Məşhur aktyorun həyat yoldaşı: "Kinostudiyanın yanından keçəndə o tərəfə baxmıram" - FOTO

24 июня 2011 16:37 комментария

Day.Az представляет вниманию читателей интервью на азербайджанском языке.

 

Şahmar Ələkbərovun ömür-gün yoldaşı Kamilla Ələkbərovanın Milli.Az xəbər portalına eksklüziv müsahibəsi.

Fəaliyyəti səhnə, ya da ekranla bağlı olan teatr və ya kino xadimində mütləq hansısa cəhət çamır. Ya intellekti, erudisiyası, ya istedadı, ya bacarığı, ya da zamanın nəbzini tutaraq eyni zamanda həmişə aktual söz demək keyfiyyəti.

Teatr və kino aktyoru, kinorejissor, ssenarist Şahmar Ələkbərovda bunların hamısı cəmlənmişdi. Teatr və kino sənətimiz onun simasında hərtərəfli istedad və bacarıq sahibini, peşəkarı qazanmışdı. Yazıqlar bizə ki, tam sərf olunmadı bu qazanc. Amma elə sərf etməyə macal tapdığı potensialının bu hissəsinə görə də ona sonsuz minnətdarıq. Axı son nəticədə peşəkarlıq illərin təcrübəsi ilə ölçülmür. Teatrda aktyor kimi, kinoda, həm aktyor, həm rejissor, həm də ssenarist kimi zövq oxşamağı bacarmaqdan ötrü əsrin iki çərəyindən də az olan ömür payı kifayət imiş. Şübhə yoxdur ki, Şahmar Ələkbərov teatrda da çoxşaxəli fəaliyyətə imza ata bilərdi - aktyor kimi sözünü deyə-deyə səhnə əsərləri səviyyəsində olan tamaşalar hazırlaya, hətta öz teatrını yarada bilərdi. Necə ki ikicə ekran əsəri ilə - "Sahilsiz gecə" və "Qəzəlxan"la - öz kinosunu yaratdı.

Dosye: Şahmar Ələkbərov (1943-1992) Gəncədə anadan olub. Atası Zülfüqar kişinin əsli Cəbrayıldan, anası İzulət xanımın əsli Tiflisdəndi. Şahmarın 9 yaşı olanda ailə Gəncədən Bakıya köçüb. Şahmar Ələkbərov Teatr İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qəbul edilib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Milli Dram Teatrının repertuarını təşkil edən Azərbaycan və dünya ədəbiyyatının klassik və müasir əsərlərinin tamaşalarında müxtəlif xarakterli obrazlar canlandırıb.

Bundan sоnra məşhur sənətkar Adil İsgəndərov оnu kinоstudiyanın nəzdində özünün yaratdığı "kinо aktyоrluğu" studiyasına dəvət edib və Şahmar Ələkbərov "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi fəaliyyət göstərməyə başlayıb. "Dağlarda döyüş", "Həyat bizi sınayır", "Yeddi oğul istərəm", "Üzeyir ömrü", "Mən ki gözəl deyildim", "Qızılqaz", Qatır Məmməd", "Babək", "Arxadan vurulan zərbə", "Ötən ilin son gecəsi" və digər filmlərdə yaddaqalan obrazlar yaradıb. Rejissorluq fəaliyyətinə hələ 1970-ci illərdə başlamaq həvəsində olsa da, bu potensialını ilk dəfə 1987-ci ildə Gülbəniz Əzimzadə ilə birgə Anarın ssenarisi əsasında çəkdiyi "İmtahan" tammetrajlı bədii filmdə tətbiq etmək imkanı qazanıb. 1989-cu ildə isə Şahmar Ələkbərov böyük kinoda birinci müstəqil işini - psixoloji sosial dram janrının ən yaxşı nümunələrindən biri olan "Sahilsiz gecə" ekran əsərini (ssenari müəllifi Elçin) kinosevərlərə bəxş edir. 1991-ci ildə özünün ssenarisi üzrə çəkdiyi "Qəzəlxan" ikiseriyalı filmi ilə isə Şahmar Ələkbərov nəinki kino sənətinə, həmçinin ədəbiyyat tariximizə layiqli töhfəsini verdi.

