Azərbaycanda böyük zoopark yaradılır

Day.Az представляет новость на азербайджанском языке.       

"Bakıda tikilməsi nəzərdə tutulan yeni Heyvanat Parkının layihə sənədləri çoxdan hazırlanıb".

Milli.Az bildirir ki, bu sözləri anspress-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. 

Onun sözlərinə görə, tikinti işlərinə hələ ki, başlanılmayıb: "İqtisadi cəhətdən imkan yaranan kimi layihənin icrasına başlanılacaq".

Nazirlik rəsmisinin sözlərinə görə, yeni zoopark Abşeron rayonunun Ceyranbatan qəsəbəsindədir. Yeni yaradılacaq zoopark 55 hektar ərazini əhatə edəcək. Park Bakıdan 25 km aralıda yerləşəcək.

İradə İbrahimova - ETSN-nin mətbuat xidmətinin rəhbəri

Bir müddət əvvəl mətbuatda yeni zooparkın 2016-cı ildə istifadəyə veriləcəyi barədə xəbər yayılmışdı. Prezident İlham Əliyev 2011-ci ildə Abşeron rayonunun ərazisində yeni zooparkın tikintisi üçün sərəncam imzalayıb. Əvvəllər parkın Qobu ərazisində salınması nəzərdə tutulurdu. Daha sonra həmin ərazinin iqlimi, coğrafi şəraiti, relyefi, infrastrukturu zooloji parkın salınması üçün əlverişsiz hesab olunduğundan parkın Abşeron rayonu ərazisində salınması təklif edilib.

Dünyada unikallığı ilə seçilən zooparklar fəaliyyət göstərir. İlk Heyvanat parkı İngiltərənin paytaxtı London şəhərində fəaliyyətə başlayıb. Frankfurt zooparkı isə nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması ilə dünyada şöhrət qazanıb. Hagenback Heyvanat Parkının ən maraqlı xüsusiyyəti isə qəfəs dəmiri və ya sim maneələrdən istifadə edilməməsidir. Heyvanlar onlar üçün qazılan çuxurlarda saxlanılır.

Hagenback Heyvanat Parkı

Məlumata görə, tikilməsi nəzərdə tutulan yeni Bakı Zooparkında heyvanların açıq ərazilərdə saxlanılması nəzərdə tutulur. Hazırda Bakıda fəaliyyət göstərən zoopark 2 yanvar 1942-ci ildə yaradılıb. Onun ərazisi 4,25 hektardır.