Bütöv və suveren Azərbaycanın müəllifi Odur, 7 fevralın Qalibi də O olmalıdır

Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri müasir Azərbaycanın tarixində əvvəlki seçkilərdən mahiyyətinə və məzmununa görə çox fərqlidir. Bu hadisə müstəqil və suveren dövlətçilik prinsiplərinin məntiqinə və fəlsəfəsinə tam uyğundur. Sözsüz ki, əvvəlki hər bir seçkinin müstəqilik tariximizdə öz yeri və öz önəmi var. Hər seçki ilə xüsusilə son 25-30 ildə dövlətimizin inkişafında yeni mərhələnin və səhifənin açıldığı mübahisəsizdir.

7 fevral seçkiləri Azərbaycanın tam yeni bir sima ilə qatılacağı və özünü dünyaya yeni imiclə nümayiş etdirəcəyi hadisədir. Müstəqilliyimizin elan olunduğu 32 illik dövrdə həm ərazi bütövlüyü, həm də suverenlik baxımından dövlətimizin gücünü və potensialını tam əks etdirən seçkini ilk dəfə 7 fevralda keçirəcəyik.

Açıq deyək ki, bu dövrdə erməni təcavüzü, erməni işğalları və irticaçı etnik separatizm Azərbaycana belə məzmunda seçkini keçirmək imkanı vermədi. Keçirilmiş seçkilərdə Azərbaycan seçicilər ordusu baxımından tam təmsil olunsa da, bütün ərazilər üzərində suverenlik baxımından təmsil oluna bilmədi. Xaricdən dəstəklənən separatizm və Ermənistanın təcavüzü böyük qaçqınlar və məcburi köçkünlər problemi yaratdı.

Nəticədə elə bir vəziyyət yarandı ki, şuşalı, zəngilanlı, laçınlı və digər məlum bölgələrimizi təmsil edən insanlar Azərbaycanın başqa yerlərində seçici və ya iddiaçı kimi seçkiyə qatılmaq zorunda qaldılar.

7 fevral seçkiləri bu mənada hamını və bütün bölgələrimizin müstəqillik tariximizdə ilk dəfə olaraq vahid bir seçki prosesinin çətiri altına alacaq.

Bəzən fövqəladə və ya növbədənkənar adlandırılsa da, əslində, onun mahiyyətcə fövqəladəliyi və ya növbəsizliyi məsələsi yoxdur. Lap yerində və zamanında təyin olunmuş seçkidir. Suverenliyini və ərazi bütövlüyünü tam mənada bərpa etmiş bir dövlətin tarixi əhəmiyyətli kampaniyasıdır.

Seçkiyəqədərki bir sıra hadisələr bir-birini tamamlamaqla 7 fevral hadisəsini zəruri etdi və bütün sonrakı müstəqillik tariximizdə şərəflə xatırlanacaq bir mərhələ açdı.

Əvvəlcə az qala bütün dünyanın iradəsinə və səhv siyasətinə əks olaraq Prezident İlham Əliyev ərazi bütövlüyümüzün bərpası yolunu açan qalibiyyətli Vətən müharibəsini başa çatdırdı. Ardınca yenə də çox güclü dünya qüvvələri ilə siyasi-diplomatik savaş içində Laçın yolu üzərində Azərbaycanın dövlət nəzarətini bərpa etdi. Xatırladaq ki, bu böyük işlərin mühüm özəlliklərindən biri o idi ki, bunlar həm xaricdən gələn böyük təzyiqlərin, həm də çox təəssüf etdiyimiz bəzi daxili təzyiqlərin altında baş verirdi.

Dünyadan gələn təzyiqlər başadüşülən idi. "Hanı qalibiyyət, hanı Xankəndi, hanı Xocalı?" deyərək 8 Noyabr Zəfərinin üstünə "bıçaq çəkən" daxili təzyiqçilərin məntiqi normal deyildi. Sonrakı hadisələr onlara da sübut etdi ki, bütöv və qəti qələbənin həlledici şərti "Nəyi nə zaman etmək" prinsipinə düzgün əməl edilməsindədir. Ölkədə hər növ gücün toparlayıcı faktoru olaraq Prezident İlham Əliyevin bu böyük prinsipinin nə qədər həlledici olduğunu hər kəsin görə bilməsi üçün cəmi 24 saat vaxt lazım oldu.

8 Noyabr Zəfəri ilə 20 sentyabr tədbirlərinin arasındakı dövrdə xaricdəki erməniyönümlü basqınçılara qoşularaq, öz dövlətinə təzyiq göstərənlərin hansı dərsləri alıb-almadıqlarını öz vicdanlarına buraxaq. Ancaq 20 sentyabr 2023-cü il tarixində dövlətimizin ərazi bütövlüyü və suverenliyinin bərpası prosesi mübahisəsiz bir sonluqla başa vuruldu. İllər boyu dövlətimizə, xalqımıza ərazi bütövlüyü və suverenlik prinsipi çərçivəsində prezident seçkisi keçirməyə imkan verməyən 3 problemin kökü birdəfəlik kəsildi - xarici təcavüz, erməni işğalı və erməni separatizmi. Bürün bunlar Azırbaycanı tam fərqli məzmunda 7 fevral seçkisinə gətirib çıxaran yolun müstəsna əhəmiyyətli faktlarıdır...

Bu yolun xarakterini ən müxtəlif göstəricilərlə şərh etmək olar. Ancaq ən ədalətli göstərici budur ki, Prezident İlham Əliyev əyləşdiyi kreslonun imkanlarını, özünün qat-qat açılan istedadını və söz verdiyi xalqın dəstəyini məharətlə birləşdirə bildi və bunun sayəsində də yolun başına zəfərlərlə çıxa bildi. O, bu yolu gerçəkləşdirmək missiyası ilə hakimiyyətə gəldi, bu yoldakı bütün potensialları səfərbər edərək, Azərbaycanın tarixində ərazilərimizin bütövünü və suverenliyini ilk dəfə əhatə edən seçkiyə qədər gətirə bildi.

Bütün Azərbaycanı mütəşəkkil bir qüvvə kimi ilk belə seçkiyə gətirib çıxaran Prezident İlham Əliyevin elə bu andan başlayaraq ölkəmizin Prezidentlik İnstitutu tarixində yeni mərhələnin müəllifi olmağa tam haqqı çatır. Dövlətin ərazi bütövlüyünü o təmin etdi, suverenliyini o qaytardı, bölgəmizdə indi hamının barışmaq zorunda olduğu reallıqları o yaratdı. 7 fevral seçkiləri ilə başlayacaq yeni Prezidentlik İnstitutu dövrünün banisi və müəllifi də niyə o özü olmasın?!

Olmasa, ədalət yarımçıq qalar... Ədalət o zaman bütövləşər ki, Qalib ölkənin Qalib Prezidenti seçilsin...

7 fevralda Prezidentlik İnstitutunda yeni məzmunlu mərhələ başlayacaq. Həmin gün xalqın dəstəyi ilə seçilmiş Prezident bütün haqla dünyaya "bütöv və suveren Azərbaycanın müəllifi də, ilk prezidenti də mənəm" mesajını verəcək...

Yeni yolunuz uğurlu olsun, cənab Prezident!