Daha iki qazimiz yüksək texnologiyalı protezlərlə təmin edildi - FOTO
Prezident İlham Əliyevin tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazilərimizin son nəsil müasir protezlərlə təminatı işləri davam etdirilir. Nazirlik Vətən müharibəsinin daha iki iştirakçısını - Mingəçevir şəhər sakini Abdulla Abdullayevi və Qazax rayon sakini Abbas Yusifovu yüksək texnologiyalı protezlərlə təmin edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Day.Az-a verilən məlumata görə, onlar nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin hazırlıq mərhələsi keçdikdən sonra ən müasir reabilitasiya vasitələri ilə təmin ediliblər.
A.Abdullayev Ağdam rayonu uğrunda döyüşlərdə ağır yaralanaraq hər iki ayağını itirib. Dövlət başçısının Sərəncamları ilə o, "Cəsur döyüşçü" və "Ağdamın işğaldan azad olunmasına görə" medalları ilə təltif edilib.
A.Yusifov isə Suqovuşan, Talış istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq sol ayağını itirib. O da Prezident İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Hər iki qaziyə əlilliyə görə aylıq sosial ödənişlər təyin edilib.
Nazirlik ötən ilin dekabrından qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlayıb və artıq 140-dan çox hərbçi ən müasir protezlərlə təmin olunub və bu proses davam edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре