Bu il münaqişələr səngiyəcək, yoxsa daha da alovlanacaq? – Elşad Həsənov
21-ci əsrin 20-ci illəri gərgin keçdi. 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana hücum etdi. Daha sonra bizim əks-hücumumuzla Vətən müharibəsi başladı və cəmi 44 gün çəkdi. Bundan sonra 2022-ci il fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başladı. Artıq 3 ildir ki, müharibə davam edir. 2023-ci il oktyabrın 7-də HƏMAS İsrailə hücum etdi, insanları girov götürdülər və tərəflər arasında müharibə başladı. İsrail daha sonra "Hizbullah" və husilərlə də mübarizəyə başladı. 2025-ci ildə dünyada müharibələr olmayacaq fikrini düzgün hesab etmirəm. Düzdür, liderlər çalışırlar ki, müharibələr dayansın, sülh, əmin-amanlıq olsun, lakin maraqlar toqquşur. Bu maraqları təmin etmək üçün də bəzi dövlətlər müharibəyə əl atırlar.
Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında politoloq Elşad Həsənov deyib.
O xatırladıb ki, İsrail, demək olar ki, HƏMAS və "Hizbullah" komandanlarının əksəriyyətini zərərsizləşdirib:
"İsrail rəsmiləri, həmçinin, bildirirlər ki, Suriyada da İranın proksi qüvvələri məhv edilib, husilərdən sonra növbə İranındır. İranın nüvə silahı əldə etməyə hazır olduğu haqqında məlumatlar var. İsrail ABŞ ilə birlikdə buna yol vermək istəmir. Benyamin Netanyahu da açıq şəkildə bildirdi ki, biz İrana imkan verməyəcəyik ki, nüvə silahı əldə etsin, ona görə İranın nüvə obyektlərinə zərbələr endirəcəyik.
Bu, danılmazdır: 2025-ci ildə İran məsələsi həll olunacaq. Əgər İran rəhbərliyi özü nüvə silahı yaratmaq ideyasından əl çəksə, İrana hücum olmaya bilər. Lakin İran da belə bir ideyadan əl çəkəsi deyil. İran rəhbərliyi daha ciddi fikirlər səsləndirir. Donald Tramp hakimiyyətə gəldikdən sonra yaxın bir neçə ay ərzində İran məsələsinə ciddi şəkildə baxılacaq. İsrail onu vurmağa hazırdır və təbii ki, ABŞ-nin köməyi olmadan bu məsələyə getməyəcək. Trampın da dünyada ən çox dağıtmaq istədiyi yer İran, onun nüvə obyektləri və hərbi gücüdür".
Politoloq Rusiya-Ukrayna müharibəsinin gedişatından da söz açıb:
"Tramp seçkiqabağı bildirmişdi ki, hakimiyyətə gəldikdən 24 saat sonra müharibəni dayandıracaq. Artıq onun hakimiyyətə gəlməsinə sayılı günlər qalıb. O çıxışlarında bildirir ki, ilk növbədə Putinlə telefon danışığı olacaq. Putin də onunla görüşməyə can atır. Artıq bu istiqamətdə işlər aparılır.
Müharibənin dayandırılmasında danışıqların çox böyük əhəmiyyəti var. Avropa İttifaqı, o cümlədən, Fransa, Almaniya, İtaliya istəyir ki, danışıqlarda onlar da iştirak etsinlər. Lakin görünür ki, bunu nə Tramp, nə də Putin istəyir. Onlar hər ikisi bu məsələni öz aralarında həll etmək istəyirlər".
Elşad Həsənov bildirib ki, Trampın hakimiyyətə gəlməsi müəyyən mənada dünyada gedən münaqişələrin yatırılmasına səbəb olacaq:
"Çünki Tramp biznesmendir, çox şeyə biznes tərəfindən yanaşır. Lakin onu da unutmalı deyilik ki, ABŞ-ni də idarə edən dərin dövlət, Konqres var, yəni Tramp da istədiyi hər şeyi etmək gücündə deyil. Əsas olan Trampın istəyi və onun komandasının aparacağı işlərdir.
Tramp hakimiyyətə gəldikdən sonra Putinlə telefon danışığı olacaq. Tez bir zamanda da onların görüşü baş tutacaq. Harada keçirilməsindən asılı olmayaraq, bu görüş olduqca vacibdir. Nə qədər insan itkisinin qarşısı alına bilər"
Politoloq qeyd edib ki, mayadək İranla bağlı mübahisəli məsələlər həll olunacaq.
"İsrail və ABŞ İranın nüvə silahı hazırlanan yeraltı obyektlərini raketlərlə vura, hərbi sənayesinə zərbələr endirə bilər. Lazım gəlsə, yerüstü hərbi əməliyyatlar da keçirilə bilər. Bu isə daha böyük faciələrə gətirib çıxara bilər. Düşünürəm ki, İran rəhbərliyi kompromisə gedib bu qarşıdurmanın qarşısını almalıdır. Onlar nüvə silahı hazırlamaq fikrindən vaz keçməlidirlər. Dünya birliyinin irəli sürdüyü sülh şəraitində yaşamağa davam etməlidirlər", - deyə E.Həsənov əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре