Elektrik enerjisinin istehsalı ilə bağlı yeni

Elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılmasının müddəti dəyişir.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Elektroenergetika haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, ötürücü sistem operatoru elektrik enerjisinin ötürülməsinə verilmiş icazə əsasında fəaliyyət göstərir. Ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, paylanması və təchizatı fəaliyyəti ilə məşğul ola biməz. Bu qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

Təklif edilən dəyişikliklə yuxarıdakı qadağa müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş müddətdə qüvvəyə minəcək.

Beləliklə, elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin birinci mərhələsində (birinci mərhələ qanunun qüvvəyə mindiyi gündən, yəni 2024-cü il yanvarın 1-dən 2025-ci il iyunun 30-dək olan dövrü əhatə edir) həyata keçirilməsi nəzərdə tutulan elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması 2025-ci il iyulun 1-dək deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə icra ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.