Musa Qasımlı: "Bu sərəncam dünyaya və ermənilərə bir işarədir"

Day.Az представляет новость на азербайджанском языке

Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına dair imzaladığı sərəncamın dərin mənası vardır.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.

Millət vəkili qeyd edib ki, bu, Azərbaycan dövlətinin ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə barışmayacağına, necə olursa-olsun həmin əraziləri düşməndən azad edəcəyinə və bərpasına dair iradəsinin konkret göstəricisi olmaqla, məcburi köçkünlərin doğma yurdlarına böyük qayıdışı yolunda mühüm addımlardan biridir:

"Kənd sakinlərinin yurdlarına dönməsi, dövlət büdcəsi hesabına yeni tikilmiş evlərə köçmələri inkişafa gətirəcək. Onlar əkib-becərəcək, heyvandarlıqla məşğul olacaq, həm özlərini təmin edəcək, həm də məhsullarını bazara çıxarıb sataraq zəruri ehtiyaclarını ödəyəcəklər. Bərpa zamanı aparılan tikinti-quruculuq işləri yeni iş yerlərinin açılmasına gətirəcək. Cənab prezidentin bu sərəncamı dünya dövlətlərinə, beynəlxalq təşkilatlara və hətta ermənilərin özlərinə də bir işarədir. Azərbaycan dövləti bununla söyləyir ki, ərazilərinin azad edilməsində, bərpasında qəti qərarlıdır və ölkə qanunlarına tabe olan ermənilər üçün də belə şəraiti qura bilər".

Qeyd edək ki, prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.