İqtisadiyyatı diversifikasiya etmək üçün ixrac potensiallı sektoru inkişaf etdirməliyik

İqtisadiyyatı diversifikasiya etmək üçün ixrac potensiallı sektoru inkişaf etdirməliyik.

Day.Az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

O xatırladıb ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra iqtisadiyyatının əsas problemləri fərqli idi: "İlk illərdə makroiqtisadi sabitliyimiz yox idi. Sabitliyi təmin etdikdən sonra isə əsas problemimiz neft və qaz sektoru oldu. İqtisadiyyatımız əsasən bu sahəyə əsaslanırdı. Hələ də ÜDM-də və ixracımızda neft və qazın böyük payı mövcuddur.

Eyni zamanda, son altı ildə qeyri-neft ixracı, demək olar ki, iki dəfə artıb. Buna görə də əsas məqsədimiz iqtisadiyyatın diversifikasiyasıdır. Bu prosesə illər öncə başlamışıq və müəyyən uğurlar əldə etmişik, lakin hələ də bu iş davam edir.

İqtisadiyyatı diversifikasiya etmək üçün ixrac potensialı olan sektoru inkişaf etdirməliyik. Burada əsas rol istehsalat sektoruna düşür. Qeyri-neft sektorunun sənayeləşdirilməsi üçün sənaye zonaları yaratmışıq. Hazırda 170-dən çox müəssisə qeydiyyatdan keçib, 4 milyard dollardan çox investisiya qoyulub və 10 000-dən çox iş yeri yaradılıb.

Həmçinin xarici investisiyaların cəlb olunması da önəmlidir".

Nazir müavini vurğulayıb ki, bunun üçün əlverişli investisiya mühiti, sabit makroiqtisadi mühit, rəqabətli vergi sistemi və sadələşdirilmiş gömrük prosedurları təmin olunmalıdır: "Bu gün səhər bir Memorandum və dövlət-özəl tərəfdaşlıq sazişi imzalamışıq. Bunların hamısı qeyri-neft sektoruna və xarici birbaşa investisiyalara yönəlib.

Regional əlaqəlilik və inteqrasiya da önəmlidir. Bu baxımdan, geopolitika, davamlılıq və texnologiya məsələləri böyük rol oynayır. Qeyd etmək istəyirəm ki, biz quru ölkəyik və buna görə də müvafiq infrastruktur layihələrinə ciddi investisiya qoyuruq.

Davamlılıq məsələsinə gəlincə, ilk növbədə iqtisadiyyatın diversifikasiyası vacibdir. Bununla yanaşı, iqtisadiyyatın mürəkkəbliyini artırmaq, daha mürəkkəb və rəqabətli məhsullar istehsal etmək lazımdır. Qeyri-neft ixracı əvvəllər əsasən kənd təsərrüfatı məhsullarından ibarət idisə, indi emal olunmuş kənd təsərrüfatı və sənaye məhsulları daha çox paya malikdir. Rəqabətli sənaye qurmaq üçün innovasiya və texnologiya əsasdır".

"Beləliklə, biz quru ölkə olaraq nəqliyyat dəhlizlərinə investisiya qoyuruq, iqtisadiyyatımızı diversifikasiya edirik, mürəkkəbliyini artırırıq və daha rəqabətli məhsullar istehsal edirik. Bütün bunlar isə texnologiya və investisiyaların cəlb olunması ilə mümkündür", - deyə nazir müavini qeyd edib.