“Milli Şura” ideyası müxalifətin özünə qarşı yönəlib

Day.Az представляет новость на азербайджанском языке.

Ziyalılar Forumunun üzvü, kinodramaturq Rüstəm İbrahimbəyov ötən ilin payızında elan olunmuş Milli Şura ideyası ilə bağlı prinsipial razılığın əldə edildiyini bildirib. O, bildirib ki, bu istiqamətdə tanınmış ictimai və siyasi xadimlərlə danışıqlar aparılır və razılıq var.

Kinodramaturq deyib ki, çox güman ki, aprelin sonlarında, mayın əvvəllərində Milli Şuranın tərkibi ölkənin aparıcı partiyaları və hərəkatları tərəfindən təsdiqlənəcək və öz işinə başlayacaq. Öncədən də bəlli olduğu kimi Milli Şura İctimai Palata tipli kollegial qurum kimi nəzərdən keçirilir. Ənənəvi müxalifətin (sağ mərkəzçi müxalifətin) bu istiqamətdə təcrübəsi var. Ötən əsrin 90-cı illərində sağ müxalifət SİDSUH, DUH, DUBB, 2000-ci illərdə isə MKM, DSUİ kimi qurumlar yaradıb. Sol müxalifətin Azərbaycançı Qüvvələr Birliyi vardı. Bu dəfə Milli Şura Moskvapərəst qüvvələrin dominantlığı ilə yaradılır. O üzdən də sağ müxalifət Milli Şuranın yaradılmasına maraq göstərmir. El hərəkatı yaradılanda AXCP və Müsavatın təbliğat şəbəkəsi "Milli Şura ideyası iflasa uğradı" mesajını verdilər. Bu, ənənəvi müxalifətin elektoratına, beynəlxalq təşkilatlara ünvanlanmış ismarıc idi. Aşkar görsənirdi ki, köhnə müxalifət meydanını daraltmış İbrahimbəyova güzəşt etmək niyyətində deyil. AXCP-yə yaxın media qurumları Milli Şuraya qarşı piar aparır, Müsavat funksionerləri, mətbuatı isə birbaşa İbrahimbəyovu hədəfə aldılar. Onların piarı effekt verdi. "Mən dəli deyiləm ki, ölkəyə qayıdam və məni həbs edələr" fikri İbrahimbəyova baha başa gəldi. Bu siyasi xətadan yararlanan Müsavat partiyası funksioner səviyyəsində İbrahimbəyovun bu fikrini onun özünə qarşı çevirdi. Açıq bildirdilər ki, İbrahimbəyovun bu fikirləri həbsdə olan siyasi fəalları, o cümlədən Tofiq Yaqubluya, İlqar Məmmədova həqarətdir.
 

Mətbuat xəbər verir ki, Rüstəm İbrahimbəyov may ayından yenidən siyasi meydana atılacaq, fəallığı artıracaq. Milli Şuranın da elə o vaxt elan olunacağı gözlənilir. Ənənəvi müxalifət mövqeyini əldən vermək istəmir. Bu baxımdan İbrahimbəyova qarşı təbliğat davam edəcək. AXCP Müsavatla rəqabət aparsa da, üçüncü qüvvənin ortaya çıxmasını hər iki partiya istəmir. Onlar müxalifət düşərgəsində əvvəlki kimi dominant olmaq, ziyalıları da öz yanlarında görmək istəyirlər. Rüstəm İbrahimbəyov, Rafiq Əliyev müxalifətə siyasi prosesləri aktivləşdirmək, radikal bəyanatlar verərək müxalifətçi elektoratı hərəkətə gətirmək üçün lazım idi. Müsavat və AXCP üçün Rüstəm İbrahimbəyov yaxşıdır. Amma o halda ki, İbrahimbəyov onların yanında dayansın. Ramiz Rövşən, Nüşabə Sadıxlı kimi. İbrahimbəyov isə elə bir ideya ilə çıxış edib ki, bütün sistemin əleyhinədir. İbrahimbəyovun qurumu bütün köhnə müxalifət sistemini çökdürmək gücündədir. Bu baxımdan ənənəvi müxalifət: İsa Qəmbər-Pənah Hüseyn-Arif Hacılı xətti kinodramaturqun yenidən aktiv siyasətə atılmasına imkan verməyəcək. Həbs olunanlarla bağlı sərt fikirlərindən və bir müddət taym-aut götürdükdən sonra İbrahimbəyovun siyasi fəallığı əvvəlki kimi asan olmayacaq. Böyük ehtimalla, ona qarşı həbsdə olan siyasi fəalların əli ilə qaralama kampaniyası davam edəcək. Ənənəvi müxalifət İbrahimbəyovu güzəştə vadar etmək istəyir. Ondan istənilən odur ki, Müsavat, AXCP və El hərəkatının vahid namizədinin yanında dayansın. İbrahimbəyov isə Milli Şuranı hər üç qurumun fövqündə saxlamaq istəyir. Təbii ki, öz liderliyi ilə. Ənənəvi müxalifət bu statusu ona tanımayacaq.
 

/Olaylar.az/