Azad edilmiş ərazilərin minalardan təmizlənməsinə daha 9,4 milyon manat ayrılıb

Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi işləri davam etdirilir.
Day.Az-ın məlumatına görə, bu işlərin davamı kimi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) daha bir neçə yerli və xarici şirkətlərə əməkdaşlığa başlayır.
Belə ki, azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi xidmətləri üzrə ANAMA ilə "Safe Point" Qapalı Səhmdar Cəmiyyəti (QSC), "Azerbaijan Demining Company" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və "Alphademining" MMC arasında müvafiq razılıq əldə edilib və müqavilələr bağlanılıb.
Məlumata əsasən, görüləcək işlərin ümumi dəyəri 9,4 milyon manat həcmindədir.
Qeyd edək ki, işlərin həvalə olunduğu hər üç şirkət 2021-ci ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 2 min manat olan "Safe Point" QSC-nin qanuni təmsilçisi Ömərov Vahid Cabir oğludur.
Nizamnamə kapitalı 100 manat olan "Azerbaijan Demining Company"nin MMC-nin qanuni təmsilçisi Məmmədov Kamran Nadir oğludur.
Nizamnamə kapitalı 100 manat olan "Alphademining" MMC-nin qanuni təmsilçisi Cəfərov Hüseyn İsa oğludur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре