AFFA “Qarabağ”ı feysbukdakı paylaşıma görə cərimələyibmiş

Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi "Qarabağ" klubunu serbiyalı futbolçu Uroş Matiçin adının yanlış yazılmasına görə cərimələyib. "Qafqazinfo" xəbər verir ki, buna səbəb isə feysbukdakı "Grammar Azi" səhifəsinin etdiyi paylaşım olub. 

Səhifə Uroş Matiçin adının Azərbaycan dilinin orfoqrafik qaydalarına zidd olaraq "Matić" yazılmasını işıqlandırıb. Bundan sonra isə İntizam Komitəsi buna görə kluba 3 min manat cərimə kəsib. Klub isə bu qərardan narazılığını bildirib. Hətta "Qarabağ" apellyasiya şikayəti də verib. 

Əvvəlki illərdə də Azərbaycanda forma standartlarını pozan klublara rast gəlmişik. "Qəbələ" bir neçə il öncə Elvin Camalovun adının "Jamalov" yazılmasına görə xəbərdarlıq alıb. "İnter"in sabiq futbolçusu Nizami Hacıyev meydana protokola uyğun olaraq 8 deyil, 80 nömrə ilə çıxsa da, klub sadəcə xəbərdarlıq almışdı. Hər iki hal forma standartlarının pozulması kimi qeydə alınmışdı. 

Forma standartları ilə bağlı qayda isə aşağıdakı fotoda yazılan kimidir:

Mətbuat xidməti rəhbəri Gündüz Abbaszadə İntizam Komitəsinin qərarını şərh edib. O, klubun qərardan AFFA Apellyasiya Artbitraj Tribunalına şikayət etmələrinin səbəbini də açıqlayıb: "Bu qərardan apellyasiya şikayəti vermişik. AFFA-nın Apellyasiya Arbitraj Tribunalına göndərdiyimiz məktubda daha detallı izah etməyə çalışmışıq ki, niyə bizim 3 min manat cəzalanmağımız haqsızdır. Ordan bəzi məqamları deyə bilərəm. Birinci odur ki, Uroş Matiç həmin matçda meydana çıxmayıb. Cərimə olunmasına səbəb kimi "Sumqayıt" - "Qarabağ" matçı göstərilib. Həmin qarşılaşmada yarımmüdafiəçi 1 dəqiqə olsa da, meydana çıxmayıb. Digər məsələ odur ki, əvvəlki illərdə də AFFA İntizam Komitəsinin müvafiq bəndində bu "forma standartlarının pozulması halı kimi qeyd olunub". Ad çəkmək istəmirəm, lakin klublar olub ki, forma standartlarını bənzər və ya fərqli formada pozub. Həmin illərdə o klublara yalnız xəbərdarlıq olunub. Buna görə hesab edirik ki, buna görə bizə əvvəlcə xəbərdarlıq olunmalı idi, təkrar olsa idi, cərimə verilməlidir. Əvvəlki turlarda da Matiç eyni forma ilə oynadığı halda cərimə olunmayıb. Lakin biz demirik ki, bu düzgün yazılış idi. Təbii ki, burda Azərbaycan dilinə hörmətsizlikdən söhbət gedə bilməz. Müvafiq bənddə, maddə 69-da Azərbaycan dilinə hörmətlə bağlı heç bir yazı yoxdur. Orada göstərilib ki, "formanın üzərində ad sifariş vərəqəsinə uyğun olaraq yazılmadıqda klub 3 min manat cərimə edilə bilər". Əgər siz klubların PFL-ə göndərdiyi sifariş vərəqələrini görsəniz, bizim haqlı olduğumuzu düşünərsiniz. Təəssüf ki, media həmin sifariş vərəqələrini görmür. Biz inanırıq ki, AFFA İntizam Komitəsi bizim haqlı hesab etdiyimiz iradımıza müsbət cavab verəcək". 

Gündüz Abbaszadənin də qeyd etdiyi kimi əvvəlki matçlarda da Uroş Matiç meydana bu forma ilə çıxıb. Lakin nə hakimlər, nə də AFFA Nümayəndələri bu hala diqqət ediblər. Yalnız feysbukda "Grammar Azi" səhifəsinin bunu işıqlandırmasından sonra federasiya klubu cəzalandırıb.