Avtomobilin ən bahalı ehtiyat hissəsi oğruların hədəfində

Əsasən ətraf mühitin qorunması baxımından avtomobilin katalizatoru çox vacib detaldır. Təəssüf ki, əksər hallarda avtomobil ölkəyə gətirilərkən və ya sonradan bu detal oğurlanır. Son günlər bu məsələ yenidən aktuallaşıb.

Day.Az xəbər verir ki, avtomobil ustası Cəlil Quliyev bildirir ki, katalizator bahalı ehtiyat hissəsidir. Onun tərkibində platinum kimi qiymətli və ağır metallar var. Bu metallar adi metallarla müqayisədə daha yüksək qiymətə malikdir. Hətta bəzi hallarda xammal kimi kilosu 100 manatdan yuxarı qiymətləndirilir. Platinum zərgərlikdə də istifadə olunan dəyərli metaldır. Lakin katalizatorun tərkibində bu metallar müəyyən miqdardadır.

Ustanın sözlərinə görə, bəzi hallarda katalizatoru ustalar səsboğucunu kəsərək içərisindən çıxarır, sonra isə yenidən qaynaq edib yerinə qoyurlar. Katalizatoru avtomobildə bərpa etmək isə kifayət qədər bahalıdır. İşlənmiş katalizatorun qiyməti təxminən 1000-1500 manat arasında dəyişir. Yenisi isə 5000-6000 manata qədər ola bilər. Bu səbəbdən katalizator ölçüsünə görə kiçik olsa da, avtomobildə ən bahalı ehtiyat hissələrindən biri sayılır. Hətta bəzi şəxslər onu ucuz qiymətə alıb daha baha qiymətə satmağa çalışırlar.

Bəzi hallarda katalizator sıradan çıxa bilər və bu, əsasən sürücünün səhvi ucbatından baş verir. Məsələn, avtomobil üçün 95 oktanlı benzin tövsiyə olunduğu halda 92 oktanlı və ya keyfiyyətsiz yanacaq istifadə edilərsə, eləcə də keyfiyyətsiz yağdan istifadə olunarsa və ya mühərrik yağ yandırarsa, katalizator zədələnə bilər.

Katalizatorun əsas funksiyası mühərrikdən çıxan zərərli qazları neytrallaşdırmaqdır. O, kimyəvi reaksiyanın sürətlənməsinə kömək edir və özü sərf olunmur. Mühərrikdən çıxan zəhərli qazları parçalayaraq onları daha az zərərli qazlara çevirir və ətraf mühitə buraxır.

Hazırda avtomobildən katalizatorun çıxarılmasına görə qanunvericilikdə xüsusi cərimə nəzərdə tutulmur. Lakin bu detalın əsas vəzifəsi ətraf mühiti qorumaq və havaya buraxılan zərərli qazların miqdarını azaltmaqdır.

Elcan Turan
Day.Az