Bu yolun yenidən qurulması yekunlaşır

Mövcud M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir.

Day.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata əsasən, 2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 71 km təşkil edir.

"Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla torpaq yatağının eni 15 metr, hərəkət hissə isə 7.5 metrdir.

Artıq layihə çərçivəsində torpaq işləri, yol yatağı və yol əsasının inşası, yeni asfalt-beton örtüyünün döşənməsi yerinə yetirilib. Hazırda ərazinin profilə salınması, yol avadanlıqlarının və yol nişanlarının quraşdırılması işləri son mərhələdə olmaqla aparılır.

Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular və suötürücü boruların tikintisi də icra olunub. Belə ki, yolboyu suların yolun altından ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik dairəvi və düzbucaqlı suötürücü borular inşa edilib. Layihə üzrə ümumi uzunluqları 338.6 metr təşkil edən 7 körpünün inşası da yekunlaşıb.

Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılır.

Yenidənqurma işlərinin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq", - məlumatda qeyd olunub.