Düşənbədə “Şaşmakom” festival-simpoziumu keçirilmişdir

Day.Az представляет новость на азербайджанском языке.


10-12 may 2013-cü il tarixlərində Düşənbədə ənənəvi "Şaşmakom" festival-simpoziumu keçirilmişdir. Festivalda Tacikistan, Azərbaycan, İran və Əfqanıstandan muğam ustaları iştirak etmişlər.

Tacikistanın möhtəşəm Sadraddin Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında təşkil olunan festival-simpoziumun açılışında Tacikistan Respublikasının Prezidenti Emomali Raxmon iştirak edərək iştirakçıları təbrik etmiş və onlara uğurlar diləmişdir.

Elmi simpoziumda Azərbaycan Milli Konservatoriyasının rektorunun müavini Akif Quliyevin məruzə ilə çıxışı musiqişünaslar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Azərbaycan muğam ifaçıları Vüsalə Musayeva və Hüseyn Məlikov, tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusifovun Sadraddin Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında, həmçinin, Tacikistan Milli Konservatoriyasının binasında təşkil olunan konsertdə çıxışları böyük maraqla və alqışlarla qarşılanmışdır.

12 may 2013-cü il tarixində festival-simpozium öz işini başa çatdırmışdır.

Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyinin təşəbbüsü və Tacikistan Mədəniyyət Nazirliyininin dəstəyi ilə Azərbaycan sənətkarları may ayının 15-də Xocənd şəhərində "Rudəki" sarayında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan möhtəşəm Azərbaycan-Tacikistan dostluq konserti proqramı ilə çıxış etmişlər.
Konsert ötən ilin oktyabr ayında Gəncə ilə Xocənd şəhərlərinin qardaşlaşması haqqında imzalanan "Qardaşlaşmış Şəhərlər" Memorandumuna uyğun olaraq keçirilən ilk mədəni tədbir olmuşdur.

Səfir Abbasəli Həsənov Xocənd şəhərində tədbirdə çıxış edərək qeyd etmişdir ki, belə bir elmi-mədəni tədbirlərin həyata keçirilməsinin Azərbaycan ilə Tacikistan arasında qarşılıqlı əməkdaşlığın inkişafında böyük rolu vardır.

Səfir qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev sovet dövründə Tacikistan üçün nəzərdə tutulan bir sıra layihələrin həyata keçirilməsinə imza atmışdır, bununla yanaşı müstəqil Azərbaycana rəhbərlik etdiyi vaxtlarda Tacikstanla münasibətlərin inkişafına xüsusi önəm vermişdir. Səfir bildirmişdir ki, musiqiçilərimizi buraya gətirən Tacikistana və Tacik xalqına, onun mədəniyyətinə və musiqisinə Azərbaycan xalqının dərin məhəbbətidir. Bu konsertdə iştirak, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərilən hörmət və rəğbətin göstəricisidir. Səfir bundan sonra da mədəni tədbirlərin davam etdiriləcəyini qeyd etmiş və bildirmişdir ki, bu ilin sentyabr-oktyabr aylarında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası Xocənd şəhərində səhnəyə qoyulacaqdır. Səfir A.Həsənov, həmçinin, 15 may beynəlxalq ailə günü ilə bağlı bütün iştirakçıları təbrik etmiş, hər kəsə mehribanlıq, firavanlıq və səadət arzulamışdır.