“Şahdəniz”də yeni mərhələ: Şahdəniz Kompressiya layihəsi vasitəsilə yataqdan maksimum qazvermə əmsalına nail olacayıq

"Şəfəq" Günəş Elektrik Stansiyası azad olunmuş ərazilərdə qurulan 240 MVt-lıq günəş elektrik stansiyasıdır. Layihənin üstünlüyü ondan ibarətdir ki, burada virtual enerji ötürülmə mexanizmi tətbiq olunacaq. Yəni azad edilmiş ərazilərdə 240 MVt günəş enerjisi istehsal edib milli şəbəkəyə ötürəcəyik və eyni zamanda həmin miqdarda enerjini milli şəbəkədən alaraq Azərbaycandakı neft-qaz emalı üzrə ən iri obyektinin - Səngəçal terminalının elektrikləşdirilməsinə yönəldəcəyik.

Trend xəbər verir ki, bunu bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

bp rəsmisi qeyd edib ki, bu, enerji keçidinin çox uğurlu nümunəsidir:

"Çünki uzun illər neft-qaz ənənəsi olan bir ölkədə 30 illik təcrübəyə malik beynəlxalq enerji şirkəti neft-qaz gəlirlərinin bir hissəsini günəş enerjisinə yönəldir, həmin günəş enerjisi isə neft-qaz emalı müəssisələrinin elektrikləşdirilməsində istifadə olunur. Nəticədə, Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradılacaq. Bu, enerji keçidinin ideal nümunəsidir.

 

Bu təkcə bir layihə ilə məhdudlaşmır. Biz həmçinin gələcəkdə Şahdəniz yatağının elektrikləşdirilməsini nəzərdə tuturuq. Bunun üçün ilk addım olaraq "Şahdəniz Alfa" platformasına 8 kilometr aralıda yerləşən "Bravo" platformasından birbaşa elektrik enerjisi almaq imkanı yaradıldı. Bundan əlavə, yeni tikiləcək Şahdəniz Kompressiya platforması bütövlüklə elektrik enerjisi ilə işləyəcək və Şahdəniz Bravonun elektrik enerjisi ilə təchiz olunmasına da xidmət edəcək. Bu isə, nəticədə, Şahdəniz yatağındakı əməliyyatların bütövlükdə elektrik enerjisinə keçidinə imkan yaradacaq. B. Aslanbəyli onu da qeyd edib ki, Şahdəniz Kompressiya layihəsində əsas məqsəd aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etmək və maksimum qazvermə əmsalına nail olmaqdır.

B. Aslanbəyli həmçinin vurğulayıb ki, əməkdaşlığın və investisiya münasibətlərinin gələcəyi yalnız mövcud əməliyyatların davamı ilə məhdudlaşmır:

"Eyni zamanda yeni enerji mənbələrinə əsaslanan, innovativ yanaşmalar və fərqli vizyon üzərində qurulan yeni üfüqlərə açılır. Bütün bunlar ölkə ilə, Azərbaycan hökuməti ilə, SOCAR və digər tərəfdaşlarla formalaşmış strateji münasibətlərə əsaslanır. Azərbaycanın investisiya mühitini fərqləndirən başqa bir mühüm amil də var: artıq 31 ildir ki, hasilatın pay bölgüsü sazişlərinin şərtləri heç vaxt tərəflərin razılığı olmadan dəyişdirilməyib. 1994 və 1996-cı illərdə imzalanmış müqavilələrdəki bütün öhdəliklər bu gün də tam yerinə yetirilir. Bu isə istənilən investor üçün əsl arzuolunan mühitdir".

"Məhz bu tərəfdaşlıq münasibətləri fonunda biz Azərbaycandakı fəaliyyətimizi yalnız ənənəvi neft-qaz sahəsində deyil, həm də bərpa olunan enerji və enerji keçidi sahələrində uğurla davam etdirməyi planlaşdırırıq", - deyə B. Aslanbəyli əlavə edib.