AMEA Naxçıvan Bölməsində “İrs” jurnalının baş redaktoru ilə görüş keçirilib - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

AMEA Naxçıvan Bölməsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan mətbu orqanlarından biri olan "İrs" jurnalının baş redaktoru Musa Mərcanlı ilə görüş keçirilib. Görüşdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev jurnalın beynəlxalq əhəmiyyətindən danışıb, bölmə əməkdaşlarının, eləcə də hər bir elm adamının jurnalla əməkdaşlığının vacibliyini vurğulayıb. Akademik qeyd edib ki, bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan xalqının tarixinin, milli-mənəvi irsinin təbliğində "İrs" jurnalı özünəməxsus rol oynayır. Jurnalın elmi-kütləvi səviyyəsinin qorunması, nəfis tərtibatında baş redaktor Musa Mərcanlının əməyi olduğunu xüsusi vurğulayan AMEA Naxçıvan Bölməsinin sədri hazırda "İrs"in türk, rus, ingilis, yapon dilləri də daxil olmaqla 12 dildə çap edilərək çoxsaylı oxucu kütləsinə təqdim olunduğunu deyib.

"İrs" jurnalının baş redaktoru Musa Mərcanlı öz növbəsində görüş iştirakçılarını salamlayaraq Naxçıvanda, regionun əsas elm mərkəzi sayılan AMEA Naxçıvan bölməsində olmaqdan məmnunluğunu ifadə edib. Bölmə əməkdaşları tərəfindən Naxçıvan tarixinin, mədəniyyətin, ədəbiyyatın, folklorun, təbii ehtiyatların öyrənilməsi istiqamətində aparılan fundamental tədqiqatların maraq doğurduğunu qeyd edən Musa Mərcanlı tədqiqatla yanaşı, təbliğatın da mühüm şərt olduğunu diqqətə çatdırıb. Bu mənada "İrs"in Naxçıvanda fəaliyyət göstərən alimlərin və tədqiqatçıların apardıqları çoxillik tədqiqatların dünyaya çatdırılmasında maraqlı olduğunu deyib.

Sonra bölmə əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb. Jurnala gələcək fəaliyyətində uğurlar arzulanıb.


Böyütmək üçün şəkillərə klikləyin.