Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edəcək.
Bu barədə Day.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində 5 iyun 2026-cı il tarixində Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edəcək. Tədbir "Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə." mövzusu altında keçiriləcək.
Azərbaycan Ümumdünya Ətraf Mühit Günü ilə bağlı estafeti 2024-cü ildə Koreya Respublikasında keçirilən tədbirdə qəbul edib.
1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilən Ümumdünya Ətraf Mühit Günü milyonlarla insanı bir araya gətirən ətraf mühit sahəsində qlobal platformadır.
Qeyd edək ki, Azərbaycan qorunan təbiət ərazilərinin genişləndirilməsi, biomüxtəlifliyin qorunması, ekosistemlərin bərpası və iqlim dəyişmələri ilə mübarizə istiqamətində fəaliyyətini davam etdirir. Ölkə, həmçinin Paris Sazişi tərəfi kimi emissiyaların azaldılması öhdəliyini götürüb və bərpa olunan enerji sahəsini genişləndirir.
COP29-a ev sahibliyinin yaratdığı dinamikanı davam etdirən Azərbaycan bu tədbir vasitəsilə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə və ekoloji öhdəliklərin praktik fəaliyyətə çevrilməsinə töhfə verməyi hədəfləyir.
Azərbaycan Respublikası və BMT-nin Ətraf Mühit Proqramı bütün tərəfləri Ümumdünya Ətraf Mühit Gününə qoşulmağa və ətraf mühitin qorunması naminə birgə fəaliyyət göstərməyə dəvət edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре