ABŞ öz ideyası olan qanuna Gürcüstanda niyə qarşı çıxır?

Müəllif: Elvin Səxavətoğlu 

Son bir həftədə Gürcüstanda"xarici agentlər" haqqında qanunun qəbulu ilə bağlı etiraz aksiyaları daha da şiddətlənib.

Demək olar ki, cəmiyyət iki qütbə bölünüb. Bir hissəsi qanunun qəbuluna qarşı çıxır, digər hissəsi isə onu dəstəkləyir.

Bəs "xarici agentlər" haqqında qanunun mahiyyəti nədən ibarətdir?

Bu qanunla bağlı ilk ideya 1938-ci ildə ABŞ-dan gəlib. Hitler hakimiyyətdə olduğu dövrdə Almaniya ilə mübarizə aparmaq üçün belə bir təklif verilib.

Həmin təklif ABŞ hakimiyyəti tərəfindən qəbul olunub. Qanuna görə, maliyyə qaynaqlarının,  səhmlərinin 20 faizdən çox hissəsi ABŞ-dan kənarda formalaşan istənilən şəxs, qurum və şirkət  ABŞ-də "Xarici Agentlərin Qeydiyyatı Aktı"nın təsir dairəsinə düşmüş hesab olunur. ABŞ-da bu gün də həmin qanun qüvvədədir.

Hazırda da istənilən prosesin maliyyə dövriyyəsinin ən azı 80 faizi  ABŞ-ın nəzarətində  olmalıdır. Bu çərçivəni aşanlar xarici agent kimi qeydiyyata düşməli, fəaliyyətlərini bu qanuna uyğunlaşdırmalıdırlar, daha ciddi nəzarət altında saxlanılmalıdırlar. 

Qərbin qanunla bağlı ikibaşlı mövqeyi

Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 5-də bu mövzu ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: "Biz Gürcüstan parlamentində "xarici agentlər haqqında" qanun layihəsinin qəbul edilməsindən dərin narahatıq keçiririk".

Avropa İttifaqı isə Gürcüstan hakimiyyətini iqtisadi birliyə üzvülüyün dondurulması ilə hədələyib. Bəyan edilib ki, "xarici agentlər haqqında qanun" qəbul edilərsə, bu, Gürcüstanın Avropa İttifaqına üzvülüyü yönündə aparılan danışıqlara zərbə vuracaq. 

Bəs Gürcüstanda bu qanunun qəbul olunması ABŞ-ı niyə narahat edir?

Yuxarıda da qeyd olunduğu kimi, qanun layihəsi ilk dəfə ABŞ-da qəbul olunub. Amma indi ABŞ öz ideyasına qarşı çıxır. Demək ki, qanunun qəbul olunması ABŞ-a sərf etmir.

Səbəb odur ki, ABŞ və Avropa İttifaqının VCT-lərə qanunsuz qrantların, maliyyə vəsaitlərinin ötürülməsində marağı vardır. Bu qanun qəbul olunsa, Qərb təşkilatları Gürcüstandakı əlaltılarına pul vəsaitlərinin göndərilməsi çətinləşəcək. Hər dollar üçün rəsmi hesabat vermək məcburiyyətində qalacaqlar. 

Mexanizmin işləmə funksiyası belədir: Müəyyən qrup insanlar maddi şirnikləşdirmələrlə qanunsuzluğa sövq edilən QHT və KİV-lər təsir altına salınır, növbəti mərhələdə daha çirkin proseslər üçün istifadə olunurlar. Məsələn, artıq Qərb təşkilatlarının Gürcüstanda qurduğu geniş şəbəkə proseslərə ciddi təsir imkanı qazanıb. Onlar xırda bir hadisəni böyüdüb dövlət çevrilişi cəhdinə qədər gətirə bilərlər. Hazırda Gürcüstanda bir qanun ətrafında gedən proses buna sübutdur.

ABŞ Azərbaycanda da eyni prosesi təkrarlamaq istəyir

Rəsmi Vaşinqton bu proses idarə etmək üçün Gürcüstanı özünə məkan seçib. Azərbaycana da qanunsuz maliyyə axını Gürcüstan üzərindən gəlir.

ABŞ Azərbaycanda planını gerçəkləşdirmək üçün  "Demokratik Təşəbbüslər İnstitutu", "Toplum TV",  "III Respublika Platforması", "Abzas Media"dan istifadə etməyə çalışıb. Adıçəkilən təşkilatlar və media qurumları "qrant"ın bir qismini Gürcüstan üzərindən qeyri-qanuni yollarla əldə ediblər və həmin pullar barədə Ədliyyə Nazirliyinə heç bir sənəd təqdim etməyiblər.

