Artıq alıcı kassada qəbzin verilməsini gözləməyəcək

Əlavə dəyər vergisini geri alma mexanizminin avtomatlaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kapital Bank və Paşa Bank açıq səhmdar cəmiyyətləri ilə birlikdə yeni sosial tərəfdaşlıq layihəsinin icrasına başlayır.

Day.Az xəbər verir ki, artıq vətəndaşlar bu banklara məxsus kart hesabları ilə alış-veriş etdikdə, məhsulların əlavə dəyər vergisi ödənilən kimi həmin məbləğin müəyyən hissəsi avtomatik olaraq şəxsin kart hesabına geri qaytarılacaq.

Rəsmi məlumata görə, mexanizmin avtomatlaşdırılması şəffaflığı artıracaq və vətəndaşlar üçün prosesi xeyli asanlaşdıracaq.

Layihənin məqsədi ƏDV geri alma mexanizmini vətəndaşlar üçün daha da sadələşdirmək və geri qaytarılan vəsaitlərin daha operativ şəkildə əldə olunmasını təmin etməkdir.

İqtisadçılar bildirir ki, əlavə dəyər vergisini geri alma layihəsi avtomatlaşdırıldıqdan sonra vətəndaşların mağazalarda kassirdən qəbz gözləməsinə ehtiyac qalmayacaq. Qəbzin oxudulması prosesində çətinlik çəkən yaşlı nəslin də işi asanlaşacaq.

Vətəndaşlar haqları olan əlavə dəyər vergisinin müəyyən hissəsini dərhal geri alma imkanı qazanacaqlar.

Beləliklə, bu sahədə müəyyən fırıldaqçılıq hallarının da qarşısı alınmış olacaq.

Elcan Turan
Day.Az