Qeyri-sabit bazar şəraitində Azərbaycan qazı stabilləşdirici funksiya yerinə yetirir

Qeyri-sabit bazar şəraitində Azərbaycan qazı sabitləşdirici funksiya yerinə yetirir.

Day.Az xəbər verir ki, bu barədə Bolqarıstanın Energetika Nazirliyinin məlumatında qeyd olunur.

Qurumdan bildirilib ki, hazırda Bolqarıstanda təbii qaz istehlakının təxminən 40 faizi 25 illik müqavilə əsasında Azərbaycan tərəfindən təmin olunur.

"Bu saziş tədarüklərin proqnozlaşdırıla bilən olmasını, etibarlılığını və Avropada ən rəqabətə davamlı qiymət şərtlərindən birini təmin edir. Qeyri-sabit bazarlar dövründə Azərbaycan qazı sabitləşdirici rol oynayır - tədarüklər fasiləsiz həyata keçirilir, müqavilə parametrləri isə kəskin qiymət dəyişkənliklərinin təsirini məhdudlaşdırır. Bu isə biznes və ev təsərrüfatları üzərində təzyiqin azalması, iqtisadiyyatın dayanıqlılığının artması və Bolqarıstan sənayesinin rəqabət qabiliyyətinin qorunması deməkdir", - nazirlikdən bildirilib.

Bolqarıstanın Energetika Nazirliyindən qeyd olunub ki, 2022-ci ilin oktyabrında Yunanıstan-Bolqarıstan interkonnektorunun istismara verilməsi ilə ölkə Xəzər regionunu Avropa bazarları ilə birləşdirən Cənub Qaz Dəhlizi infrastrukturunun ayrılmaz hissəsinə çevrilib.

 

"Bağlantılılıq böhran şəraitində çeviklik, müxtəlif mənbələrə çıxış və tranzit potensialından daha səmərəli istifadə imkanı yaradır. Bolqarıstan üçün bu, yalnız etibarlı tədarüklər deyil, həm də regionda qaz axınlarının idarə olunmasında fəal rol deməkdir", - deyə Energetika Nazirliyində bildirilib.

Qurumun məlumatında həmçinin Bolqarıstanın energetika naziri vəzifəsini icra edən Trayço Traykovun Bakıda keçirilən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü nazirlər iclası zamanı səsləndirdiyi fikirlər də yer alıb.

"Davam edən enerji sarsıntıları, yüksək birja qiymətləri və geosiyasi qeyri-müəyyənlik şəraitində Cənub Qaz Dəhlizi Bolqarıstan və Cənub-Şərqi Avropa üçün sabitliyin əsas amilidir", - deyə o bildirib.

Traykov vurğulayıb ki, regional qaz infrastrukturunun inkişafı və Bolqarıstanın Azərbaycanla təbii qaz tədarükü üzrə uzunmüddətli tərəfdaşlığı enerji təhlükəsizliyinin artırılması, mənbə və marşrutların şaxələndirilməsi baxımından mühüm şərtlərdir.

"İndiki kimi böhranlar zamanı strateji tərəfdaşlıqlar öz real dəyərini nümayiş etdirir. Azərbaycan etibarlı uzunmüddətli tərəfdaş və enerji sabitliyimizin dayağıdır", - deyə nazir vurğulayıb.