Bakı-Quba magistralında yük avtomobilləri toqquşub

Bakı-Quba magistral avtomobil yolunda yük avtomobilləri toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata əsasən, "112" qaynar telefon xəttinə Bakı-Quba magistral avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Man" markalı yük avtomobilinin "Howa" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və "Man" markalı yük avtomobilindəki vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

 

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1977-ci il təvəllüdlü Abbasov Babək Şükür oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.