Ermənilər indi nədən qorxuya düşdülər?

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

İrəvanda yeni isterikadır. Ermənistan hakimiyyəti, siyasi dairələr və və onların media ruporları guya Azərbaycanın tərəfdən gələn təhlükə ilə bağlı panikanı yeni güclə artırır. Əsas katalizatorlar bəzi deputatlar və siyasətçilərlə bahəm, politoloq Alen Gevondyan və keçmiş ombudsman Arman Tatoyanın bəyanatları olub. Onların ritorikası erməni elitalarının daxili və xarici siyasətdə məqsədlərinə çatmaq üçün təhdid narrativindən istifadə cəhdlərini bir daha üzə çıxarır.

Alen Gevondyan News.am-a verdiyi müsahibədə Ermənistanın guya ərazi itkiləri ilə üzləşəcəyini iddia edib. O, "minimum plan" və "maksimum plan"ı təsvir edərək Bakı tərəfindən yalnız Zəngəzur dəhlizinin reallaşdırılmasına deyil, həm də bütün Sünik bölgəsinin anneksiyasına yönələcəyini iddia edib.

Faktiki əsasdan məhrum olan bu cür bəyanatlar vəziyyətin obyektiv analizindən çox, daxili qorxuları qızışdırmağa yönəlib.

Arman Tatoyan daha da irəli gedərək, Azərbaycanın guya "Qərbi Azərbaycan" konsepsiyası adı altında Ermənistan ərazilərinə öz xüsusi xidmət orqanlarının agentlərini yerləşdirməklə "genişmiqyaslı əməliyyat" hazırladığını bildirib.

Onun sözlərinə görə, sən demə, Bakı "erməni dövlətçiliyini məhv etmək" məqsədini güdür. Belə marazmatik ritorika təkcə təxribat xarakterli deyil, həm də ictimai rəyi manipulyasiya etməyə yönəlib, xüsusilə də Azərbaycanın hər hansı bir addımını təhdid prizmindən qəbul etməyə meylli olan insanlar arasında.

"Yaxınlaşan təhlükə" ilə bağlı bəyanatlar havadan yaranmır. Onlar erməni elitalarının ictimai rəyə nəzarəti saxlamaq və həm ölkə daxilində, həm də beynəlxalq arenada mövqelərini gücləndirmək cəhdlərinin tərkib hissəsidir.

Azərbaycandan məcburi köçkün düşmüş 300 min azərbaycanlının hüquqları məsələsi Ermənistan üçün ağrılı mövzuya çevrilib. Prezident İlham Əliyev dəfələrlə bu məsələni gündəmə gətirərək, etnik təmizləmə faktlarının unudulmayacağını vurğulayıb. "Qərbi Azərbaycan" icmasının fəaliyyəti Azərbaycanın vətəndaş diplomatiyasında əsas alətlərdən birinə çevrilir.

Oktyabr ayında icma sədri Əziz Ələkbərli bəyan edib ki, Bakı qisas deyil, hüquqlarının bərpasını tələb edir və beynəlxalq ictimaiyyət bu məsələdən xəbərdar olmalıdır.

Ermənistanda bu aktivlik tarixi ədalətsizliklər barədə narahatlığı artırır.

Antitürk ritorika isə Ermənistanın siyasi kursunda mühüm element olaraq qalır. "Təhdid" ətrafında yaranan panika Nikol Paşinyanın hökumətinə qarşı tənqidlərə, müxalifət qüvvələrinin konsolidasiyasına və beynəlxalq dəstəyin cəlb olunmasına şərait yaradır. Ermənistanda baş verən son hadisələr Azərbaycanın və Ermənistanın sülh sazişi üzrə 17 bənddən 15-də razılıq əldə etməsini göstərir.

Avropa və ABŞ isə tərəfləri kompromisə çağırır və bütün etnik qrupların hüquqlarının təmin olunmasının vacibliyini vurğulayır. Ermənistan daxilində müxalifətin təzyiqləri artır və mitinqlər "milli maraqların xəyanəti" ittihamlarına əsaslanır. Azərbaycanın tələbləri beynəlxalq birliyin də dəstəyi ilə getdikcə daha güclü rezonans doğurur. Bu şəraitdə Ermənistan cəmiyyətini manipulyasiya etmək cəhdləri təhlükənin mövcud olmadığı şəraitdə də davam edir.

Bugünkü erməni dairələrindəki panika təkcə xarici çağırışlara emosional reaksiya deyil, həm də siyasi mübarizə vasitəsidir.

Gevondyan və Tatoyanın bəyanatları daxili müxalifəti səfərbər etmək, beynəlxalq diqqəti cəlb etmək və Ermənistanın geosiyasi mövqelərini möhkəmləndirmək kimi konkret məqsədlərə xidmət edir. Lakin Azərbaycan beynəlxalq hüquq və qanuni tələblərinə əsaslanaraq ardıcıl və məqsədyönlü siyasət yürüdür.

Ermənistan isə destruktiv ritorikada israr edir ki, bu da uzunmüddətli perspektivdə onu daha böyük təcrid vəziyyətinə gətirib çıxaracaq. İrəvan üçün yeganə konstruktiv yol reallığı qəbul etməkdən və manipulyasiyadan əl çəkməkdən ibarətdir, çünki bu cür yanaşmalar münaqişəni daha da dərinləşdirir.

Ermənistan üçün Azərbaycanın guya "təhdid" yaratdığı ilə bağlı gərginliyin artırılması daxili və xarici üstünlüklər əldə etmək üçün effektiv bir vasitəyə çevrilib. "Təcavüz qurbanı" obrazından istifadə edən İrəvan həm beynəlxalq ictimaiyyətin, həm də tarixi yaddaşın üzərində oynayaraq mövqelərini gücləndirməyə çalışır.

Ermənistan "ərazi bütövlüyünə təhdid" ritorikasını aktiv şəkildə istifadə edərək Fransa və Hindistan kimi ölkələrlə hərbi-texniki əməkdaşlığı genişləndirir. Belə ki, Fransa Cənubi Qafqazda mövqelərini gücləndirmək siyasətinə uyğun olaraq Ermənistana kəşfiyyat və texniki dəstək göstərməkdə davam edir. Hindistan isə Azərbaycanın və Türkiyənin regional təsirini zəiflətmək məqsədilə Ermənistana raket sistemləri və artilleriya daxil olmaqla silah tədarükünü artırıb.

Bəhs etdiyimiz münasibətlər "gələn təcavüz" ritorikasının davamlı olaraq şişirdilməsi fonunda, Ermənistana hərbi xərcləri artırmağa və yeni silah tədarükünü əsaslandırmağa imkan yaradır.

Xarici ölkələrdəki erməni diasporası "Azərbaycanın təcavüzü" narrativini fəal şəkildə irəli sürür. ABŞ, Fransa və Kanadada Ermənistanın maraqlarını lobbiləşdirirlər. Azərbaycan "təcavüzünə" diqqət çəkmək məqsədilə media və sosial şəbəkələrdə kampaniyalar təşkil edirlər.

Diaspora iqtisadi yardımları cəlb etmək və beynəlxalq dəstəyi konsolidasiya etmək üçün əsas mexanizm kimi çıxış edir ki, bu da artan təcrid şəraitində Ermənistan üçün xüsusi əhəmiyyət kəsb edir.

Avropadakı tarixi türkofobiya da hazırda Ermənistanın lehinə işləyir. Xüsusilə Fransa kimi bir çox Aİ ölkəsi İrəvanın ritorikasını dəstəkləməyə meyllidir. Bu, Ermənistana Avropa Parlamenti kimi beynəlxalq təşkilatlarda mövqelərini gücləndirməyə, həmçinin demokratiya və insan hüquqları sahəsində "Qərb dəyərləri"ni vurğulamaqla özünü regionda xristianlığın "son qalası" kimi təqdim etməyə imkan verir.

Məzkur strategiya İrəvana Aİ-dən gələn daxili siyasət tənqidlərini minimallaşdırmağa və diqqəti "xarici təhlükəyə" yönəltməyə şərait yaradır.

Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək və öz geosiyasi mövqelərini gücləndirmək üçün təxribat xarakterli və manipulyasiyaedici ritorikadan istifadə etməsi aydındır. Lakin bu yanaşma davam etdikcə, Ermənistan daha dərin problemlərlə üzləşmək riskini artırır. Azərbaycanın isə reallığı və beynəlxalq hüquq prinsiplərini əsas götürən mövqeyi daha güclü və davamlı perspektivlər vəd edir.

Bu arada Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar kritik mərhələyə çatıb. Tərəflər sənədin 17 maddəsindən 15-ni razılaşdırsa da, qalan iki maddə Ermənistanın konstitusiyasında ciddi dəyişikliklər tələb edir.

Həmin maddələr 1980-ci illərin sonlarında Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsini və Zəngəzur dəhlizi ilə bağlı maddələrin həyata keçirilməsi mexanizmlərinin yaradılmasını əhatə edir. Nikol Paşinyan üçün sülh müqaviləsinin imzalanması onun siyasi gələcəyini müəyyən edəcək əsas vəzifədir. Bununla belə, müxalifət qüvvələri müqavilənin imzalanmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edir.

Ermənistan müxalifəti başa düşür ki, sülh müqaviləsinin imzalanması Paşinyanın mövqelərini möhkəmləndirəcək və onların hakimiyyətə qayıtmaq şanslarını minimuma endirəcək. Bu səbəbdən müxalifət öz strategiyasını nəzarətində olan media vasitəsilə "milli maraqların xəyanəti" və "ərazi güzəştləri" barədə şayiələr yaymaq, müqaviləyə qarşı kütləvi etiraz aksiyalarını təşkil etmək və parlamentdə konstitusiya dəyişikliklərinin qarşısını almaq üçün blokadalar yaratmaq üzərində qurur.

Əgər müxalifət bu cəhdlərdə uğur qazansa, bu, Ermənistan daxilində daxili siyasi böhranı dərinləşdirə bilər və ölkənin beynəlxalq reputasiyasına ciddi zərbə vura bilər. Əgər danışıqlar çıxılmaz vəziyyətə düşərsə, radikal erməni qüvvələri hərbi eskalasiya təşəbbüsündə ola bilər. Bu, sərhəddə təxribatlar, atəşkəs pozuntuları və ya digər insidentlər şəklində özünü göstərə bilər. Azərbaycanın cavab tədbirləri isə hər hansı destabilizasiya cəhdlərini dərhal önləmək istiqamətində olacaq, çünki Azərbaycanın ordusu regionda ən güclü hərbi qüvvələrdən biridir.

Hərbi münaqişə Ermənistan üçün dağıdıcı nəticələrə, o cümlədən infrastrukturların məhv edilməsinə, beynəlxalq dəstəyin itirilməsinə və iqtisadi zəifliyə səbəb ola bilər.

Hərgah Paşinyan daxili müqaviməti dəf edərək sülh müqaviləsini imzalasa, Ermənistan üçün geniş iqtisadi faydalar, Zəngəzur dəhlizi və nəqliyyat kommunikasiyalarının açılması nəticəsində ticarət imkanlarının genişlənməsi, Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması ilə regional sabitliyin təmin olunması və Avropa İttifaqı və ABŞ-dən etimadın artırılması kimi üstünlüklər təmin oluna bilər.

Bununla belə, bu ssenarinin həyata keçirilməsi böyük siyasi iradə, kompromislərə hazır olmaq və xarici təhdid ritorikasını azaltmağı tələb edir.

Ermənistanın hazırkı vəziyyəti iki seçim arasındadır: münaqişəni daha da dərinləşdirməklə ölkəni təcridə sürükləmək və ya konstruktiv həll yolu ilə yeni perspektivlər açmaq. Ermənistanın siyasi dairələri manipulyasiya və təhdid ritorikasından imtina edərək kompromisin vacibliyini anlamalıdır.

Yalnız sülh və dialoq vasitəsilə təcriddən qaçmaq və xalq üçün dayanıqlı gələcəyi təmin etmək mümkündür.

Ermənistanın gələcək inkişafının təməlində sülh durur və bu, keçmişin dağıdıcı illüziyalarından imtina etməyi tələb edir.