Azərbaycanda 15 ilə aid diplom məlumatlarının dürüstləşdirilməsi aparılır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən Elm və Təhsil Nazirliyi (ETN) və Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi məlumat bazaları əsasında məlumatların dürüstləşdirilməsi prosesi həyata keçirilib.

Day.Az bildirir ki, Trend bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu təşəbbüs, dövlət informasiya sistemlərindəki məlumat kirliliyinin aradan qaldırılması, rəqəmsal xidmətlərin dəqiqliyinin artırılması və vətəndaşlara daha etibarlı və düzgün təhsil məlumatlarının təqdim olunması məqsədini daşıyır. Rəqəmsal İnkişaf Konsepsiyasının Tədbirlər Planının 1.1.4-cü bəndinə uyğun olaraq, ilkin mərhələdə son 15 ilə aid diplom məlumatlarının dürüstləşdirilməsi istiqamətində İRİA-nın iştirakı ilə genişmiqyaslı texniki və analitik işlər həyata keçirilir.

Növbəti mərhələdə əsas hədəf bütün mövcud diplom məlumatlarının mərhələli şəkildə dürüstləşdirilməsidir ki, bu istiqamətdə də hazırda planlaşdırma işləri aparılır.

Dürüstləşdirmə prosesi - yəni dövlət qurumları tərəfindən saxlanılan məlumatların reallığa uyğunluğunun yoxlanılması, qeyri-dəqiq və ya təkrar məlumatların ayırd edilməsi və onların etibarlı mənbələrlə dəqiqləşdirilməsi - bu layihənin əsas hissəsidir.