Azad olunmuş ərazilərdə qan xidmətlərinin yerində təşkili üçün addımlar atılacaq - İcraçı Direktor - MÜSAHİBƏ - FOTO

İşğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun mərhələli şəkildə bərpası çərçivəsində, gələcəkdə qan xidmətlərinin yerində təşkili və davamlı təminatı məqsədilə müvafiq addımların atılması nəzərdə tutulur.
Day.Az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində Respublika Qan Bankının İcraçı Direktoru Elxan Nağıyev deyib.
"Hazırda işğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun mərhələli şəkildə bərpası çərçivəsində, gələcəkdə qan xidmətlərinin yerində təşkili və davamlı təminatı məqsədilə müvafiq addımların atılması nəzərdə tutulur. Eyni zamanda, hazırkı mərhələdə işğaldan azad olunmuş ərazilərdə qan və qan komponentlərinin təminatı Bərdə Qan Bankı tərəfindən həyata keçirilir, mövcud imkanlar çərçivəsində bu ehtiyacların qarşılanması təmin olunur", - o bildirib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Respublika Qan Bankında formalaşdırılmış qan ehtiyatları planlı əməliyyatları və gündəlik tibbi tələbatı qarşılamağa kifayət edir.
"Lakin ehtiyatlar dinamikdir və fövqəladə vəziyyətlər üçün daim yenilənməlidir. Tələbat pasiyentin vəziyyəti və tələb olunan komponentlərin növünə görə dəyişə bilər", - o bildirib.
E.Nağıyev qeyd edib ki, Səhiyyə Nazirliyi Respublika Qan Bankı ehtiyat fondunu donor aksiyaları, planlı qanvermə kampaniyaları və tibb müəssisələrinin tələbləri əsasında tənzimləyir.
"Qan və qan komponentlərinin hər birinin yararlılıq müddəti mövcuddur: məsələn, eritrosit kütləsi 35-42 gün, trombosit kütləsi 5-7 gün, plazma isə dondurulmuş halda 1 il və daha çox saxlanıla bilər. Bu səbəbdən ehtiyatlar mütəmadi olaraq yenilənir və dövriyyə prinsipinə uyğun idarə olunur", - o bildirib.
"Qan və qan komponentlərinə ehtiyac olduqda, ilk növbədə pasiyentin müalicə aldığı tibb müəssisəsi vasitəsilə müraciət edilməlidir. Müəssisə Respublika Qan Bankına rəsmi sorğu göndərir və tələbat mərkəzləşdirilmiş sistem üzrə qarşılanır. Sosial şəbəkələrdəki fərdi çağırışlar çox zaman koordinasiyasız olur. Belə hallarla qarşılaşmamaq üçün qan ehtiyatının düzgün planlaşdırılması və zamanında müraciət mexanizminə riayət olunması vacibdir", - İcraçı Direktor bildirib.
E.Nağıyev qeyd edib ki, qan toxumadır, ancaq tibb müəssisələrinin müraciəti əsasında verilir, xüsusi icazə və tibb işçisinin müşayiəti ilə tibb müəssisələrinə buraxılır: "Bir insana qan köçürməklə, hər hansı bir orqan köçürmək bir-birindən fərqlənmir. Hər ikisinin statusu eynidir".
"Hər il ölkə üzrə kifayət qədər könüllü ehtiyac əsasında qan verir. Verilən qanların təxminən 8-10%-i müxtəlif səbəblərə - məsələn, infeksion markerlərin pozitiv çıxması, hemoqlobin çatışmazlığı və ya digər tibbi göstəricilərə görə yararsız hesab olunur. Bu göstəricilər qan təhlükəsizliyinin təmin olunması üçün ciddi şəkildə nəzarətdə saxlanılır", - o bildirib.
Onun sözlərinə görə, infeksion markerlər və ya digər tibbi göstəricilər üzrə yararsız hesab edilən qan və qan komponentləri heç bir tibbi məqsədlə istifadə olunmur.
"Bu cür nümunələr Respublika Qan Bankı tərəfindən müvafiq qaydalara uyğun olaraq qeydiyyata alınır, təhlükəli tibbi tullantı kimi sənədləşdirilir və xüsusi lisenziyaya malik müəssisələr tərəfindən sanitariya-gigiyena tələblərinə uyğun şəkildə məhv edilir. Bu proseslər qan təhlükəsizliyinin təmin olunması məqsədilə ciddi nəzarət altında həyata keçirilir", - E.Nağıyev qeyd edib.
İcraçı Direktor bildirib ki, son illər ölkəmizdə qan donorluğunun inkişafı sahəsində mühüm irəliləyişlər müşahidə olunur.
"2023-cü ildə Bankın mərkəzi və 8 regional bölməsinə müraciət edən donorların sayı 93 min nəfər təşkil etmişdi. 2024-cü ildə isə bu göstərici əhəmiyyətli artım nümayiş etdirərək, 124 min 148 nəfərə çatıb. Qanvermə prosesi qanunvericiliyə uyğun olaraq könüllülük prinsipi əsasında təşkil edilir. Respublika Qan Bankı tərəfindən donorluğun təşviqi məqsədilə dövlət qurumlarında, özəl təşkilatlarda, ali təhsil müəssisələrində və tibb ocaqlarında mütəmadi olaraq maarifləndirici tədbirlər və qanvermə aksiyaları keçirilir. İctimaiyyətin bu aksiyalarda göstərdiyi fəal iştirak donor hərəkatının davamlı inkişafına güclü təkan verib", - o bildirib.
E.Nağıyev qeyd edib ki, hazırda Respublika Qan Bankı tədbirlər planı çərçivəsində fəaliyyətini sistemli şəkildə davam etdirir.
"Əsas məqsəd yalnız donor sayının artırılması deyil, eyni zamanda, qan donorluğunun cəmiyyət arasında sosial məsuliyyət və humanizm dəyəri kimi möhkəmləndirilməsidir. Donorluq təşəbbüslərinin uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun dəstəyi xüsusi əhəmiyyət daşıyır. Respublika Qan Bankı qarşıdakı illərdə donor bazasının daha da genişləndirilməsi, qan xidmətinin regionlarda gücləndirilməsi və müasir tələblərə cavab verən infrastrukturun inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi qarşısına əsas hədəf kimi qoyub. "Bir damla qan - bir ömür həyat" fəlsəfəsi ilə fəaliyyət göstərən Respublika Qan Bankı həyatın qorunması uğrunda ölkəmizin ən böyük könüllü hərəkatına liderlik edir", - İcraçı Direktor bildirib.
E.Nağıyev qeyd edib ki, regionlarda qan təminatı Səhiyyə Nazirliyi və Respublika Qan Bankı tərəfindən mütəmadi olaraq təşkil edilən donor aksiyaları və səyyar mobil xidmətlər vasitəsilə həyata keçirilir.
"Qan ehtiyatları hər bir regionda tibb müəssisələrinin tələblərinə uyğun olaraq toplanır və Respublika Qan Bankı tərəfindən müvafiq tibb müəssisələrinin ehtiyaclarının ödənilməsi məqsədilə təmin edilir. Bu proses koordinasiyalı və sistemli şəkildə həyata keçirilir", - o bildirib.
Onun sözlərinə görə, donor ola bilməyənlər infeksion xəstəliklərdən əziyyət çəkənlər (Hepatit, HIV, sifilis və s.), ürək-damar xəstəlikləri olanlar, hamilə və laktasiya dövründə olan qadınlar, son 6 ayda cərrahiyyə əməliyyatı keçirmiş şəxslər, bədən çəkisi 50 kq-dan az olanlar, 18 yaşından kiçik və 60 yaşından yuxarı olanlardır.