"Toplum TV", "AbzasMedia", "Fakt Yoxla" redaksiyasının, həmçinin, "Demokratik Təşəbbüslər İnstitutu" və  "III Respublika Platforması"nın  yeganə qüsuru  qrant üzrə qanunvericiliyi pozmalarında, qrant vəsaitlərini qeydiyyatdan yayındırmalarında, nəhayət, bu vəsaitləri mənimsəmələrində  deyil. Onların icra etdikləri "qrant layihələri"nin hədəfləri anti-milli ovqatlıdır. Azərbaycanın müstəqil xarici siyasət kursunun vurulmasına hesablanıb. Bu baxımdan müvafiq dövlət qurumlarının diqqətini çəkiblər  və təhqiqata cəlb olunublar. Aparılan istintaq prosesi zamanı əldə edilən faktlar sübuta yetirir ki, şəbəkənin fəaliyyəti barədə şübhələr reallığa söykənib. 

Həmçinin həmin qüvvələr Azərbaycandakı vətənpərvər gənclərin beyinlərini zəhərləyərək, Qarabağ uğrunda aparılan mübarizənin effektini sıfıra endirməyi planlaşdırırdılar. İstəyirdilər ki, status-kvonun olduğu kimi saxlanılsın. Bu səbəbdən, "NoWar"-çulara daha çox maliyyə ayırmağa başlamışdılar ki, cəmiyyətdəki vətənpərvərlik hisslərini məhv etsinlər. Nəticədə Qarabağ üçün döyüşmək istəyən olmasın. Amma planları baş tutmadı. 

Qərbdən maliyyələşən təşkilatların maliyyə fırıldaqları ilə bağlı yeni faktlar

Xəbər verdiyimiz kimi, cinayət məsuliyyətinə cəlb edilmiş "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri Akif Qurbanov, "Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və onlarla birlikdə saxlanılan şəxslərin işi üzrə aparılan istintaq prosesi zamanı  yeni faktlar aşkarlanmışdı.

Qeyd olunmuşdu ki, şəbəkə formasında hərəkət etmiş bu şəxslər ABŞ-nin "İnternews", USAİD, Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi", NESEHNUTİ,  "People in Need" təşkilatları, həmçinin,  "Beynəlxalq Fakt Yoxla Platforması",  "OCCRP"  layihələri ilə əməkdaşlıq edərək, qarşılığında "qrant" vəsaitləri alıblar. Amma qanunları pozaraq, bu "qrantları" qeydiyyatdan yayındırıblar. Qeyri-leqal formada icra edilən "qrant layihələri" üçün verilən maliyyə vəsaitlərini xarici banklarda açdıqları hesablar üzərindən götürüblər. Almaniyanın "Deutsche Bank and Commerzbank",  ABŞ-nin "US Citibank",  Avstriyanın "Raiffeisen Bank International", Çexiyanın " UniCredit Bank Czech",  Gürcüstanın "TBK Group" banklarında açılmış hesablara müxtəlif xarici "donorlar" tərəfindən köçürülən vəsaitlər Gürcüstanda bankomatlarda nəğdləşdirilib. Şübhə doğurmamaq üçün hissə-hissə Azərbaycana gətirilib. 

Son günlərdə bu istiqamət üzrə daha ilginc detallar ortaya çıxıb. "Qrant qaçaqmalçılığı" şəbəkəsinin üzvü olmuş, indiyədək adı çox da  hallandırılmamış yeni isimlər dövriyyəyə daxil olub. Məsələn, "Meclis.info" platformasının rəhbəri İmran Əliyevin "qrant qaçaqmalçıları" ilə əlbir fəaliyyətinə  dair faktlar ictimailəşdirilib. Həmçinin, şəbəkə üzvlərinin öz əməllərini qapalı saxlamaq üçün istifadə etdikləri  mexanizmlər barədə təsəvvürlər yenilənib. 

"Meclis.info" platformasının rəhbəri İmran Əliyev,  "Abzas Media"nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının fəaliyyəti ilə bağlı aparılan araşdırmalar zamanı müəyyən edilib ki, onlar maliyyə nəzarətindən yayınmaq üçün xarici ölkələrə məxsuz "adsız bank kartları"ndan da istifadə ediblər. Xaricdən ötürülən vəsaitlərin  bir qismini də bu kartlar vasitəsilə nəqdləşdiriblər. 

Kartlar Gürcüstanın TBC, Böyük Britaniyanın EML və ABŞ-nin  "US Bank Reliakard" banklarına aid olub.

Həmin kartlar vasitəsilə həyata keçirilmiş maliyyə əməliyyatları üzrə qəbzlər də təhqiqat prosesinin gedişində müəyyən edilərək götürülüb. Nəqdləşdirmə qəbzlərindən belə görünür ki, kartlar son ana qədər aktiv olublar. Həmçinin,  kifayət qədər böyük məbləğlərin nəqdləşdirilməsi üçün istifadə ediliblər.  2023-cü ilə aid olan qəbzlərdə böyük məbləğdə vəsaitlərin nəğdləşdirilməsi halı müşahidə edilir.