Xarici ölkələrdə Azərbaycan məktəblərinin açılması nələr vəd edir?

Xəbər verdiyimiz kimi, İstanbulda Azərbaycan məktəbi açılacaq. Bu imkan iki qardaş ölkə arasında təhsil əməkdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Maraqlıdır, xarici ölkələrdə Azərbaycan məktəblərinin açılması nələr vəd edir?
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov Trend-ə bildirib ki, xaricdə Azərbaycan məktəblərinin açılması həm milli kimliyin qorunması, həm də dövlətin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi baxımından əhəmiyyətli strateji addımdır.
Onun sözlərinə görə, təhlil göstərir ki, diaspor uşaqlarının ana dilində və milli kurikuluma uyğun təhsil alması onların assimilyasiyadan qorunmasına, Azərbaycanla bağlarının güclənməsinə şərait yaradır:
""Təhsil haqqında" Qanunun 13-cü maddəsində dövlətin xaricdə yaşayan azərbaycanlıların təhsilinə dəstək verməsi xüsusi olaraq qeyd edilir və bu, hüquqi baxımdan layihənin legitimliyini təmin edir. Statistikaya əsasən, hazırda Azərbaycan diasporu 50-dən çox ölkədə fəaliyyət göstərir, təkcə Türkiyədə yüz minlərlə soydaşımız yaşayır və onların övladlarının Azərbaycan məktəbinə ehtiyacı getdikcə artır. Müsbət tərəflər ondan ibarətdir ki, belə məktəblər yalnız diaspor üçün deyil, həm də yerli ailələr üçün cəlbedici ola bilər. Əgər kurikulum həm Azərbaycan, həm də ev sahibi ölkənin təhsil standartlarına uyğunlaşdırılarsa, məktəb beynəlxalq proqramların da icrası ilə keyfiyyətli təhsil mərkəzinə çevrilə bilər. Bu zaman məzunlar həm Azərbaycanda, həm də həmin ölkədə ali təhsilini davam etdirmək imkanı əldə edəcəklər. Dünyada geniş təcrübə mövcuddur: Fransanın AEFE şəbəkəsi hazırda 139 ölkədə fəaliyyət göstərir və 392 mindən çox şagird təhsil alır, onların 60 faizi fransız mənşəli deyil. Türkiyənin Maarif məktəbləri də artıq 55 ölkədə on minlərlə şagirdi əhatə edir. Bu modellər göstərir ki, xaricdə məktəb açmaq həm mədəniyyətin ixracı, həm də dövlətin yumşaq gücünün gücləndirilməsi üçün təsirli alətdir. Azərbaycan da İstanbulda açacağı məktəblə regionda bu istiqamətdə yeni bir mərhələni başlada bilər".
Kamran Əsədov qeyd edib ki, mənfi tərəflərə gəlincə, burada bir sıra çətinliklər nəzərə alınmalıdır:
"Ən önəmli məsələ kurikulumun və diplomların tanınmasıdır. Türkiyədə təhsil müəssisələrinin fəaliyyəti 5580 saylı "Özel Öğretim Kurumları Kanunu" ilə tənzimlənir və buradakı Azərbaycan məktəbi də həmin qanuna tam uyğun olmalıdır. Əks halda, diplomların tanınmasında və şagirdlərin ali məktəblərə qəbulunda problemlər yarana bilər. Bundan başqa, müəllimlərin ikili sertifikatlaşdırılması, yəni həm Azərbaycan, həm də Türkiyə standartlarına uyğun olaraq işləyə bilməsi vacibdir. Bu sahədə də Elm və Təhsil Nazirliyinin rolu böyükdür, çünki o, həm tədrisin keyfiyyətinə, həm də beynəlxalq uyğunluğa cavabdeh olacaq. Nazirliyin son illərdə həyata keçirdiyi rəqəmsallaşma, sertifikasiya və beynəlxalq layihələrlə bağlı təcrübəsi bu məktəblərin uğurlu olacağına əminlik yaradır".
"Müqayisə edildikdə aydın görünür ki, bu layihə yalnız təhsil məsələsi deyil, həm də siyasi və mədəni diplomatiya alətidir. Əgər Fransanın və Almaniyanın məktəbləri öz dillərini, ədəbiyyatını və dəyərlərini dünyaya tanıdırlarsa, Azərbaycan məktəbləri də tariximizi, mədəniyyətimizi və dilimizi beynəlxalq səviyyədə təbliğ edə biləcək. Bu isə gələcəkdə iqtisadi, mədəni və siyasi əməkdaşlıqlar üçün yeni körpülər yaradacaq. Hesab edirəm ki, İstanbulda Azərbaycan məktəbinin açılması Elm və Təhsil Nazirliyinin müsbət təşəbbüsüdür və təhsil sahəsində atılan strateji addım kimi qiymətləndirilməlidir. Bu məktəblər milli kimliyin qorunması, diasporun möhkəmlənməsi və Azərbaycanın beynəlxalq təhsil məkanında mövqeyinin güclənməsi deməkdir. Düzgün hüquqi planlama, müəllimlərin hazırlanması, maliyyələşmənin şəffaf təşkili və kurikulumun uyğunlaşdırılması ilə bu təşəbbüs Azərbaycanın beynəlxalq təhsil brendinə çevrilə bilər. Nazirliyin bu prosesə rəhbərliyi və koordinasiya rolu xüsusi olaraq təqdir olunmalıdır, çünki bu layihə uzunmüddətli strateji perspektivdə dövlətin həm təhsil siyasətini, həm də beynəlxalq nüfuzunu gücləndirəcək",- deyə K.Əsədov əlavə vurğulayıb.
Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Trend-ə bildirib ki, xarici ölkələrdə Azərbaycan məktəblərinin açılması həm strateji, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır.
"İlk növbədə, bu addım xaricdə yaşayan soydaşlarımızın milli kimliyinin qorunmasına, onların övladlarının ana dilində keyfiyyətli təhsil almasına və Azərbaycan dəyərləri ilə böyüməsinə şərait yaradır. Bilirik ki, miqrasiya prosesləri nəticəsində on minlərlə azərbaycanlı ailə müxtəlif ölkələrdə məskunlaşıb. Valideynlərin ən böyük narahatlıqlarından biri də övladlarının həm müasir biliklərlə, həm də milli ruhla yetişməsidir. Azərbaycan məktəbləri bu ehtiyaca cavab verir, uşaqların doğma dilini, tarixini, ədəbiyyatını unutmasına imkan vermir. Bununla yanaşı, bu məktəblər sadəcə təhsil ocağı deyil, eyni zamanda mədəniyyət mərkəzi funksiyasını daşıyır. Belə ki, həmin ölkələrdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, musiqisinin və tarixinin təbliğinə xidmət edir. Bu isə öz növbəsində ölkəmizin dünyadakı humanitar mövqeyini gücləndirir, beynəlxalq mədəni diplomatiyamıza əlavə dəyər qatır. Xarici ölkələrin ictimaiyyəti üçün belə məktəblər Azərbaycanı yaxından tanımaq, ölkəmiz haqqında doğru informasiya əldə etmək baxımından önəmli platformadır",- deyə Ə.Həsənli əlavə edib.
Təhsil ekspertinin sözlərinə görə, digər mühüm məqam isə pedaqoji əməkdaşlıqla bağlıdır.
"Azərbaycan məktəbləri xaricdə fəaliyyət göstərərkən, həm yerli təhsil sisteminin təcrübəsini öyrənmək, həm də öz təhsil modelimizi təqdim etmək imkanı yaradır. Bu, müəllimlərimizin beynəlxalq pedaqoji mühitdə təmsil olunmasına, bilik və metodikaların mübadiləsinə şərait yaradır. Uzunmüddətli perspektivdə bu cür əməkdaşlıqlar ölkə daxilində təhsilin inkişafına da müsbət təsir göstərəcək.
Əlavə olaraq, bu məktəblərin açılması gələcəkdə Azərbaycan və həmin ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsi üçün mühüm baza formalaşdırır. Çünki burada təkcə azərbaycanlı uşaqlar deyil, yerli vətəndaşların övladları da təhsil ala biləcək. Bu isə Azərbaycanın beynəlxalq nüfuzuna, pozitiv imicinə mühüm töhfə deməkdir. Ümumilikdə desək, xaricdə Azərbaycan məktəblərinin yaradılması təkcə bir təhsil layihəsi deyil, milli kimlik, mədəni diplomatiya, beynəlxalq əməkdaşlıq və strateji inkişaf baxımından çoxşaxəli əhəmiyyət daşıyan tarixi bir addımdır",- deyə o fikirlərini tamamlayıb.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev İstanbulda Azərbaycan məktəbinin açılacağı ilə bağlı danışarkən deyib ki, Azərbaycan-Türkiyə təhsil əlaqələrinin genişlənməsi çərçivəsində İstanbulda fəaliyyət göstərəcək Azərbaycan məktəbi həm orada yaşayan soydaşlarımızın uşaqlarının ana dilində və milli ruhda təhsil almasına, həm də iki ölkə arasında təhsil əməkdaşlığının daha da güclənməsinə xidmət edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре