"İstəyirsən düz sırı, istəyirsən əyri..." - FOTO

Day.Az представляет новость на азербайджанском языке.
Dolanışığı yorğan-döşək sırımaqdan çıxan xanımlar...
...Havanın çox isti olmasına rəğmən alnından tər axan 2 xanım həyətdə yorğan sırıyırdı. Onlara yaxınlaşaraq işləri, həyat şəraitləri ilə bağlı söhbət etdik. R.Rüstəmov küçəsi 50 ünvanında yerləşən binanın həyətində yaşayan bu xanımlar sifarişlə yorğan-döşək sırıdıqlarını bildirdilər.
Əslən Göyçə mahalından olan Sərfinaz xanım artıq 8 ildir ki, bu işlə məşğul olduğunu söylədi. Bir yorğanı sırımaq üçün 15, döşək üçün adətən 30 manat aldığını deyən müsahibimiz yay aylarında hər gün işlərinin olduğunu dedi: "Ərə gedən qızların cehizlərini çox vaxt sifariş edirlər. Biz də yavaş-yavaş düzəldirik. Əvvəllər evlər geniş olardı. Hər gəlinə 6 dəst yorğan-döşək verirdilər. İndi isə bu "kibrit qutusu"nun harasına o qədər yorğan-döşək yığsınlar?! İkincisi, bu evlər çox isti olur, bir yandan da palazın, döşəyin istisi. Ona görə də cehiz kimi bir taxt döşəyi, uzağı yanında da bir-iki adi döşək verirlər. Yorğan da ona uyğun".
Yorğanı müxtəlif cür naxışlarla sırıya bildiklərini deyən, Sərfinaz xanım və Mahizər xanım bu zaman qiymətlərdə fərq yarandığını dedilər: "Qabırğa, paxlava kimi sırıqlar bilirik. Amma müştərilər əsasən sadə sırığ istəyirlər".
Əvvəllər xalçaçılıqla məşğul olduğunu deyən Sərfinaz xanım 30 il bu işlə məşğul olub. O, həyat yoldaşı dünyasını dəyişəndən sonra yorğan-döşək sırımaqla məşğul olduğunu dedi.
5 övlad sahibi Sərfinaz xanım qızlarının üçündən heç birinə bu işi öyrətmədiyini dedi: "Nəylərinə lazımdır öyrənsinlər, istəsələr, mən onlara düzəldirəm".
"Beş-on il sonra sizlər də bu sənəti atandan sonra kim məşğul olacaq" sualını cavablandıran xanımlar belə dedilər: "Niyə öyrənmirlər, öyrənəcəklər. Bizi kimi pulsuz-parasızlar məcbur öyrənəcəklər".
Yun yuyulub hazır olandan sonra 1 yorğanın hazırlanması prosesinin təqribən 1 saat yarım çəkdiyini dedilər. Zəhmətkeş xanımlar bir günə 2-3 yorğan sırımaq imkanlarının olduqlarını bildirdilər.
Hazırda yunun 1 kiloqramının 5 manat olduğunu söyləyən Sərfinaz xanım 1 yorğanın xam malı daxil, əmək haqqı ilə birlikdə təxminən 30 manata başa gəldiyini söylədi.
İşlərində ən çox çətinliyin külək vaxtı yaşandığını bildirən xanımlar həmin zamanlarda zülmlə işlədiklərini dedilər: "Külək oldu, yunun dalınca qaçırıq. Əziyyətdir bütün".
Qızları və oğlanları evli olan Sərfinaz xanım hazırda tək yaşayır. Özü tək yaşamağı seçdiyini deyən müsahibimiz əslində, bu işi görməyə səhhətinin imkan vermədiyini dedi: "Başıma qan yaxşı işləmir, həkim deyib ki, çox da günün altında olmayım. Mənim də ürəyim evdə tək sıxılır.
Həm də buradan qazandığım pulla işıq, qaz pulumu verirəm, nəvələrimə pay alıram. Ayda da 140 manat pensiya alıram. Şükür, dolanıram".
Sərfinaz xanımgillə söhbətimiz vaxtı binanın sakinləri olan iki xanım da həyətdə idi.
"Mən öz evimin döşəyini sırıyıram" - deyən xanımlardan biri bu işin çətinliyindən danışdı. Söhbətə qoşulan Şəlalə xanım isə zarafatyana belə dedi: "Uşaq saxlamaq deyil ki, məsuliyyətin olsun. Yundur da. Səsi yox, səmiri yox. Yu, doldur mitilə. İstəyirsən, düz sırı, istəyirsən, əyri"...






Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре