Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir

Oktyabrın 10-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məhkəmə prosesində cinayət hadisələrinə dair ümumi faktlar və dövlət qurumlarından Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə hücumları nəticəsində həlak olmuş, itkin düşmüş şəxslərlə, habelə inzibati binalara, yaşayış evlərinə, ekologiyaya, dini və mədəniyyət abidələrinə və s. dəymiş ziyanla bağlı daxil olmuş statistik məlumatlar açıqlanıb.

Elan olunan sənədlərə Azərbaycanın müxtəlif nazirik, komitə, agentlik, rayon və şəhər icra hakimiyyətlərindən və sair qurumlarından daxil olmuş məlumatlar daxildir.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.