İctimai nəqliyyatda ödəniş paketlərinin nə zaman reallaşa biləcəyi ilə bağlı

Cəmiyyətdə daim gündəmdə olan mövzulardan biri də ölkəmizdə ictimai nəqliyyatın günlük, həftəlik və aylıq ödəniş paketləri ilə istifadəsidir.  

Day.Az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib ki, gündəlik və aylıq paketlərlə bağlı yeniliklərin və müəyyən endirim mexanizmlərinin tətbiqi mümkündür.

O, bildirib ki, bu məsələlər nağdsız ödəniş sistemlərinin tam formalaşması ilə öz həllini tapa bilər.

Gündəlik və aylıq paketlərlə bağlı müəyyən yeniliklərin və endirim imkanlarının tətbiqi gələcəkdə mümkün ola bilər. Nağdsız ödəniş sistemlərinin inkişafı və texnoloji həllərin genişlənməsi bu istiqamətdə yeni imkanlar yaradır. Ödəniş portallarının və sistemlərinin daha da təkmilləşdirilməsi nəticəsində sərnişinlər üçün daha rahat və çevik xidmətlərin təqdim olunacağı gözlənilir.

Hazırda həm BakıKart sistemi, həm də mobil tətbiqlər üzərində təkmilləşdirmə işləri davam etdirilir. İstifadəçilərin rahatlığını artırmaq, ödəniş proseslərini daha sürətli və əlçatan etmək üçün müxtəlif yeniliklər nəzərdən keçirilir", - o deyib.

Ekspert qeyd edib ki, əvvəlcədən ödəniş və müxtəlif tarif paketlərinin tətbiqi gələcəkdə nəqliyyat sisteminin daha səmərəli idarə olunmasına kömək edə bilər:

"Bunun üçün texniki imkanların genişləndirilməsi və istifadəçi təcrübəsinin daha da yaxşılaşdırılması istiqamətində işlər aparılır.

Ümumilikdə, rəqəmsal ödəniş sistemlərinin inkişafı ictimai nəqliyyatda daha rahat, müasir və istifadəçi yönümlü xidmətlərin formalaşmasına şərait yaradır. Vaxt keçdikcə bu sahədə həm texniki imkanların, həm də istifadə rahatlığının daha da artacağı gözlənilir", - deyə o sonlandırıb.

Nəsimi Ələsgərli