Bakıda DİN-in yüksək rütbəli əməkdaşının polis oğlu bıçaqlandı

Day.Az представляет новость на азербайджанском языке.

---------
16:34

Bakıda polis əməkdaşlarının bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğundan APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, fevralın 2-də saat 01 radələrində Daxili İşlər Nazirliyinin "102" Xidmətinə paytaxtın Sabunçu rayonu ərazisində yerləşən "Emin" kafesində münaqişə olması barədə daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin əməliyyat qrupu və həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları gələrək kafedə bir qrup vətəndaşın sərxoş vəziyyətdə xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışıblar. İctimai qaydanı kobud surətdə pozaraq xuliqanlıq edən şəxslərdən bir neçəsi bıçaqla polis əməkdaşlarına hücüm edərək polis kapitanı Ağaəli Ələkbərliyə, polis serjantları Elnur Şərifova və Bəxtiyar Abbasova bədən xəsarətləri yetiriblər.

Polis əməkdaşları tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakinləri - 1987-ci il təvəllüdlü Dəyanət Muradov, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü İlham Məmmədov və Ağcabədi rayon sakini, 1986-cı il təvəllüdlü Fariz Məlikov zərərsizləşdirilərək dərhal polis bölməsinə aparılıb, hadisə zamanı istifadə olunan bıçaq isə maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə bir qrup şəxs tərəfindən xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib.

D.Muradov, İ.Məmmədov və F.Məlikov cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

----------
13:10

Bakının Sabunçu rayonundakı "Emin" kafesində bıçaqlanan polislərdən kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini polkovnik Əkbər Ələkbərovun oğludur.

"Report"un xəbərinə görə, A.Ələkbərov DİN-in hospitalına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, "Emin" kafesində baş verən kütləvi dava edən şəxslər hadisə yerinə gələn polisin qanuni tələblərinə riayət etməyərək müqavimət göstəriblər. Onlar polis əməkdaşlarına bıçaqla hücum edib. Hadisə nəticəsində dörd polis əməkdaşı yaralanıb.

----------
11:35

Bakıda kütləvi dava olub.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə fevralın 1-dən 2-ə keçən gecə rayon ərazisində fəaliyyət göstərən "Emin" kafesində qeydə alınıb.

Beyləqan rayon sakinləri - Dəyanət Muradov, İlham Məmmədov və Fariz Məlikov sərxoş vəziyyətdə dalaşıblar. Hadisə yerinə polis çağırılıb. Sərxoş şəxslər əraziyə gələn polis əməkdaşları - polis kapitanı Ağaəli Əkbər oğlu Ələkbərova, polis serjantları Elnur Elman oğlu Şərifov və Bəxtiyar Şahlar oğlu Abbasova xəsarət yetiriblər. Hadisəni törədən şəxslər tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.