Yeni araşdırma: Balıq yağı bəzi hallarda beyinə zərər verə bilər

Son tədqiqatlar göstərir ki, uzun müddət faydalı hesab edilən balıq yağı müəyyən şərtlər altında beynin bərpasına mənfi təsir göstərə bilər.

Day.Az xəbər verir ki, Medical University of South Carolina alimləri balıq yağında olan əsas omeqa-3 turşularından biri - Eicosapentaenoic acid-in (EPA) təkrarlanan yüngül baş zədələri zamanı beynin özünü bərpa etmə prosesini zəiflədə biləcəyini müəyyən ediblər.

Araşdırma zamanı məlum olub ki, bütün omeqa-3 yağ turşuları eyni təsirə malik deyil. Məsələn, Docosahexaenoic acid (DHA) beyin hüceyrələri üçün faydalı sayıldığı halda, EPA qan damarlarının sabitliyini zəiflədə, bərpa siqnallarını poza və hətta idrak problemləri ilə əlaqəli zülalların yığılmasını təşviq edə bilər. Siçanlar üzərində aparılan təcrübələrdə uzunmüddətli balıq yağı qəbulu nevroloji funksiyaların pisləşməsi ilə əlaqələndirilib.

Bununla belə, alimlər vurğulayır ki, bu nəticələr balıq yağından tam imtina üçün əsas deyil. Tədqiqat göstərir ki, bu cür əlavələrin təsiri kontekstdən, yəni orqanizmin vəziyyətindən və istifadə şəraitindən asılıdır. Ona görə də mütəxəssislər belə məhsullardan istifadə edərkən fərdi yanaşmanın vacibliyini qeyd edirlər.