Bakı və Abşeronda məcburi köçürmələr gözlənilir

Xəbər verdiyimiz kimi, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərində məcburi köçürmələrin həyata keçiriləcəyini açıqlayıb.

O bu barədə su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə danışıb.

Sədr bildirib ki, su, yağış və tullantı sistemlərinin mühafizə zonaları üzrə inventarlaşdırmanın aparılması, həmçinin müvafiq qurumlarla birgə normativ hüquqi aktların tələblərinə uyğun olaraq mühafizə zonalarının fəaliyyətinə dair tədbirlərin görülməsi zəruridir.

"Nazirlər Kabinetinə siyahı təqdim edilməklə bir çox yerlərdə məcburi köçürmələr olacaq. Çünki dediyimiz kimi, bəzi magistral kanallara əlçatanlığımız olmadığı üçün bəzi yerlərdə bu köçürmələrə də ehtiyac olacaq".

İclasda məcburi köçürmələrin Bakı və Abşeron yarımadasında aparılacağı qeyd olunsa da, konkret ərazilər və rayonlar açıqlanmayıb.

Bəs, məcburi köcürmələr konkret hansı ərazilərə həyata keçirilə bilər?

"MBA Consulting Group" şirkətinin rəhbəri, əmlak eksperti Faiq İbrahimov Day.Az-a açıqlamasında bildirib ki, Bakı və Abşeron yarımadasında su, yağış və tullantı sistemlərinin mühafizə zonalarında yerləşən evlərin və binaların məcburi köçürülməsi ilə bağlı proses artıq texniki yoxlamalar və real mərhələyə keçid edib.

"Məsələ cəmiyyət üçün son dərəcə həssasdır və bu səbəbdən daha detallı və ünvanlı məlumatların verilməsinə ciddi ehtiyac var. Hazırda ictimaiyyətə təqdim olunan məlumatlarda yalnız "Bakı və Abşeron yarımadası" ifadəsinin işlədilməsi informativ baxımdan kifayət deyil. Konkret qəsəbə, yaşayış massivi və küçə adlarının açıqlanmaması vətəndaşlarda qeyri-müəyyənlik yaradır. Xüsusilə risk zonalarında yaşayan insanlar üçün bu məsələ təkcə yaşayış yeri deyil, həm də mülkiyyət hüquqları, kompensasiya və sosial təminat məsələləri ilə birbaşa bağlıdır. Mövcud şəhərsalma mənzərəsi və hidromeliorasiya infrastrukturu göstərir ki, köçürülmə ehtimalı daha çox su, yağış və kanalizasiya kollektorlarının üzərində və ya onların mühafizə zolaqlarında inşa edilmiş tikililərə aiddir. O bildirib ki, bu tip ərazilər uzun illər ərzində plansız və nəzarətsiz tikinti nəticəsində formalaşıb və hazırda həm texniki təhlükəsizlik, həm də ekoloji baxımdan ciddi risklər yaradır."

Ekspert qeyd edib ki, Bakı şəhəri üzrə risk qrupuna daxil olan əsas ərazilər Binəqədi, Sabunçu və Suraxanı rayonlarıdır: "Binəqədi rayonunda köhnə fərdi yaşayış evlərinin cəmləşdiyi bir sıra massivlər birbaşa kanalizasiya və yağış suları xətlərinin üzərində yerləşir və hər il intensiv yağıntılar zamanı sel təhlükəsi ilə üzləşir. Sabunçu rayonunda isə xüsusilə Zabrat, Ramana və Savalan yaşayış massivlərində illərdir açıq kanalizasiya xətləri, köhnə kollektor sistemləri və mühafizə zolaqlarının zəbt edilməsi müşahidə olunur. Suraxanı rayonu üzrə Hövsan, Bülbülə və Əmircan qəsəbələrinin aşağı relyefli hissələri də yüksək risk zonasına daxildir. Bu ərazilərdə tullantı sularının axını, dənizə və ya açıq sahələrə yönləndirilməsi ciddi ekoloji problemlər yaradır və dövlət üçün uzunmüddətli təhlükəsizlik riski formalaşdırır. Bu baxımdan həmin ərazilərdə yerləşən tikililərin köçürülməsi texniki və ekoloji cəhətdən əsaslandırıla bilər.

Abşeron rayonu üzrə də riskli zonalara toxunan müsahibimiz vurğulayıb ki, Masazır qəsəbəsi xüsusilə diqqət mərkəzindədir: "Masazır gölü ətrafında salınmış yaşayış massivləri həm təbii su axınlarının qarşısını alır, həm də kanalizasiya sisteminin yükünü artırır. Xırdalan və Mehdiabad qəsəbələrinin bəzi köhnə yaşayış hissələrində də oxşar problemlər mövcuddur və bu ərazilər selektiv köçürülmə siyahısına düşə bilər. Abşeron yarımadasının sahilboyu zonalarındakı ərazilərdə, Pirşağı, Bilgəh və Novxanı istiqamətlərində mümkün köçürmələr daha çox ekoloji təhlükəsizlik və dənizin çirklənməsinin qarşısının alınması məqsədi daşıya bilər. Bu ərazilərdə tullantı sularının birbaşa dənizə axıdılması beynəlxalq ekoloji öhdəliklər baxımından da problem yaradır.

Əmlak eksperti planlaşdırılan köçürülmə prosesi kütləvi xarakter daşımayacağını və bütöv qəsəbələrin boşaldılmasının nəzərdə tutulmadığını söyləyib: "Söhbət konkret kollektor xətlərinin, mühafizə zonalarının və təhlükəsizlik tələblərinə cavab verməyən tikililərin mərhələli şəkildə köçürülməsindən gedir. Sənədləri qaydasında olan evlər üçün kompensasiya mexanizmlərinin tətbiqi qaçılmazdır və bu, prosesin sosial baxımdan qəbul olunması üçün əsas şərtdir. Sənədsiz tikililərlə bağlı vəziyyət daha mürəkkəbdir və bu məsələdə aiddiyatı qurumlar ayrıca hüquqi və sosial mexanizmlər müəyyənləşdirməlidir. Kompensasiya, alternativ yaşayış sahələrinin təklifi və ya mərhələli köçürmə modelləri açıqlanmalıdır."

Faiq İbrahimov əlavə edib ki, Nazirlər Kabineti tərəfindən qərar qəbul edildikdən dərhal sonra konkret ərazilərin açıq, detallı və xəritə üzərindən təqdim edilməsi nəzərdə tutulur: "Şəffaflıq və açıq kommunikasiya həm sosial gərginliyin qarşısını alacaq, həm də dövlət-vətəndaş münasibətlərində etimadı gücləndirəcək."

Elvin Səxavətoğlu
Day.Az