Şahmar Ələkbərоv teleradiо sahəsində də fəal оlub. Radiоda ilk dəfə "Ulduz" prоqramının aparıcısı kimi çıxış edib, televiziya tamaşalarına çəkilib. "Mоlla Nəsrəddin" radiо verilişinin aparıcısı оlub. Sənətkarın fəaliyyətinin böyük bir hissəsi dublyaj və səsləndirmə işi ilə bağlı olub - "Azərbaycanfilm" kinostudiyasında çəkilən və dublyaj edilən müxtəlif xronometrajlı və janrlı filmlərin qəhrəmanları məhz onun səsi ilə danışır. Xalq artisti, dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci ildə uzun sürən ağır xəstəlik nəticəsində dünyasını dəyişib.

"Çox möhkəm iradəli adam idi"

- Şahmar uşaq vaxtdan erudisiyalı olub. Riyaziyyatı çox yaxşı bilirdi. Orta məktəbi 15 yaşında bitirib. Evdə deyib ki, sənədlərini universitetin şərqşünaslıq fakültəsinə verib. Anası biləndə ki, incəsənətə girib, çox hirslənib. İzulət xanım Azərbaycanda açılmış ilk pedaqoji texnikumun birinci məzunlarından idi. Şahmar isə Teatr İnstitutunda dərs deyəndə mənim də müəllimim olub.

- Deməli, tanışlığınız belə baş verib?

- Bəli. Mən teatrşünaslıqda oxuyurdum. "Azdrama"da Şahmarın da iştirak elədiyi tamaşalara gedib baxırdım. Tam rusdilli olduğum üçün o vaxtlar onun adı da dilimə yatmırdı, tərsinə deyirdim. Babam ərəbşünas idi, bir gün o, məni başa saldı ki, bu adın mənası nədi. Şahmar isə məni evlənəndən sonra "Kamilə" deyə çağırırdı. Mən də hirslənirdim, deyirdim ki, onda mən də səni "Şurik" deyə çağıracam.

Onun mənə ürəyini açıb evlənmək istəyini bildirməsini də qəribə qarşılamışdım. Yəqin ailənin tək qızı olduğum üçün, qardaşım xaricdə yaşayırdı, ərköyünlüyüm özünü göstərirmiş. Heç atamgil də razı deyildilər ki, aktyorla ailə qurum. Amma Şahmar geri çəkilmədi və nəhayət, dörd ildən sonra atamın razılığını aldı. Atamla isə sonralar çox dostlaşdılar. Şahmarın atasının əsli Qarabağdan, Cəbrayıldan idi. Mənim isə ana nənəm şuşalı idi. Elə nənəmin işə qarışmağı məsələnin həllinə müsbət təsir göstərdi. Şahmarı tanıdığım gündən həmişə görmüşəm ki, daim nə iləsə maraqlanır, dünyagörüşünü genişləndirməyi xoşlayırdı. Dil qavramaq qabiliyyəti də güclü idi. Tarixlə, müxtəlif dinlərlə maraqlanırdı. Ömrünün axırına qədər belə idi.

- Xəstəliyin onu necə əldən saldığını, gözəl səs tembrinin dəyişdiyini görmək tamaşaçıları üçün çox ağır idi. Özünün, ailə üzvlərinin nələr çəkdiyini təsəvvür etmək çətin deyil.

- Hə, düz yeddi il bu əzab-əziyyət davam etdi. Gecələr bir neçə dəfə oyanıb ağrılarının olub-olmadığını xəbər alırdım. Hər şey "Firəngiz" filminin çəkilişlərindən başlamışdı, daha doğrusu, ondan əvvəl stomatoloqda dili zədələnmişdi, çəkilişlərdə soyuqladığı üçün xoraya çevrilmişdi. Şahmar mürəkkəb müalicə terapiyalarına, xəstəliyinin fəsadlarına mətinliklə dözürdü. Çox möhkəm iradəli adam idi. 92-ci ilin qışında onu Hamburqa apardıq, orda dedilər ki, təbabət burda gücsüzdü.

Bakıya qayıdıb Şahmarı xəstəxanaya yerləşdirdik ki, ümidsiz olduğunu başa düşməsin. Mən də, İzulətlə Ləman da (əkiz qızları) gecə-gündüz yanında qaldıq. Qızlara onun ölümü elə pis təsir etmişdi ki, hətta sanki mənim sağ qalmağımı da qısqanırdılar. Onlar nəinki atalarını, ən yaxın dostlarını itirmişdilər. Həmişə mənə deyirlər ki, son yeddi ili Şahmarı yaşadan sən oldun. Amma məncə onu yaşadan güclü iradəsi, sənətinə olan sevgisi idi. Bütün o müalicə mərhələlərinə, ağrılara, üzüntülərə ona görə tab gətirirdi ki, hansısa bir yaradıcılıq işini tamamlaya bilsin.

"Teatrda dublyor olmaqdan bezmişdi"

- Elə "Qəzəlxan" filminin çəkilişləri də həmin dövrə təsadüf etmişdi. Amma bu, ona mane olmadı ki, yaradıcılığı çox zaman yalnız meyxana janrı ilə məhdudlaşdırılan Əliağa Vahidin əsl obrazını kino tarixində əbədiləşdirsin. Filmdə meyxana da öz üzvi yerini tapıb. Şahmar müəllim meyxana ilə əvvəldən maraqlanırdı?

- Yox, bu maraq onda son illərdə yaranmışdı. Hətta meyxana teatrı da yaratmaq istəyirdi. "Qəzəlxan" filmi onu çox yordu. Psixoloji məqamlar çoxdu orda. Ümumiyyətlə, Şahmar nahaq yerə kinoya keçdi. Onun xarici görünüşü, yaradıcı potensialı, səsi teatr üçün idi.

- Bəs niyə teatrı kinoya dəyişdi?

- Teatrda dublyor olmaqdan bezmişdi. Həmin vaxt da Ədil İsgəndərov "Azdrama"nın baş rejissoru vəzifəsindən kənarlaşdırılıb kinostudiyaya direktor təyin olunmuşdu. Bu situasiya Şahmarın qərarını tezləşdirdi. Ədil müəllimin təşkil etdiyi kinoaktyor studiyasının ən fəal üzvlərindən biri oldu.

- Bundan sonra daha teatr səhnəsinə çıxmadı?

- Yox.

- Özü istəmədi, ya təklif gəlmədi?

- Təklif gəlmədi. Kim təklif edəcəkdi ki? O illərdə teatrda əksər tamaşalar artıq bir aktyora köklənirdi.

"Ad günü" filmində baş rola dəvət olunmuşdu"

- Yaxşı ki, kinoda amplua çərçivəsinə salınmayıb. Demək olar ki, bütün rolları müsbət obrazlar olsa da, müxtəlif xarakterlərdi.

- Elədi. Yeganə mənfi rolu "Atları yəhərləyin" filmindəki İbrahimdi. Amma kinoda da aktyor kimi tam istifadə olunmadı. Məsələn, "Ad günü" filmində baş rola dəvət olunmuşdu, sınaq çəkilişlərində də iştirak etmişdi, amma nədənsə, Əli obrazı gürcü aktyoruna qismət oldu. Belə qəribə hallar ona çox pis təsir edirdi. Ona görə bu vaxta qədər kinostudiyanın yanından keçəndə o tərəfə baxmıram. O vaxt kino aktyoru deyəndə ilk növbədə gözəgəlimli xarici görünüş nəzərdə tutulurdu. Yəqin ki, bu amil öz rolunu oynayıb. İndi artıq kinorejissorlar bir az başqa cür baxırlar bu məsələyə. Şahmar isə o qədər də kinogenik deyildi. Həyatda qat-qat daha yaraşıqlı idi. Ona görə deyirəm ki, onun yeri teatr idi - o cür gözəl məxməri səs, o cür plastika ilə səhnədə daha çox iş görə bilərdi.

"Evə qayıdanda üzündə "pomada" izi olurdu"

- Çəkilişlərə siz də gedirdiniz?

- Cəmi iki dəfə onunla çəkilişlərə getmişəm. Bir dəfə ancaq mən getmişdim, ikimiz də xəstələnib qayıtdıq evə. O biri dəfə qızları da aparmışdıq, onda da onlar xəstələndilər. Həmişə çox istəyirdi ki, biz də onunla çəkilişlərə gedək, amma belə xəstələnəndən sonra olan-qalan həvəsim də keçib getmişdi. Çəkiliş qrupu ilə tək yola düşürdü.

- Görünür, həmişə tam etibar etmisiz ona...

- Bəli, qadınlarla münasibətinə aid heç vaxt heç bir şübhəm olmayıb. Baxmayaraq ki, hər kəs onu çox istəyirdi. Çox mülayim xasiyyəti var idi. Amma əgər kiminsə hansısa hərəkəti, ya sözü xoşuna gəlməsəydi, onunla ünsiyyətə son qoyurdu. Bu xasiyyəti İzulətlə Ləmana da keçib - onlar ataları ilə daha yaxın olublar, nəinki mənimlə. Yadımdadı, "Sahilsiz gecə"nin hər çəkilişindən sonra evə qayıdanda üzündə "pomada" izi olurdu. Soruşanda da deyirdi ki, neynim, studiyaya gələn kimi aktrisaların hamısı qucaqlayıb öpür.

"Türkmən aktrisası bizim aktrisalara təəccüblənmişdi"

- Bu film çox az nümayiş olundu. İndi də tamaşaçı üzünə həsrət qalıb. Cəmiyyətimiz hələ də belə mətləblərə hərtərəfli baxmağı öyrənməyib.

- Hə, təəssüf ki, belədi. Əksəriyyət "Sahilsiz gecə"də yalnız əxlaqsız qadınları gördü, onların gerçək həyatda da olduqlarını, belə halların səbəblərini isə görmək istəmədi. Yaradıcı heyətin üzvləri Şahmarı bu filmin müdafiəsində tək qoydular. Bəlkə də belə olmasaydı, indi o cür film rəfdə yatıb qalmazdı. Həmkarlarının Şahmarın xarakterinə bələd olmalarını bu filmin çəkilşlərində bir də gördüm. Şahmar Zibeydənin cavan vaxtını ifa eləməyi Mehriban Xanlarovaya həvalə etmək istıyəndə, Ənvər Əbluc ona dedi ki, o aktrisanı çəkmə, "Bircəciyim" filminə onu çəkəndə gördüm ki, necə intizamsızdı, hər çəkilişə gecikəcək, sən də əsəbiləşəcəksən.

Amma inanırsız, Mehriban bir dəfə də gecikmədi, ümumiyyətlə, aktyorların hamısı çəkilişlər qurtarana qədər nizam-intizama tam riayət etdilər. Şahmarın xasiyyətini bildikləri üçün istəmirdilər ki, aralarında narazılıq yaransın. Bu filmin mövzusuna qəribə münasibət hələ hazırlıq prosesindən başlamışdı - hər şey həm uğurlu gedirdi, həm də yox. Şahmar istəyirdi ki, Zibeydənin yaşlı vaxtını ya Leyla Bədirbəyli, ya da Nəcibə Məlikova canlandırsın. Amma heç biri razı olmadı.

Hətta onlara qəribə görünmüşdü ki, niyə belə rola dəvət olunurlar. Axırda Şahmar Türkmənistandan keçmişdə balerina olmuş bir xanımı (Oğuldurdu Məmmədquliyeva - red.) Bakıya dəvət etməli oldu. O da rolunun öhdəsindən çox yaxşı gəldi. Təəccüblənmişdi ki, azərbaycanlı aktrisalar bu cür maraqlı rola çəkilmək istəməyiblər. Filmin sonrakı taleyi Şahmara çox pis təsir etdi. Onun kino sahəsində həm aktyor kimi, həm də rejissor kimi necə sarsıntılar keçirdiyini xatırlamaq mənimçün çox ağırdı. Elə ona görə də nəvəm Şahmar Eyyub Yaqubovun klipində çəkiləndə dedim ki, gərək elə edim, bu uşaq taleyini kino ilə bağlamaq həvəsinə düşməsin...


Нажмите на фотографии для увеличения:


Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!

3комментария

  • Shahin

    24 июня 2011 23:36

    Allah qəni-qəni rəhmət eləsin! Şahmar Ələkbərov əsl Azərbaycan KİŞİSİ idi. Və Ruhu indinin özündə də bizimlədir, gedən cismidirse de Ruhu daim bizim aramizdadır. Salamlar olsun size Şahmar müəllim!

  • Аноним

    29 июня 2011 17:00

    Əvəz olunmaz aktyor...
    Heç kimə bənzəməyən səs tembri...
    Allah rəhmət eləsin!!!

  • baku.73

    29 августа 2013 12:46

    Allah rehmet elsin cox sevdiyim ve regbet beslediyim aktyorlarimizdan idi.