdılar ki, Ermənistan təki kiçik və yoxsul ölkə üçün hakimiyyətin irsiliyi prinsipini pozulması məhvə bərabərdir.

Nikol Paşinyan erməni siyasətinə tam ayrı, iyrənc davranış gətirdi. Onun ilk "hədəf"ləri olan Robert Köçəryan, Serj Sarkisyan və Konstitusiya Məhkəməsinin sədri Qrant Tovmasyanla ədavətini "sabiqlərlə düşmənçilik" kimi qələmə vermək mümkün olardısa, Sarukyanla bağlı vəziyyət çox fərqlidir.

2018-ci ildə Q.Sarukyan "inqilabi xalqın seçimi"ni dəstəklədi, "Çiçəklənən Ermənistan"n nümayəndələri hətta hökumətdə yer aldı. Partiya isə parlamentdə Paşinyanın fraksiyası ilə yerləri faktiki olaraq bölüşdürmüşdü.

Lakin bu saxta konsensusu koronavirus pandemiyasının çox ağır sosial fəsadları, Konstitusiyaya dəyişikliklərlə bağlı Paşinyanın ifrat tamahı və ən başlıcası, baş nazirin Sarukyanı özünə düşmən sayması kimi üç səbəb pozdu.

Nikol Paşinyan hakimiyyəti ona loyal olmayan, kontrolunda fəaliyyət göstərməyən güc mərkəzlərinin mövcudluğunu istəmir.

Bu isə Ermənistan üçün strateji baxımdan olduqca təhlükəli yoldur.

Nikol Paşinyan indi ölkəni idarə edir, lakin situasiya uzun müddət davam etməyəcək. Hakimiyyət dəyişiklikliyində isə Paşinyanı devirənlər mütləq şəkildə onu həbs etdirəcəklər.

Maraqlıdır ki, sürəkli olaraq Azərbaycana qarşı ən absurd, marazmatik ittişamlar irəli sürən, ölkəmizdəki ən xırda olaya ifrat operativliklə neqativ münasibət bildirən beynəlxalq təşkilatlar Ermənistandakı aşkar siyasi təqiblərə, repressiyalara, hakimiyyətin siyasi opponentlərinə divan tutulmasına göz yumurlar.

Görünür, Franklin Ruzveltin o dönəmdə Nikaraqua prezidenti olmuş Anastasio Qarsia Somosa barədə dediyi "O it oğlu it olsa da, bizim it oğludur" ifadəsi Qərbin çoxsimalı və çoxstandartlı "demokratiya"sı üçün hələ də keçərli fəaliyyət prinsipidir.

Elçin Alıoğlu
Milli.Az