Mobil nömrə daşınması xidməti prosesi necə gedir?

Day.Az представляет новость на азербайджанском языке.

Fevralın 1-dən Azərbaycanda mobil nömrə daşınması xidməti fəaliyyətə başlayıb
 

"Media forum" saytı operator rəsmilərindən prosesin necə getdiyini soruşub.

"Bakcell"in korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib ki, şirkət ötən ilin avqust ayında mobil nömrə daşınmasını tətbiqinə başlayan ilk operator olub: "Lakin nömrə daşınmasını həyata keçirmək xidmətini digər mobil operatorlar da dəstəkləməli idi. Bu olmadan nömrə daşınmasını həyata keçirmək mümkün deyildi. Bu il fevralın 1-nə kimi "Bakcell" şəbəkəsinə keçmək istəyən abunəçilərin ilkin qeydiyyatı aparıldı. Xüsusilə fevralın 1-dən digər mobil operatorların abunəçilərinin "Bakcell" şəbəkəsinə böyük marağını hiss edirik. Öz nömrəsini "Bakcell" şəbəkəsinə daşıyan abunəçilərin sayı digər mobil operatorları seçən abunəçilərin sayından 2 dəfə çoxdur.

"Bakcell" şirkəti Azərbaycanın mobil rabitə bazarında abunəçilərə sərfəli qiymət və yüksək xidmət təklif edir. Şirkətin müxtəlif tarif planları və müvafiq kampaniyaları abunəçilərə çox sərfəli qiymətlərlə yüksək keyfiyyətli mobil rabitə xidmətlərindən yararlanmaq imkanı verir".

Süheylə Cəfərova əlavə edib ki, mobil nömrə daşınmasının tətbiqinə dair qaydalarda xidmətin həyata keçirilməsinin nə zaman mümkün olmaması ilə bağlı hallar (abunəçinin şəbəkəsindən çıxmaq istədiyi operatora borclu olması, təqdim olunan sənədlərin düzgün olmaması və sair) öz əksini tapıb: "Belə halları çıxmaq şərti ilə prosesin həyata keçirilməsi zamanı hər hansı kiçik uyğunsuzluqlar olduqda onları qısa zaman ərzində həll etmək mümkündür".

"Azerfon"un əməkdaşı Ceyhun Ələkbərov bildirib ki, nə qədər abonentin nömrəsini "NarMobail" operatoruna daşıması, nə qədər abonentin operatordan getməsi barədə konkret məlumatı yoxdur: "Ümumi götürəndə əmsal pozitivdir. Yəni mobil operatora gələnlərlə yanaşı gedənlər də var. Amma gələnlər daha çoxdur. Mobil nömrə daşıma statistikası dəyişkəndir. Həmçinin belə məlumatlar kommersiya xarakterli olduğu üçün açıqlanmır".

Ceyhun Ələkbərov qeyd edib ki, nömrə daşınması yeni başladığı üçün prosesin tariflərə necə təsir edəcəyini, nə kimi dəyişiklik olacağını indidən demək çətindir: "Amma hər halda proses bazara təsirini göstərir".

Şirkət əməkdaşının sözlərinə görə, "Azerfon" daşınma prosesində ciddi problemlərlə qarşılaşmayıb: "Xırda məsələlər olur, o da iş vaxtı öz həllini tapır".

"Azercell"in korporativ ünsiyyət şöbəsinin mətbuat katibi Nigar Şıxlinskaya bildirib ki, fevralın 1-dən bəri 1000-dən çox müştəri nömrəsini "Azercell Telekom"a daşımaq üçün müraciət edib: "Mobil rabitə xidmətlərinə görə "Azercell"in təqdim etdiyi tariflər abunəçilərin istək və ehtiyaclarını qarşılamaq üçün mütəmadi olaraq yenilənir. Təkcə ötən il ərzində 3-cü dəqiqədən sonra abunəçilərə pulsuz danışma imkanı verən "Bölgəm" tarifi üzrə endirim 50%-dən çox idi və bu səbəbdən tarifə 1 milyondan çox insan qoşulmuşdu.

Mobil nömrə daşınması sisteminin tətbiqi ərəfəsində və ondan sonra da biz abunəçilərimizə bir sıra güzəştli kampaniya və yeni tariflər təqdim etmişik. Bizim müxtəlif seqmentlər üçün faydalı tarif paketlərimiz mövcuddur - tələbələr, gənclər, dövlət işçiləri, jurnalistlər, müharibə veteranları, bölgə sakinləri və digər müştərilər öz tələbatlarına uyğun ən sərfəli tarifi seçə bilərlər.

"Azercell" mobil nömrə daşınması sisteminə həm texniki, həm də müştəri xidmətləri baxımından tam hazır vəziyyətdə başlayıb. Hazırda proses nəzərdə tutulan bütün proseduralara riayət etmək şərti ilə uğurla həyata keçirilir".

Milli.Az