Məxfilik təhlükədə: Gizli dinləmə cihazları ilə bağlı XƏBƏRDARLIQ
Gizli dinləmə cihazlarının satışı və istifadəsi həm etik, həm də hüquqi baxımdan olduqca riskli bir sahədir.
Bunu Day.Az-a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib.
O, gizli dinləmə cihazların satışının yaratdığı risklər barədə fikirlərini səsləndirib.
Ekspert bildirib ki, bu cihazlar adətən məlumatın gizli şəkildə toplanması üçün nəzərdə tutulur.
"Lakin peşəkar fəaliyyət çərçivəsində onlardan yalnız qanunla icazə verilmiş xüsusi dövlət qurumları əməliyyat axtarış tədbirləri üçün istifadə edə bilər. Sıravi vətəndaşlar üçün bu növ texniki vasitələrdən kimisə gizlicə dinləmək məqsədilə istifadə edilməsi şəxsi həyatın toxunulmazlığının pozulması deməkdir və ciddi hüquqi məsuliyyət, hətta cinayət tərkibi yarada bilər", - o deyib.
E.Abbasov qeyd edib ki, təhlükəsizlik nöqteyi-nəzərindən bu cihazlar həm istifadə edən, həm də dinlənilən tərəf üçün təhlükə mənbəyidir.
"Çünki bir çox ucuz cihaz məlumatı şifrələnməmiş kanallarla ötürür və bu siqnallar asanlıqla kənar şəxslərin əlinə keçə bilər. Bu əşyaların əsasən təhlükəsizlik və ya nəzarət məqsədilə lazım olduğu iddia edilsə də, onların qeyri-qanuni dövriyyəsi və istifadəsi fərdlərin həm hüquqi statusunu, həm də rəqəmsal gizliliyini böyük risk altına qoyur. Şəxsi təhlükəsizliyi təmin etməyin ən doğru yolu bu cür qanunsuz texnoloji vasitələrdən uzaq durmaq və vacib məlumatları yalnız etibarlı, qorunan mühitlərdə paylaşmaqdır", - o vurğulayıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре