Siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik mövcuddur

Ölkəmizdə həyata keçirilən siyasi islahatlar, onların zamanın tələblərinə uyğun təkmilləşdirilməsi dayanıqlı inkişafı şərtləndirən əsas amillər sırasındandır. İqtisadi və siyasi islahatların vəhdətliyinin təmin olunması fonunda hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. Siyasi islahatların çox mühüm istiqamətlərindən biri kimi siyasi dialoq mühitinin formalaşdırılması da bu prosesə böyük dəstək olan əsas çağırışlar sırasında yer alır. Dövlətimizin başçısı İlham Əliyev ötən il altıncı çağırış Milli Məclisin ilk iclasında bu vacib məqama xüsusi diqqət yönəltmişdir ki, Azərbaycanda çoxpartiyalı parlament formalaşıb. Müxtəlif siyasi partiyalardan olan deputatlar parlamentin və komitələrin rəhbərliyində təmsil olunmaqla Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə, siyasi münasibətləri sağlam zəmin üzərində qurmağa töhfələrini verirlər. Prezident Administrasiyasında aparılan islahatlara uyğun olaraq yeni yaradılan strukturlar sırasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti də bu məqsədə xidmət edir. Şöbənin rəhbəri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri və nümayəndələri ilə keçirdiyi görüşlər, onlarla dövrün aktual məsələləri ətrafında fikir mübadiləsi aparması və müzakirələr nəticəsində ümumi mövqe nümayiş etdirilməsi də bu sahədə əldə olunan uğurlar sırasındadır. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti daim partiyalar arasında əməkdaşlığın genişləndirilməsində, siyasi dialoq mühitinin formalaşmasında maraqlı olub.

Bu fikirləri Trend-ə "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə cənab İlham Əliyevin bu çağırışını xüsusi diqqətə çatdırıb: "Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz." Bildirib ki, İkinci Qarabağ müharibəsi digər sahələrlə yanaşı, siyasi sistemdə təkmilləşmənin yol açdığı uğurların da təqdimatı oldu: "Ölkədə fəaliyyət göstərən 50 siyasi partiya dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini onun ətrafında sıx birləşmələri ilə təsdiqlədilər. Bu mühüm addımın davamı olaraq bu günlərdə Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 partiya öz müraciəti əsasında YAP-a qoşuldu. Bu, bir tərəfdən ölkəmizdə siyasi sistemin təkmilləşməsindən xəbər verirsə, digər tərəfdən Yeni Azərbaycan Partiyasına ümumxalq inamını və etimadını nümayiş etdirir. Bu kimi müsbət meyillərin güclənməsinə yönəlmiş addımların ardınca martın 10-da Milli Məclisdə "Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu" mövzusunda konfransın keçirilməsi də təqdir olunmalı məsələlər sırasındadır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərlərinin və nümayəndələrinin, həmçinin Milli Məclisin 80-dək deputatının iştirakı ilə baş tutan konfrans bir daha bu reallığı ortaya qoydu ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlıq mərhələsinin başlanmasını şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında mühüm rol oynayır. Məhz dialoq mühitinin yaranması nəticəsində siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşıb."

Baş redaktor onu da əlavə edib ki, bu kimi mühüm addımlardan dialoqdan kənarda olan partiyalar da ibrət götürməlidirlər: "Hər zaman radikal mövqeləri ilə diqqət çəkən, ölkəmizin uğurlarına qara eynəkdən baxmağa adətkar olan, siyasi dialoq prosesinə öz maraqlarını qəbul etdirmək kimi yanaşan ünsürlər son dövrlər siyasi partiyaların davamlı xarakter alan görüşlərindən də kənarda qalır, istər İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə ermənipərəst mövqeləri ilə cəmiyyətin nifrətini qazanırlar. Onlar üçün siyasi dialoqun təşkili köhnə vərdişlərinə və düşüncələrinə uyğun olaraq hakimiyyətin qarşısına hansısa absurd tələbin qoyulması və onu qəbul etdirmək niyyətlərinə çatmaq üçün bir vasitədir. Bu istəkləri baş tutmayanda daş atıb başlarını tuturlar ki, hakimiyyət dialoq tərəfdarı deyil. Bax, budur bu ünsürlərin demokratiya düşüncələri. Necə ki, illərdir müxalifətçilik anlayışının mahiyyətini dərk etmirlər, eləcə də siyasi dialoq məsələsi gündəmə gələndə, ona öz şəxsi və qrup maraqları prizmasından yanaşır, bu istiqamətdə rəy formalaşdırmağa cəhd edirlər. Unudurlar ki, fərziyyə reallıq deyil. Əgər bu gün biz dağıdıcıların əvvəlki təfəkkürlərinə istinad etsək görərik ki, bu ünsürlər hakimiyyətlə müxalifət arasında dialoqun təşkil edilməsi üçün bir qayda olaraq xarici himayədarlarından kömək istəyiblər. Burada da məqsəd bəlli idi: Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq, ölkəmizin demokratik imicinə zərbə vurmaq. Guya bu addımı xarici dəstəksiz atmaq mümkün deyildi. Azərbaycan hakimiyyətinin antimilli ünsürlərdən əsas tələbi hər zaman bu olub ki, daxili məsələlər ölkənin daxilində həll edilməlidir."

"Bugünkü hadisələr bir daha təsdiqləyir ki, antimilli ünsürlərin apardıqları təbliğatın əksinə olaraq ölkəmizdə demokratik mühit mövcuddur" deyən Vüqar Rəhimzadə vurğulayıb ki, bütün siyasi partiyalara fəaliyyətləri üçün normal şərait yaradılıb, onlar arasında əməkdaşlıq mühiti var, ölkənin inkişafı, ümummilli məsələlər üçün bir araya gəlmək imkanındadırlar: "Cənab İlham Əliyev YAP-ın VII qurultayında da bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmiş, təşəbbüsləri alqışlamış və artıq bu dialoq baş tutub. Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Antimilli ünsürlərlə heç vaxt bir masa arxasında otura bilmərik. Onlar satqın, xaindirlər. Bu gün antimilli şurada cəmləşən milli satqınlar şanlı Ordumuzun Qələbəsinə kölgə salmaq istəyirlər. Azərbaycan tarixində bəlkə də onlar kimi iyrənc insanlar olmayıb."

V.Rəhimzadə qeyd edib ki, bu gün bütövlükdə siyasi sistemdə əməkdaşlığın çərçivəsi genişlənir: "Hazırda Milli Məclisdə 9 siyasi partiya təmsil olunur. Artıq fəaliyyətə başlamasının bir ili tamam olan yeni tərkibli Milli Məclis siyasi islahatların yeni mərhələyə qədəm qoymasına öz töhfələrini verir. Siyasi dialoq mühitinin dərinləşdirilməsinə səylər göstərir. Bugünümüzün reallığı budur ki, siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik mövcuddur."