Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
Yay mövsümünün başlaması ilə Azərbaycanın turizm bölgələrinə üz tutan ailələrin sayı artır. Lakin istirahət planlaşdıran vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də xərclərin həcmi ilə bağlıdır.
Day.Az xəbər verir ki, Milli.Az-ın araşdırmasına görə, 4 nəfərlik ailənin (2 böyük, 2 uşaq) Quba, Qəbələ, Şəki, İsmayıllı və Qax kimi turizm rayonlarında 2 günlük istirahəti orta hesabla 400-1200 AZN arasında dəyişir.
Xərclərin əsas hissəsini yerləşdirmə təşkil edir. Bölgələrdə ailə otağı təklif edən hotellərdə bir gecəlik qiymətlər adətən 100-300 AZN arasında dəyişir. Bu isə 2 gecəlik qalma üçün 200-600 AZN xərc deməkdir. Kirayə evlərdə isə qiymətlər nisbətən münasibdir. Ailələrin qala biləcəyi evlərin gündəlik kirayə haqqı əsasən 50-200 AZN arasında dəyişir. Daha komfortlu, hovuzlu villa və kotteclərdə isə qiymətlər 250-500 AZN və daha yüksək ola bilir.
Qidalanma xərcləri də büdcədə mühüm yer tutur. Restoranlarda qidalanan ailələr üçün 2 günlük yemək xərci təxminən 100-250 AZN təşkil edir. Kirayə evdə qalan və yeməyi özləri hazırlayan ailələr isə ərzaq üçün orta hesabla 50-100 AZN xərcləyirlər.
Nəqliyyat üçün şəxsi avtomobildən istifadə edən ailələr yanacaq və digər xərclərə görə 50-150 AZN ödəməli olurlar. Bundan əlavə, kanat yolu, əyləncə mərkəzləri, attraksionlar və digər istirahət xidmətləri üçün 50-200 AZN arasında əlavə xərc tələb oluna bilər.
Beləliklə, bölgələrdə kirayə ev seçən ailələr üçün 2 günlük istirahət təxminən 250-500 AZN-ə, hotel seçənlər üçün isə 400-1200 AZN-ə və ya daha artıq məbləğə başa gələ bilər. Məhz bu səbəbdən son illər bir çox ailə daxili turizmlə yanaşı, xarici istiqamətlərdəki tur paketlərini də müqayisə edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре