Mir Şahin Ağayev “New Media Hub” platformasında

"Davam" Gənclər Hərəkatı tərəfindən təsis edilən "New Media Hub" platforması çərçivəsində təlimlər davam edir. Növbəti təlim REAL TV-nin rəhbəri, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilən tanınmış jurnalist Mir Şahin Ağayev tərəfindən baş tutub.

Trend-in məlumatına görə, "Davam" Gənclər Hərəkatının mərkəzi ofisində keçirilən görüş zamanı Mir Şahin Ağayev "Qalib Azərbaycanın jurnalistika standartları" adlı mövzu ilə bağlı təlim keçib, öz təcrübəsini gənclərlə bölüşüb, onlara jurnalistika ilə bağlı bir sıra faydalı məsləhətlər verib. Diskussiya formatında davam edən səmimi söhbət əsnasında iştirakçıların mövzularla əlaqədar çoxsaylı sualları cavablandırılıb, fikirləri dinlənilib.

Qeyd edək ki, "New Media Hub" platforması "Davam" Gənclər Hərəkatının təşəbbüsü, "Trend" müstəqil informasiya agentliyi, "Yeni Müsavat" və "Teleqraf" media qruplarının tərəfdaşlığı ilə qurulub və gənc jurnalistlərin yetişdirilməsinə töhfə verməyi hədəfləyir. Platforma üç media qurumunun partnyorluğu ilə təsis olunmasına baxmayaraq, ilk gündən layihədə təmsil olunan tərəflər ölkənin digər media resurslarına bu prosesə qoşularaq gənclərin maarifləndirilməsinə və onların inkişafına töhfə verilməsinə çağırış edib.