İtkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistan hələ də qeyri-konstruktiv mövqe sərgiləyir

İtkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistan hələ də qeyri-konstruktiv mövqe sərgiləyir.

Day.Az xəbər verir ki, bu barədə martın 10-da Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru xanım Katrin Bombergeri qəbul edərkən deyib.

Dövlət Komissiyasının sədri Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı itkin soydaşlarımızın axtarışı məsələsi ilə bağlı Komissiyanın qarşısında qoyduğu vəzifələrin icrası yönündə davam etdirilən təxirəsalınmaz tədbirlərdən, Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilərək ekshumasiyası və tapılmış meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində görülən işlərdən ətraflı bəhs etmişdir. Xidmət rəisi, eyni zamanda itkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistanın əməkdaşlıq etmək niyyətində olmadığını və hələ də qeyri-konstruktiv mövqe sərgilədiyini bildirib.

Komissiya sədri Əli Nağıyev Beynəlxalq Komissiyanın Qiymətləndirmə missiyası tərəfindən tərtib edilərək Azərbaycan tərəfinə təqdim olunmuş itkin düşmüş şəxslərin axtarışı imkanlarını özündə əks etdirən hesabat barədə də fikirlərini çatdırmış, sözügedən təşkilatın Dövlət Komissiyasının işinə göstərdiyi dəstəyə görə minnətdarlıq edib.