Ürək xərçəngi niyə nadirdir? Alimlər yeni səbəbi açıqladı

Yeni araşdırma göstərir ki, ürəyin fasiləsiz döyünməsi xərçəng şişlərinin inkişafını əngəlləyə bilər.

Day.Az xəbər verir ki, alimlər, daimi mexaniki gərginliyin xərçəng hüceyrələrində gen fəaliyyətini dəyişdirərək onların çoxalmasının qarşısını aldığını müəyyən ediblər.

Bu tapıntı uzun illərdir cavabı axtarılan sualı - ürək xərçənginin niyə nadir rast gəlinməsini - izah etməyə kömək edir.

Tədqiqat zamanı genetik dəyişdirilmiş siçanlar üzərində eksperiment aparılıb və insan xərçəng hüceyrələri ürək toxumasına yerləşdirilib. Müqayisələr göstərib ki, normal fəaliyyət göstərən, yəni davamlı "yüklənmə" altında olan ürəklərdə şişlərin böyüməsi xeyli zəifləyir. Əksinə, mexaniki stressə məruz qalmayan ürəklərdə xərçəng hüceyrələri daha sürətlə çoxalır.

Araşdırmada əsas rolun Nesprin-2 adlı zülala aid olduğu müəyyənləşdirilib. Bu zülal hüceyrələrə fiziki təsirləri hiss etməyə imkan verir və mexaniki stress altında şişlə bağlı genlərin aktivliyini azaldır. Alimlər hesab edir ki, bu kəşf gələcəkdə xərçəng müalicəsində yeni yanaşmaların - xüsusilə mexaniki təsirlərə əsaslanan terapiyaların - inkişafına yol aça bilər.