27 sentyabr – Böyük Zəfərə aparan yol

Müəllif: Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
44 günlük Vətən müharibəsində əldə edilən Zəfərə aparan yol 27 sentyabr 2020-ci il tarixindən başlayaraq, nəticə etibarı ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına gətirib çıxarmışdır.
Dövlətimiz 30 ilə yaxın bir müddətdə tarixə qovuşan silahlı münaqişəni diplomatik dinc yollarla danışıqlar masası arxasında həll etməyə çalışırdı. Lakin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin yalnız kağız üzərində qalması, ATƏT-in Minsk Qrupunun fəaliyyət qabiliyyətsizliyini nümayiş etdirməsi, Ermənistanın nizamlama prosesində destruktiv mövqe tutması əyani şəkildə göstərirdi ki, beynəlxalq hüququ bərpa etmək üçün danışıqlar yolu və "beynəlxalq vasitəçilərin səyləri" yetərli deyil.
Təcavüzkar Ermənistanın ardı-arası kəsilməyən təxribatları fonunda irimiqyaslı əks-hücum tədbirlərini həyata keçirən qəhrəman Ordumuz noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffrər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hazırlanan strategiyanın Silahlı Qüvvələrimiz tərəfindən parlaq formada həyata keçirilməsinin nəticəsində beynəlxalq hüquq və beynəlxalq ədalət hərbi-siyasi yolla bərpa edildi.
Dövlət Başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olmuşdur. 27 sentyabr tarixi xalqımızın qəhrəmanlıq əzmini, əsgər və zabitlərimizin hücaətini əks etdirərək, milli iradənin təntənəsi kimi əbədi olaraq yaddaşlarda qalacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре