Azərbaycanlı aktrisa nədən danışmaq istəmədi?

Day.Az представляет интервью на азербайджанском языке.

Aktrisa Almaz Mustafayevanın Milli.Az-a müsahibəsi.

- Almaz xanım, söhbətimizə istəyirəm Nəsibə Zeynalovanın həyatından bəhs edən "Aktrisanın təbəssümü" filmi ilə başlayaq. Bu filmlə bağlı nə kimi xatirələriniz var?

- Mən teatra 1970-ci ildə gəlmişəm. Amma buna baxmayaraq televiziyada artıq məni tanıyırdılar. Rauf Kazımovski bu filmə məni dəvət etdi. O zaman cavan idim, 20 yaşım var idi. Zaman keçdikcə xatirələr də yavaş-yavaş yaddaşdan silinir. Bircə onu bilirəm ki, gecədən səhərə kimi çəkiliş gedirdi. Nəsibə xanım özündən sözlər deyərək, bizi güldürürdü. Mənimlə olan səhnəsində gülməmək üçün özümü güclə saxlayırdım.

- Teatrda fəaliyyətinizin geniş olduğunu bilirəm. Filmlərdə isə çox az çəkilmisiniz...

- Teatra gələn gündən mənə rollar verilib. Bir çox uşaq tamaşalarında baş rollarla çıxış etmişəm. Sən bilirsən ki, mən ilk dəfə "Sehrli xalat" filmində çəkilmişəm. 1978-ci ildə isə məni "Şir evdən getdi" filminə dəvət etdilər. Bu filmdə mən meymunu oynayırdım. Film o vaxt Ceyranbatan gölü ətrafında çəkilirdi, biz də batutlar üzərində atlanıb düşürdük. Çox maraqlı film alınmışdı.

- Uşaqlıqdan teatrda böyümüş insansınız. İllər sizə hörmət edir?

- Əlbəttə. Əvvəla teatrdakı bizim cavanlar məni çox istəyir, hörmət edirlər Teatrda hamı mənə qarşı çox hörmətcildir. Yolda olanda, xəstəxanaya gedən zaman həkim mənim tamaşalarıma gəlib baxdığını deyir. Başlayır tamaşalarımın adını çəkməyə. Küçədə məni səsimdən tanıyırlar, çox spesifik səsim var. Hamı deyir ki, sən heç dəyişməmisən. Amma mən hiss edirəm ki, çox dəyişilmişəm.

- Bugünkü gündə teatr mədəniyyətindən, insanların teatra gəlişindən razısınız?

- Bir dövr, 1990-cı illərdə baş verən hadisələr teatra çox pis təsir etdi. Demək olar ki, biz tamaşaçılarımızı itirdik. İnsanlar öz həyatlarını düşünürdülər, teatr 2-ci planda idi. 70-80-ci illərdə isə biz açıq kassaya tamaşa oynayırdıq, millət gəlib böyük həvəslə tamaşalarımıza baxırdı. Bu gün insanlar artıq teatra qayıdır. Mənə elə gəlir ki, bu gün insanların teatra münasibəti müsbət tərəfə dəyişib.

- Almaz xanım sənətində əlini nədən üzüb?

- Mən bu barədə heç nə danışmaq istəmirəm, qoy o, mənim qəlbimdə qalsın (kədərlə).

- Kollektivdən incidiyiniz vaxtlar olub?

- Bir dövr mən bir az incimişdim, o da kollektivdən yox, Loğman Kərimovdan incimişdim. O, 6 il bu teatrda baş rejissor oldu, mən yalnız Nicat Kazımovun tamaşalarında oynayırdım. O, mənim aktrisalıq potensialımı bilirdi, nədənsə mənə rol vermirdi. Bir dəfə mənə dedi ki, gəl Qaraca qızı oyna. Mən bu rolu 1970-ci ildə oynamışdım, roldan imtina etdim. Mənə dedi ki, mən sənə rol verirəm, sən istəmirsən. Mənim yaşım artıq 50-ni keçmişdi, bu yaşımda Qaraca qızı oynamaq mənə ayıb olardı. Mən yenə də oynayardım və qat-qat da gözəl oynayardım. Amma mən klassik tamaşada bu rolu oynamışdım. O, mənə dedi ki, sən bacarmarsan, mən bacararam, sadəcə, özümü gülünc yerinə qoymaq istəmirdim. Mən indi 60 yaşımda Cülyettanı oynasam, mənə gülərlər. İndi gərək cavanı cavan, nənəni nənə, yaşlını yaşlı oynasın. Hərçənd ki, indi nənələri teatrdan çıxarırlar...

- Yeni hazırlanan tamaşalarda iştirak edirsiniz?

- Keçən sezon mən "Göyçək Fatma" və "Mən səni sevirəm" tamaşalarında oynayırdım. Bu sezon 2 tamaşa səhnələşdirilir, amma bilmirəm ki, mən hansında iştirak edəcəyəm. İstərdim ki, 2 nəfərlik bir tamaşada oynayım. Buna görə mən həm Nicatdan, həm də oğlumdan xahiş etmişəm ki, mənim üçün belə bir əsər tapsınlar.

- Gününüz, yəqin ki, nəvələrinizlə keçir...

- Böyük nəvəm Vaqif mən olmayanda darıxır, mənə "Amasim" deyir. Yayda mən xaricə getmişdim, hər dəfə deyirdi ki, "Amasim hanı?" (gülür) Mənim həmişə arzum olub ki, mən yatım, nəvələrim də qaçıb mənim yanıma gəlsinlər. Balaca nəvəm Ömər də bu gün otağımın qapısını açıb, yanıma gəlib. Mənə elə gəlir ki, qadın üçün bundan böyük xoşbəxtçilik ola bilməz.

- Şəkil çəkdirməyi, deyəsən, çox xoşlayırsınız...

- Cavanlığımda daha çox xoşlayırdım. Bu yay mən xaricdə oldum, orada da çoxlu şəkillər çəkdirmişəm. Mən dənizi çox sevirəm, məndə daha çox dəniz şəkilləri var.

- Almaz xanım, illər keçir, amma sizi necə görmüşüksə, elə də qalmısınız... Formanızı necə saxlayırsınız?

- İnsanın daxili təmiz olanda o, özünü xaricdə də göstərir. Nə bilim vallah, yəqin ki, bundandır. Birdə ki, Tyuz aktrisaları həmişə cavan olurlar (gülür). Bir gün özümü pis hiss edəndə güzgüyə baxa bilmirəm.

- Son olaraq çəkildiyiniz serialdan danışmağınızı istərdim...

- "3 bacı" adlı serialda çəkilirəm. Serialın mövzusu bir evin sakinlərinin həyatı haqqındadır. Mən də burada qonşu qadın Kubranı oynayıram. Bu qadın hakerdi, kompüteri dərindən bilir. Yaşlı olmasına baxmayaraq cavan qəlbli qadındır. Məni bu rola dəvət edən insanlara öz təşəkkürümü bildirirəm.