"Donorluqdan iki cür kənarlaşdırma var, daimi kənarlaşdırma və müvəqqəti kənarlaşdırma. Daimi kənarlaşdırma ondan ibarətdir ki, bir sıra infeksiyalar var ki, onu keçirən şəxslər hətta o infeksiyalardan sağaldıqdan sonra da donor ola bilməzlər. Amma elə formalar var ki, müvəqqəti kənarlaşdırmadır. O şəxslər müəyyən dövrdən sonra qan verə bilərlər. Hər bir insan donor olmamışdan əvvəl bizim həkimlərimiz tərəfindən müayinə olunur və anket sorğularından keçir. Nəticə imkan verirsə, xəstənin bir sıra həyat əlamətləri , təzyiqi, nəbzi, qanda hemoqlobinin miqdarı imkan verirsə, o şəxsdən qan götürə bilirik", - o bildirib.
E.Nağıyev qeyd edib ki, qan təminatı ödənişsizdir, donorlar qan vermək üçün heç bir ödəniş almır.
"Qan və qan komponentləri Respublika Qan Bankı tərəfindən toplanır və dövlət tibb müəssisələrinə ödənişsiz təmin edilir. Qeyd etdiyimiz kimi, qanvermə könüllülük prinsipi ilə həyata keçirilir. Nəzərə alsaq ki, qan süni şəkildə hazırlanmır. Qan bir sağlam şəxsdən alınır, tədarük olunur, komponentlərinə ayrılır, infeksiyalarına görə yoxlanılır və daha sonra digər ehtiyacı olanlara verilir. Elə pasiyentlər var ki, onların yaxınları qan verə bilmirlər, o insanlar da qan və qan kompanentləri ilə təmin olunurlar. Bunlar könüllülük prinsipi əsasında Respublika Qan Bankına yaxınlaşaraq qan verənlərin, eyni zamanda, bizim müxtəlif yerlərdə keçirdiyimiz aksiyalarda qan verənlərin hesabına təmin olunur. Gün ərzində Talassemiya Mərkəzinə 170-180 vahid qan komponentləri verilir. Bundan başqa, hemotoloji xəstəliklərdən əziyyət çəkənlər, müxtəlif vaxtlarda istər cərrahi əməliyyatlar zamanı, istər avtoqəzalar zamanı qan ehtiyacı olanlar davamlı və fasiləsiz qan komponentləri ilə təmin olunurlar", - o bildirib.
İcraçı Direktor xarici vətəndaşların qan təminatı məqsədilə müraciəti məsələsinə toxunaraq vurğulayıb ki, xarici vətəndaşlardan müraciət daxil olduqda, onun şəxsiyyət vəsiqəsi və ya pasportu, yaşadığı ölkənin sağlamlıq statusunu təsdiq edən sənəd, daimi yaşayış icazəsi tələb olunur: "Bu sənədlər tibbi yoxlamalar və digər prosedurlarla birgə xarici vətəndaşların qan tələbatını təmin etmək üçün vacibdir". Xarici vətəndaşlar arasında qan vermək üçün müraciət edənlərin olub-olmaması barədə danışan E.Nağıyev vurğulayıb ki, Azərbaycanda diplomatik korpusların nümayəndələri tez-tez bizə müraciət edirlər və yaxud biz onların yerləşdiyi diplomatik korpusun ərazisində qanvermə aksiyaları keçiririk.
Gələcək planlardan və hədəflərdən danışan İcraçı Direktor bildirib ki, Səhiyyə Nazirliyi Respublika Qan Bankının əsas hədəfi ölkə üzrə qan təminatını etibarlı, dayanıqlı və fasiləsiz şəkildə həyata keçirməklə yanaşı, könüllü donorluğun təşviqinə yönəlmiş fəaliyyəti gücləndirməkdir.
"Bu istiqamətdə biz qantoplama və idarəetmə sistemlərini müasir texnologiyalarla təchiz etməyi, regionlarda qan ehtiyatlarını artırmağı və yeni bölmələrin yaradılmasını planlaşdırırıq. Paralel olaraq, qan xidmətlərinin daha səmərəli və uzlaşdırılmış şəkildə həyata keçirilməsi üçün İcbari Tibbi Sığorta sistemi ilə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi də diqqət mərkəzimizdədir. Məqsədimiz təkcə qan təminatını təşkil etmək deyil, həm də hər bir həyatın xilasında yüksək keyfiyyətli və təhlükəsiz qan xidmətlərinin rolunu daha da artırmaqdır", - deyə E.Nağıyev əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре